25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fridrix Şnayder: "Kölgə iqtisadiyyatı" vergidən yayınmalara, haqsız rəqabətə, keyfiyyətsiz məhsul və xidmətə şərait yaradır

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfransda "kölgə iqtisadiyyatı"nın azaldılması və şəffaflığın artırılması sahəsində ölkədə aparılan işlər, qarşıya çıxan problemlər və onların həlli yolları, bu sahədə mövcud beynəlxalq təcrübə və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbirdə Azərbaycan Respublikasının hökumət rəsmiləri, beynəlxalq miqyasda tanınmış nüfuzlu mütəxəssislər, ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. Müsahibimiz İohann Kepler adına Avstriya Universitetinin iqtisadiyyat professoru Fridrix Şnayderdir.

- Cənab Şnayder, Avstriya ilə Azərbaycanın iqtisadi sahəsində dostluq və əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Hər iki ölkə arasında mövcud olan səmərəli əməkdaşlıq son illər daha yüksək mərhələyə qədəm qoyub. Bu baxımdan qarşılıqlı faydalı səfərlərin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Müxtəlif işgüzar səfərlər, görüşlər iqtisadi sahənin bir sıra aktual məsələləri ətrafında faydalı müzakirələrin aparılmasına, yeni baxışların ortaya qoyulmasına, habelə müsbət təcrübələrin bölüşdürülməsinə imkan yaradır. Bu həm də mövcud əməkdaşlığın dərinləşdirilməsi, gələcəklə bağlı hədəflərin müzakirəsi baxımından da əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycan və Avstriya vergi xidməti orqanları arasında əlaqələr yüksək səviyyədədir. Bununla belə, əldə olunmuş nailiyyətlərlə kifayətlənməməli, qarşılıqlı təcrübə, texnologiya və informasiya mübadiləsini daha da genişləndirməliyik.

- Dünya "kölgə iqtisadiyyatı" ilə mübarizə aparır... "Kölgə iqtisadiyyatı" deyiləndə nə nəzərdə tutulur?

- "Kölgə iqtisadiyyatı" qeyri-rəsmi iqtisadiyyat da adlandırılır. Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən hissəsi olub, dövlət nəzarətindən və uçotundan kənarda qalır, maliyyə uçotunun müşahidə olunmayan, rəsmi qeydiyyata düşməyən hissəsini əhatə edir.

"Kölgə iqtisadiyyatı" həmçinin qeyri-leqal, kriminal və qanunla qadağan edilən iqtisadi sahələri də əhatə edir və onlarla məhdudlaşmır.

"Kölgə iqtisadiyyatı" vergidən yayınmalara, haqsız rəqabətə, heç kimin qarşısında məsuliyyət daşınmaması üzündən keyfiyyətsiz məhsul və xidmətə, iş yerlərində təhlükəsizlik qaydalarının pozulmasına şərait yaradır. "Kölgə iqtisadiyyatı"na əlavə ödəmələr, qanunsuz yoxlamalar və süni maneələrin yaradılması da zəmin yarada bilir.

"Kölgə iqtisadiyyatı" inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Bu cür sahibkarlıq fəaliyyətinin gəlirləri vergidən yayındırılır. Mahiyyət etibarilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq "kölgə iqtisadiyyatı" fəaliyyəti hesab olunur.

Bu, dövlətin maliyyə nəzarətindən çıxmış resurslardır: uçotun pozulması, hesabatın, müəssisənin uçot siyasətinin düzgün göstərilməməsi hallarında baş verir. Bunu edənlər cinayətkar ünsürlərdir, onlar haqqı olan başqa insanların qazancları hesabına sərvət əldə edirlər. Vicdanlı iş adamı külli miqdarda pul qoyub, işini qurur, istehsalını genişləndirir, məhsulun çeşidlərini artırır. Düzgün aparılmayan uçot hesabına onun bütün əziyyəti yerə vurulur, haqqı əlindən alınır.

Bütün dünya ölkələri bu vəziyyətlə mübarizə aparır. Bu mübarizənin başlıca yolu isə şəffaf mühasibatdan və təmiz hesabatlardan keçir. Biz "kölgə iqtisadiyyatı" ilə mübarizəni vergi yükünün azaldılması yolu ilə aparırıq. "Kölgə iqtisadiyyatı"nın azaldılmasının prinsipləri işsizlik səviyyəsinin aşağı salınması, yeni iş yerlərinin yaradılması, biznesdə qanunvericilyin asanlaşdırılması ilə xarakterizə olunur. Əsas şərtlər bunlardır.

- "Kölgə iqtisadiyyatı" ilə mübarizədə vergi inzibatçılığı hansı prinsiplərə əsaslanmalıdır?

- Vergiqoyma və gömrük sahəsində, eləcə də uçot və hesabatda təsadüf olunan çatışmazlıqlar "kölgə iqtisadiyyatı"nı qidalandırır və genişlənməsinə zəmin yaradır. Müasir vergi sistemi modernləşmə tələb edir. İnformasiya texnologiyalarının yaratdığı imkanların tətbiqi vergi inzibatçılığının yeni mərhələyə qədəm qoyması ilə nəticələnir. Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı inam və işgüzar münasibətlər yaranır. Elektron vergi inzibatçılığı indi elə müasir formada qurulub ki, vergi ödəyicilərinin bütün əməliyyatları, vergi ilə əlaqədar öhdəlikləri real vaxt rejimində nəzarətdədir. Bu isə vergidən yayınma hallarının vaxtında aşkar edilməsinə, dövlət büdcəsinə ödəmələrin vaxtında təmin olunmasına yardımçı olur.

Müasir vergi idarəetmə sistemi vergi ödəyiciləri ilə birbaşa ünsiyyətin minimuma endirilməsi, xidmətlərin çoxunun elektron variantda təqdim edilməsi, vergilərin könüllü ödənilməsi səviyyəsinin artırılması ilə yanaşı, vergi nəzarətinin gücləndirilməsini də tələb edir. Təbiidir ki, vergi inzibatçılığının bütün sahələrində olduğu kimi, vergi nəzarəti sahəsində də müasir informasiya texnologiyalarının tətbiqi və vergi orqanı əməkdaşlarının peşəkar biliklərinin artırılması ön plana çıxır. Vergi yükünün azaldılması "kölgə iqtisadiyyatı"nın cəlbediciliyinin iş adamları tərəfindən dəyərləndirilməsinin qarşısının alınması yollarından sayıla bilər.

Biz ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün qanunvericilikdə yumşaltma siyasəti aparırıq, müştərək şirkətlər yaradırıq. Vergi ödəyicisi qeydiyyatdan keçən kimi daimi nəzarət altına alınır. Daha ciddi yayınma ilə məşğul olan xüsusi bir orqan var. Hazırda biz real rejimdə yayınmaya nəzarət edirik. Yayınma başlamamış artıq onu müəyyən edib qarşısının alınması üçün tədbirlər görülür. Vergi ödəyicilərindən gələn risklərin idarə edilməsinə gəlincə, riskə əsaslanan əməliyyatlardan istifadə olunur.

- "Kölgə iqtisadiyyatı" və uçot bir-biri ilə nə dərəcədə əlaqəlidir?

- Biz istəsək də, istəməsək də hər bir ölkədə, dövlətdə, hətta ən inkişaf etmiş dövlətlərdə belə "kölgə iqtisadiyyatı" var və çox sürətlə inkişaf edir, iqtisadi təhlükəsizliyi var gücü ilə bürüyür .

"Kölgə iqtisadiyyatı" uçotun gizlədilməsindən başlayır. Uçot və hesabatın da ölkə iqtisadiyyatında rolu əvəzolunmazdır. İlk növbədə bunu bilməliyik ki, dövlət iqtisadi proseslərin, maliyyə əməliyyatlarının, kapital qoyuluşunun normal uçotunun aparılmasında maraqlıdır.

Hər bir müəssisə maliyyə gəliri əldə etməkdən ötrü iqtisadi sabitliyə can atır, dövlətin iqtisadi konsepsiyasından xəbərdar olmaq istəyir. Bu məsələnin həllində hər bir xalqın öz milli spesifikasına da diqqət yetirilməlidir. Məsələn, Qərb metodikasını götürüb birbaşa Azərbaycanda tətbiq etmək savadsızlıqdır. Uçot hər bir dövlətin iqtisadi yüksəlişi deməkdir. Bu yolda heç bir elmi nəzəriyyəni əsas götürmədən, elmi gedişlər etmədən, hansısa sistemi şüurlara məcburi yerləşdirmək və bunun icrasına çalışmaq yolverilməzdir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?