26 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatında uçot və onun əhəmiyyəti

Vergi sistemində aparılan islahatların əhatə etdiyi məsələlər arasında sahibkarlıq və təsərrüfat subyektlərində maliyyə hesabatlılığının düzgün qurulması və uçotun təşkili xüsusi yer tutur. Uçotun düzgün təşkil olunmaması vergi ödəyiciləri tərəfindən ikili mühasibat əməliyyatlarının aparılmasına, dövriyyələrin gizlədilməsinə səbəb olur. İqtisadçı ekspert Rəşad Əliyev mövzuya münasibət bildirərək qeyd edib ki, kənd təsərrüfatı sektorunda uçotun vəziyyətinin düzəldilməsi istiqamətində son zamanlar müəyyən irəliləyişlər hiss olunur.

Uçotun səviyyəsi

Əvvəllər iri kənd təsərrüfatı məhsulları istehsalçıları üzrə vergi uçotunun aparılması təmin edilsə də, kiçik istehsalçılarda nəinki vergi uçotu aparılmırdı, onların bir hissəsinin heç vergi orqanında qeydiyyatı da yox idi. Yəni kənd təsərrüfatı sektoru üzərində vergi nəzarətinin səviyyəsi çox aşağı idi. Bu isə o deməkdir ki, həmin istehsalçılar haqqında iqtisadi göstəricilər heç bir yerdə qeydiyyata düşmürdü.

Son dövrlər kənd təsərrüfatı sektorunda uçotda olmayan istehsalçıların vergi uçotuna alınması üzrə müəyyən tədbirlər həyata keçirilib. 2019-cu ilin ortalarından 10 mindən artıq kənd təsərrüfatı məhsulları istehsalçısı və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçisi uçota alınıb. Bu, kiçik göstərici deyil və proses davam etdirilir. Üstəlik, nəzərə alaq ki, vergi uçotunda olan çoxlu sayda şəxslərin kənd təsərrüfatı sektorunda fəaliyyətinin olması haqda heç bir yerdə qeydiyyat məlumatları yox idi. Bir sözlə, həmin şəxslər vergi uçotuna başqa məqsədlər üçün düşmüşdülər.

Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatı keçirildi, kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsədin bu sahədə fəaliyyət göstərən istehsalçıların vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılması olduğu diqqətə çatdırıldı. Daha sonra respublikanın digər bölgələrində də zona müşavirələri keçirilib və bu sahədə vergi nəzarətinin əhatə dairəsi daha da genişləndirilib.

Səbəblər

Sektorda mövcud olan durumun bu həddə çatmasının obyektiv səbəblərindən biri kənd təsərrüfatı sahəsində vergi güzəştlərinin tətbiq olunması ilə izah olunur. Əvvəlki dövrlərdə vergi orqanlarını vergiyığan qurum kimi yalnız vergi yığımının səviyyəsi maraqlandırırdı. Onlar bu sektorda iri ödəyicilərə maraq göstərirdilər, kiçik istehsalçılara vaxt itirmək istəmirdilər. Çünki bu sahədən daxil olan potensial vergi yığımları uçot və qeydiyyat prosedurunun təşkili və aparılması qarşılığında adekvat deyildi. Əslində, riyazi baxımdan bu məntiqi görünə bilər. Ancaq gördüyümüz mənzərə ona işarə edir ki, hər şeyə vergi yığımı prizmasından baxılmalı deyil. Vergi nəzarətində olan problemlər ümumi sektora mənfi təsir göstərir. Üstəlik də bu sahəyə diqqətsizlik bir sıra sahələr üzrə vergidənyayınma hallarının artmasına xidmət edib.

Misal üçün, çoxlu torpaq sahələri var ki, mülkiyyətçilər tərəfindən icarəyə verilib. İcarəyə götürən əksər hallarda kənd təsərrüfatı sektorunda çalışdığı üçün və uçot aparmadığı üçün bu münasibətlərdən yaranan vergi öhdəlikləri yerinə yetirilmirdi. Yəni kənd təsərrüfatı torpaqlarının icarə bazarının bir hissəsi faktiki olaraq vergi nəzarətindən kənarda qalırdı.

Uçotun olmamasının fəsadları...

Bir çox insanlar bəzən vergi bəyannaməsinin doldurulması ilə vergi uçotunu səhv salır. Bəyannamə doldurulması və onun lazımi qaydada təqdim edilməsi hələ həmin subyekt üzrə vergi uçotunun lazımi səviyyədə aparılması demək deyil. Mühasibat uçotu ilə vergi uçotunun uzlaşdırılması isə tamamilə ayrı məsələdir.

Subyektlər üzrə uçotun aşağı səviyyədə olması sektorun hesabatlılıq səviyyəsini də xeyli aşağı salır. Həmin məlumatlar əsasında statistika formalaşır, buna əsasən sahənin vəziyyəti öyrənilir, dövlət siyasəti formalaşdırılır. Məlumatın etibarlı olmaması isə sahənin tənzimlənməsi, ona subsidiyaların ayrılması və digər məsələlər üzrə problemlər yaradır. Statistik məlumatlarda ciddi problemlər də sahibkarlıq subyektlərinin uçot məlumatlarını təqdim etməməsi və ya qeyri-dürüst təqdim etmələri ilə əlaqədardır. Sektorda vergi güzəştlərinin olması prinsipcə subyektlər tərəfindən təqdim edilən uçot məlumatlarının şəffaflığının artmasına xidmət etməlidir. Düşünürəm ki, kənd təsərrüfatı istehsalçıları ilə çoxlu görüşlər aparılmalı, maarifləndirici işlər davam etdirilməlidir.

Uçotun bir sahədə aşağı səviyyədə olmasından digər sahələr də zərər çəkir. Məsələn, bank sektorunun mütəxəssisləri daha çox əziyyət çəkirlər. Bildirirlər ki, kredit almaq istəyən kəndli əksər hallarda zəruri uçot məlumatlarını təqdim edə bilmir. Rəsmi dövriyyələr, işçilərin sayı, mənfəət, xərclər haqda məlumat almaq çox çətindir. Bu isə sahənin kreditləşdirilməsinə marağı azaldır.

Fəxriyyə İKRAMQIZI

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?