Vergi tutulan əməliyyatlar və vergidən azad edilən əməliyyatlar zamanı əvəzləşdirilən ƏDV məbləği
Vergi ödəyicisi sahibkarlıq fəaliyyətinin məqsədləri üçün əldə etdiyi elektron vergi hesab fakturaları üzrə aldığı malların, işlərin, xidmətlərin dəyəri üçün ödəmələri nağdsız qaydada həyata keçirərsə o zaman vergi ödəyicisinin ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ vardır. Amma bəzən vergi ödəyicisi həm ƏDV-yə cəlb edilən, həm də ƏDV-dən azad edilən əməliyyatlar həyata keçirir.
Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:
Əgər vergi ödəyicisi həm ƏDV-yə cəlb edilən, həm də ƏDV-dən azad edilən əməliyyatlar həyata keçirərsə, o zaman əldə etdiyi elektron vergi hesab-fakturaları (EVHF) üzrə ödədiyi ƏDV məbləğini Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilən dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq əvəzləşdirə bilər.
Lakin vergi ödəyicisi həm ƏDV-yə cəlb edilən əməliyyat, həm də ƏDV-dən azad əməliyyatlar apararsa və ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil etdiyi malların, işlərin, xidmətlərin ayrı-ayrılıqda uçotunu apararsa, ƏDV-yə cəlb edilən əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-ni tam əvəzləşdirə bilər.
Məsələn, tutuaq ki, ƏDV qeydiyyatında olub qəzet nəşri və satışı ilə məşğul şəxs həmçinin qəzetdə reklam fəaliyyəti ilə də məşğul olur. Vergi ödəyicisinin hesabat ayında 10.000 manat dəyərində qəzet satışından, 2.500 manat dəyərində isə reklam fəaliyyətindən gəliri olub. Həmçinin vergi ödəyicisi reklam fəaliyyətinə birbaşa aid olan elektron vergi hesab fakturası üzrə 1.180 manat məbləğində (o cümlədən 180 manat ƏDV) mal və ya xidmət alıb. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən qəzet nəşri və satışı ƏDV-dən azaddır. Əgər vergi ödəyicisi ƏDV-yə cəlb edilən və ƏDV-dən azad əməliyyatların və bu əməliyyatlara müvafiq olaraq alınmış malların, xidmətlərin ayrı-ayrı uçotunu aparmazsa, o zaman vergi ödəyicisi əldə etdiyi EVHF-ləri üzrə ödədiyi ƏDV məbləğini yalnız ƏDV-yə cəlb edilən dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi nisbətində əvəzləşdirə bilər. Yəni nəzərə alsaq ki, vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi 20 faizə bərabərdir (2.500/(2.500+10.000), o zaman EVHF üzrə əvəzləşdirilən ƏDV-nin məbləği 36 manat(180 manat * 20%) təşkil edir. Əgər vergi ödəyicisi ƏDV-yə cəlb edilən və ƏDV-dən azad əməliyyatların və bu əməliyyatlara aid edilən malların, xidmətlərin alışların ayrı-ayrı uçotunu apararsa o zaman vergi ödəyicisi ƏDV-yə cəlb edilən reklam fəaliyyəti ilə bağlı əldə etdiyi EVHF-ləri üzrə ödədiyi ƏDV məbləğini tam əvəzləşdirə bilər.
Məcəllənin 175.4-cü maddəsində diqqət edilməli məqam ondan ibarətdir ki, əgər vergi ödəyicisi həm vergi tutulan əməliyyat, həm ƏDV-dən azad edilən əməliyyat, həm də ƏDV tutulan əməliyyat sayılmayan dövriyyə həyata keçirərsə, həmçinin elektron vergi hesab-fakturaları əldə edərsə, bu zaman əldə etdiyi EVHF-ları üzrə ödədiyi ƏDV məbləğinin hansı hissəsini əvəzləşdirməlidir?
Məsələn, tutaq ki, sahibkarlıq fəaliyyətini bir neçə istiqamətdə həyata keçirən müəssisə həm kənd təsərrüfatı təyinatlı maşınların, avadanlıqların və texnikaların satışı ilə, həm də istər ölkə daxilində, istərsə də ölkə xaricində bu maşınların, avadanlıqların və texnikaların ixtisaslaşdırılmış qaydada peşəkar təmiri fəaliyyəti ilə məşğuldur. Vergi ödəyicisinin hesabat ayı ərzində ölkə daxilində kənd təsərrüfatı təyinatlı texnikanın satışından 50.000 manat, ölkə daxilində göstərdiyi təmir, servis xidmətlərdən 23.600 manat(o cümlədən 3.600 manat ƏDV) və Türkiyədən aldığı sifarişə əsasən ölkə xaricində göstərdiyi təmir və servis xidmətlərinə görə isə 40.000 manat dəyərində əməliyyatları olub. Həmçinin vergi ödəyicisi ay ərzində EVHF-lar üzrə 35.400 manat(o cümlədən 5.400 manat ƏDV) məbləğində mal, xidmət almışdır. Diqqət yetirsək görərik ki, vergi ödəyicisinin hesabat ayı ərzində ümumi dövriyyəsi 110.000 manat (50.000 + 20.0000 + 40.000) olub. Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azaddır. Vergi Məcəlləsinin 168.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin daşınar əmlakla bağlı göstərdiyi xidmətlər faktiki olaraq ölkə xaricində həyata keçirilmişdir və Vergi Məcəlləsinin 159.2-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda bu xidmətlərin göstərilməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Bu səbəbdən vergi ödəyicisi əldə etdiyi EVHF-lər üzrə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək üçün yalnız ƏDV-dən azad və ƏDV-yə cəlb edilən əməliyyatları əsas götürəcəkdir.
Fəxriyyə İKRAMQIZI