Vergi yükünün azaldılması və vergiyə cəlbetmə işinin biznesin xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir
Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti,aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.
Hesabatda qeyd olunub ki, xarici və daxili çağırışlar, həmçinin 2014-2016-cı illərdə MDB ölkələrində baş verən siyasi hadisələr sürətli institusional islahatlara və dövlət idarəetməsinin səmərəliliyinə səbəb olan böhran hadisələrinin aradan qaldırılmasına yönəlmiş bir sıra hökumət təşəbbüslərinin katalizatoru olub.
Moody's" hesab edir ki, Özbəkistanda (B1, "sabit") və Ukraynada (Caa1, "sabit") islahatların praktiki tətbiq edilməsində çətinliklər, Qırğızıstanda (B2, "sabit") və Moldovada (B3, "sabit") daxili siyasi əngəllər, Qazaxıstanda (Baa3, "müsbət") və Azərbaycanda isə (Ba2, "stabil") stabil vəziyyət hökm sürür.
Azərbaycanda aparılan islahatlar idarəetmənin sadələşdirilməsinə və biznes mühitin münbitləşdirilməsinə önəmli şərait yaradır
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan hökuməti 2014-2016-cı illərin iqtisadi və maliyyə böhranı fonunda ölkə iqtisadiyyatının neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmağı hədəfləyən ciddi bir islahat yolu seçib: "Bu gün Azərbaycanda aparılan islahatlar idarəetmənin sadələşdirilməsinə və biznes mühitinin münbitləşdirilməsinə önəmli şərait yaradır. Bunu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri də öz hesabatlarında xüsusi qeyd edirlər. Bir qədər öncə Dünya Bankının hesabatında ölkəmizdə aparılan islahatlara yüksək qiymət verilmişdi. Azərbaycan bu gün həyata keçirilən islahatların səviyyəsinə görə MDB ölkələri arasında birincilər sırasındadır. Bu günlərdə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında da son illər ərzində iqtisadi islahatların aparılması sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyi qeyd olunur".
F.Yusifov qeyd edib ki, inkişaf yolunda atılan addımlar içərisində ən önəmlisi, bəlkə də birincisi vergi islahatlarıdır: "Bu islahatların fəlsəfəsi biznesin vergi yükünü azaltmaqla onun “kölgədə” olan hissəsinin leqallaşdırılmasına nail olmaq və bununla da vergi ödəyicilərinin sayını əsaslı şəkildə artıraraq büdcəyə daha çox vəsaitin daxil olmasına şərait yaratmaqdır. Böhrandan ötən müddət ərzində vergi islahatlarının qarşısında qoyulan bu vəzifələr nəzərdə tutulan nəticələri verdi. Bunu vergi daxilolmalarında qeyri-neft sektorunun payının getdikcə artması aydın şəkildə sübut edir.
Vergi islahatlarının fəlsəfəsi biznesin vergi yükünü azaltmaqla onun "kölgədə" olan hissəsinin leqallaşdırılmasına nail olmaq və bununla da vergi ödəyicilərinin sayını əsaslı şəkildə artıraraq büdcyə daha çox vəsaitin daxil olmasına şərait yaratmaqdır
Vergi yükünün optimallaşdırılması bütün zamanlarda sürətli iqtisadi inkişaf yolu seçmiş ölkələrin qarşısında dayanan bir nömrəli problem olub. Məhz bu problemi düzgün çözə bilən ölkələr inkişafın yüksək sürətlə getməsinə nail ola biliblər. Ortada onlarla belə təcrübə var. Bu səbəbdən də Azərbaycanda biznesin vergi yükünün azaldılması və vergiyə cəlb etməklə bağlı proseslərin iş adamlarının xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir. Bu gün sahibkar-vergi əməkdaşı münasibətləri yeni bir müstəvidə qurulub. Bu münasibətlərdə vergi daxilolmalarının təmin edilməsi üçün inzibatçılıqdan daha çox qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya üstünlük verilir. Bu isə vergi ödəyiciləri üçün olduqca mühüm bir məsələdir".
Fəxriyyə İKRAMQIZI