12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV məqsədləri üçün vergi ödəyiciləri keçmiş tarixə qeydiyyata düşdükdə verginin hesablanması

Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə əlavə dəyər vergisi (ƏDV) ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi vergi ödəyicilərinin keçmiş tarixə ƏDV qeydiyyatına düşdükdə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların hansı tarixdən hesablanacağını müəyyən etməkdən ibarətdir. Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat keçmiş tarixə aparıldıqda vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlarını verilən birinci ƏDV bəyyənnaməsinə əlavə etməli və həmin dövriyyəyə uyğun ƏDV ödəməlidir. Həmçinin vergi ödəyicisi həmin dövrdə aldığı mallara görə ödədiyi ƏDV-ni də məcəllədə müəyyən edilmiş qaydada əvəzləşdirmək hüququna malikdir.

Yuxarıda qeyd etdiklərimizin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisinin ƏDV qeydiyyatı tarixi əvvəlki aylarda qüvvəyə minmişdirsə, həmin aylara aid olan dövriyyələr hesabatın verildiyi birinci ayın ƏDV bəyannaməsində əks etdirilməlidir. Həmçinin həmin aylarda aldığı mallara görə ödədiyi ƏDV-ni də əvəzləşdirə bilər.

Misal 1. Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan A müəssisəsi 2019-cu ilin ikinci rübündə sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib və həmin bəyannamədə A müəssisəsinin dövriyyəsi 2019-cu il aprel ayında 5.000 manat, may ayında 10.000 manat, iyun ayında isə 20.000 manat olub. Müəssisə 2019-cu ilin 24 iyul tarixində könüllü olaraq 1 may 2019-cu il tarixdən ƏDV qeydiyyatında durmaq üçün ərizə təqdim edib.

Bu zaman vergi orqanları A müəssisəsini 1 may 2019-cu il tarixindən ƏDV ödəyicisi kimi uçota alacaq. Buna görə də 1 may 2019-cu il tarixindən sonra baş verən bütün əməliyyatlar ƏDV-yə cəlb edilməli olduğu üçün A müəssisəsi 2019-cu ilin ikinci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsini dəqiqləşdirib təqdim etməli, may və iyun aylarının cəmi olan 30.000 manat dövriyyəni azaltmalıdır. Çünki həmin 30.000 manat dövriyyə ƏDV-yə cəlb olunacaq. A müəssisəsi 24 iyul 2019-cu il tarixində ərizə verdiyi üçün ƏDV üzrə birinci bəyannamənin tarixi iyul 2019-cu il olacaq və 30.000 manatı iyul 2019-cu ilin ƏDV bəyannaməsində dövriyyə kimi əks etdirərək dövlət büdcəsinə 5.400 manat (30.000 x 18% = 5.400) əlavə dəyər vergisi hesablayacaqdır.

Misal 2. Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan B müəssisəsi 2019-cu ilin birinci rübünun sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib və həmin bəyannamədə B müəssisəsinin dövriyyəsi 2019-cu il yanvar ayında 50.000 manat, fevral ayında 30.000 manat, mart ayında isə 20.000 manat olub. Həmçinin müəssisə 2019-cu ilin yanvar və fevral aylarında mallar idxal edib, gömrükdə 15.000 manat ƏDV ödəyib. Lakin müəssisə ƏDV ödəyicisi olmadığından, əvəzləşdirmə apara bilməyib. B müəssisəsi 2019-cu ilin 25 aprel tarixində könüllü olaraq 1 yanvar 2019-cu il tarixdən ƏDV qeydiyyatında durmaq üçün ərizə təqdim edib.

Bu zaman vergi orqanları B müəssisəsini 1 yanvar 2019-cu il tarixindən ƏDV ödəyicisi kimi uçota alacaq. Buna görə də 2019-cu il yanvarın 1-dən sonra bütün əməliyyatlar ƏDV-yə cəlb edilməli olduğu üçün A müəssisəsi 2019-cu ilin birinci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsini dəqiqləşdirib təqdim etməli və dövriyyəni 100.000 manat azaltmalıdır. Çünki yanvar, fevral, mart aylarında olan həmin 100.000 manat dövriyyə ƏDV-yə cəlb olunacaq və idxal zamanı əvəzləşdirə bilmədiyi 15.000 manat ƏDV-ni də artıq əvəzləşdirə biləcək. A müəssisəsi isə 24 aprel 2019-cu il tarixində ərizə verdiyi üçün ƏDV üzrə birinci bəyannamənin tarixi aprel 2019-cu il olacaq. Müəssisə aprel 2019-cu ilin ƏDV bəyannaməsində 100.000 manatı dövriyyə kimi, yanvar-fevral aylarında malları idxal edərkən gömrükdə ödədiyi 15.000 manat ƏDV-ni isə əvəzləşdirmə kimi qeyd edərək, dövlət büdcəsinə 3 min manat ((100.000 x 18% = 18.000) – 15.000) ƏDV hesablayacaqdır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?