“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclasında Yol Xəritəsinin icrası müzakirə olunub
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə işçi qrupunun üzvləri, aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.
Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə 2026-cı il üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyəti müzakirə olunub. Dövlət Vergi Xidməti rəisinin müavini İlkin Vəliyev Yol Xəritəsi çərçivəsində görülən işlər, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev biznes mühitinin yaxşılaşdırılması və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.
İclasda vergi qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan məlumatlandırma tədbirləri, vergi qanunvericiliyinə dəyişikliklərin şəffaflığının təmin edilməsi və biznes ictimaiyyəti ilə dialoqun genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, 2026-cı ilin ötən dövründə biznes subyektləri, ticarət palataları və assosiasiyaların nümayəndələri ilə keçirilən görüşlərdə Vergi Məcəlləsinə dəyişiklik layihələri müzakirə edilib, sahibkarların rəy və təklifləri dinlənilib. Eyni zamanda, kameral vergi yoxlamaları və bəyannamələrə nəzarət sahəsində mühasiblərin, auditorların və müxtəlif assosiasiyaların nümayəndələrinin iştirakı ilə ayrıca görüşlər təşkil olunub. Bu görüşlərdə vergi ödəyicilərinin qanunvericiliyin tətbiqi və vergi inzibatçılığı ilə bağlı qarşılaşdıqları çətinliklər, onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.
İclas iştirakçılarına elektron qaimə-fakturalar üzrə uyğunsuzluqlar barədə vergi ödəyicilərinin əvvəlcədən məlumatlandırılması, kameral vergi yoxlamalarında proaktiv yanaşmanın tətbiqi və bu sahədə vergi ödəyicilərinin maraqlarının qorunmasına yönəlmiş yeniliklər barədə məlumat verilib. Həmçinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması (pre-filing) mexanizminin tətbiqi üzrə layihənin icra vəziyyəti, elektron portal və mobil tətbiq vasitəsilə göstərilən xidmətlərin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
İclasda “Vergi sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrup”un nümayəndələri çıxış edib, özəl sektor təmsilçilərinin və ekspertlərin təklifləri dinlənilib, Yol Xəritəsində müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində fikir mübadiləsi aparılıb. Səsləndirilən təkliflərin aidiyyəti üzrə nəzərə alınacağı bildirilib.
