Vergi islahatları iqtisadi fəallığa müsbət təsir göstərir
Millət vəkili Əli Məsimli oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə müzakirə edilən məsələlər barədə fikirlərini bölüşərək bildirib ki, bu il ölkədə vergi islahatları sahəsində ciddi addımlar atılıb. Ə.Məsimili Prezidentin vergi ilə bağlı məsələrə toxunarkən üç məqamı xüsusi vurğuladığını qeyd edib: birincisi, islahatların ilkin nəticələri olaraq vergilərdən büdcəyə əlavə vəsaitin daxil olmağa başlaması; ikincisi, bir sıra özəl şirkətlərin vergiləri hələ də tam həcmdə ödəməməsi və ikili mühasibat saxlaması; üçüncüsü, vergini ödəməyənlərin cinayət məsuliyyətinə cəlb edilməsi mesajı.
Millət vəkilinin sözlərinə görə, 2019-cu ilin vergi siyasətində əsas prioritet muzdlu işçilərin gəlirləri ilə bağlı islahatların gerçəkləşdirilməsidir. Bu islahata əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlar dövlətdən güzəştlər alır. Digər tərəfdən, kifayət qədər işçini "kölgə"dən çıxarmaq üçün işçi və işəgötürəndən məcburi sosial sığorta üzrə tutulan haqlar arasındakı nisbət dəyişilib. Dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu ildən qeyri-neft və qeyri-dövlət sektorlarında çalışanlar yeddi il müddətinə 14 faizlik gəlir vergisindən azad edilib.
Ə.Məsimli dəyişikliyin yalnız bu sektorlarda çalışan, aylıq məvacibləri 8 min manatdan az olan şəxslərə şamil olunmadığına diqqəti yönəldib.Vergi sahəsində həyata keçirilən islahatların iqtisadi fəallığa müsbət təsir göstərdiyini deyən millət vəkili şəffaflıq və hesabatlılığın genişləndirildiyini vurğulayb: "Bu addımlar həm də xeyli işçini "kölgə"dən çıxarıb. "Kölgə iqtisadiyyatı"nın leqallaşdırılması, mümkün olan hissəsinin "ağardılmağa" başlanılması büdcəyə yüz milyonlarla manat əlavə vəsaitin daxil olmasına gətirib çıxarıb. Nəticədə, gömrük və vergi orqanları bu ilin 9 ayında büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu sahədə potensial imkanlar hələ çoxdur".
Ə.Məsimli qeyd edib ki, ümumi sosial sığorta yığımlarında da 22,5 faiz artım olub ki, bu həm Dövlət Sosial Müdafiə Fondunun müstəqilliyini artırır, həm də yüz milyon manatlarla ölçülən büdcə vəsaitinə qənat edib, birbaşa digər sosial problemlərin həllinə daha çox vəsait ayrılmasına şərait yaradır.
Millət vəkili müşavirədə vergidən yayınmalarla bağlı səslənən fikirlərlə bağlı qeyd edib ki, bir sıra özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır: "Fikrimizcə, heç bir şirkət qanundan yuxarıda durmamalı, qanunvericilikdə müəyyən olunan qaydada vergi verməlidir. Vergidən yayınmaq - elmə, təhsilə, səhiyyəyə və digər sosial layihələrə, məcburi köçkünlərin mənzillə təminatının yaxşılaşdırılmasına, ordumuzun gücləndirilməsinə yetərincə maliyyə ayrılmasına mane olmaq, bunu istəməkdir. Bu baxımdan bir sıra şirkətlərin nəyəsə arxayın olub vergi verməməsi çox ciddi bir cinayətdir.Ona görə də müşavirədə deyildiyi kimi, vergini ödəməyənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".