10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial sığorta haqqı yeni qayda ilə ödəniləcək

Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Qanuna edilən dəyişikliklərdən sonra sosial sığorta haqlarının hansı qaydada ödəniləcəyi, bu ödənişlərin hansı faiz dərəcələri ilə hesablanacağı ciddi müzakirə mövzusudur. Xüsusilə fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyatda olan, xidməti müqavilə (buna həm də mülki-hüquqi müqavilə deyilir) əsasında çalışan şəxslərdən məcburi dövlət sosial sığorta haqqının hansı qaydada tutulacağı daha çox maraq doğurur.

Bir illik güzəşt

Xidməti müqavilə əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta ödənişləri "Sosial sığorta haqqında" Qanunun 14-cü maddəsinə edilən dəyişiklik əsasında hesablanacaq. Həmin maddədə mülki-hüquqi xarakterli müqavilə, o cümlədən xidməti müqavilə əsasında işləyən şəxslərin sığorta ödənişlərinin hesablanması qaydaları əksini tapıb. Dəyişikliyə əsasən, əgər xidmət göstərən şəxs VÖEN-i olan fərdi sahibkarlıq subyekti olacaqsa, sığorta ödənişi minimum əməkhaqqının 25 faizi qədər təşkil edəcək. Dəyişikliklərdə xidməti müqavilə ilə işləyənlərə münasibətdə ölkə üzrə vahid ödəniş faizi və qaydası müəyyən edilib, ayrı-ayrı regionlar arasında tətbiq olunan fərq isə aradan qaldırılıb. Bu o deməkdir ki, iş yerinin hansı regionda yerləşməsindən asılı olmayaraq, xidməti müqavilə ilə çalışanlar eyni məbləğdə sosial sığorta haqqı ödəyəcəklər.

Tikinti və ticarət sahəsində çalışanlar üzrə sosial sığorta haqqı isə olduğu kimi, yəni minimum əməkhaqqının 50 faizi həcmində qalacaq. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanunda 1 yanvar 2020-ci ildən qüvvəyə minməsi nəzərdə tutulmuş keçid müddəalarına əsasən, göstərilən fəaliyyət üzrə sosial sığorta haqları həmin Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan 14-cü maddəsinə uyğun olaraq ödəniləcək. Yəni həmin fiziki şəxslər 31 dekabr 2019-cu il tarixədək sosial sığorta ödənişlərini köhnə qayda ilə ödəyəcəklər.

İqtisadçı ekspert Qalib Toğrul bildirib ki, dəyişikliklərdə ticarət və tikinti sahəsində nəzərdə tutulan sosial sığorta haqqının məbləği köhnə məbləğlə eyni olacaq. Ancaq digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, o cümlədən xidmət müqaviləsi ilə işləyənlər üçün respublikanın regionları üzrə fərqləndirmələr qüvvədə qalır və həmin şəxslər əvvəlki qayda ilə Bakıda 26 manat, Sumqayıt və Gəncə şəhərlərində 23,40 manat, respublika tabeli digər şəhərlərdə 20,80 manat, rayon mərkəzlərində, digər şəhər və qəsəbələrdə 15,60 manat, kənd yerlərində isə 13 manat ödəyəcəklər.

Xidməti müqavilə əsasında işləyənlər sosial sığorta haqlarını
bu il də köhnə qaydada ödəyəcəklər

Sosial sığorta ödənişləri üzrə yeni dərəcələr

Beləliklə, sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olunmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi qaydası 2019-cu il ərzində də qüvvədə olacaq. Belə fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

- sahibkarlıq fəaliyyəti üzrə - tikinti və ticarət sahələrində minimum aylıq əməkhaqqının 50 faizi, digər sahələrdə 25 faizi miqdarında;

- mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi miqdarında;

- xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;

- müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

- Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;

- mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə, yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Vergi uçotu olan fiziki şəxslər, yəni fərdi sahibkar statusu ilə mülki-hüquqi müqavilələrlə çalışanlar özləri sosial sığorta ödənişlərinə görə məsuliyyət daşıdığı üçün onların əldə edəcəyi gəlirdən ödəmə mənbəyində məcburi dövlət sığorta haqqı tutulmur.

Elxan SALAHOV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?