12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi inkişaf və artımın vergi yığımlarına mühüm təsiri olacaq

"Keçən ilin sonlarından başlayan vergi islahatları ölkədə çox ciddi vüsat almaqdadır. Bu gün artıq 2019-cu ilin birinci yarım illiyinin yekunlarına görə həm vergi, həm də bütövlükdə fiskal siyasətlə, büdcə vergi siyasəti ilə bağlı həyata keçirilən islahatların müəyyən nəticələrinin şahidi oluruq". Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlərin müsbət effekti göz qabağındadır: "Bir tərəfdən həm vergi, həm də gömrük istiqamətləri üzrə büdcəyə daxilolmalar artmaqdadır, digər tərəfdən isə vergi islahatlarının əsas fəlsəfəsi yalnız büdcə daxilolmalarının qısamüddətli perspektivdə artmasına deyil, vergi bazasının genişlənməsinə və iqtisadi inkişafın stimullaşdırılmasına yönləndirilməlidir. Yəni iqtisadi inkişaf və iqtisadi artım olduğu halda, nəticə vergi yığımlarına da təsir olacaq".

Ekspert deyib ki, dünya təcrübəsi də onu deməyə əsas verir ki, sərt fiskal siyasət əksər hallarda müsbət effekt vermir: "Ona görə də 2019-cu ilin əvvəlindən başlayan vergi islahatlarında gördük ki, tədricən vergi tutumları baxımından qeyri-dövlət və qeyri-neft sektorunda fiziki şəxslərin gəlirlərinin vergidən müəyyən mənada azad edilməsi istiqamətində görülən işlər, əslində, vergi bazasının genişləndirilməsi və iqtisadiyyatın maksimum şəkildə "kölgədən" çıxmasına xidmət edirdi. Artıq bunun müsbət nəticələrini görməkdəyik. Eyni zamanda, bəzi qonşu ölkələrdə fiskal siyasətdə həyata keçirilən sərtləşmə, əlavə dəyər vergisinin faiz dərəcəsinin daha da yüksəldilməsi müsbət effekt vermir".

Dövlətin iqtisadi imkanlarının artması bilavasitə sosial
siyasətə daha çox vəsait yönləndərilməsinə şərait yaradıb

E.Məmmədov qeyd edib ki, vergi siyasətinin əsas ana xətti və fəlsəfəsi məhz vergi bazasının genişlənməsinə, vergi islahatları vasitəsilə iqtisadi artımın stimullaşmasına xidmət etməlidir: "Buna görə də ümid edirəm ki, atılan addımlar və həyata keçirilən islahatlar bundan sonra da ardıcıl olaraq davam etdiriləcək. Bütün bunlar bir az da kompleksli şəkildə həyata keçirilməlidir. İlk növbədə, tədricən biznes mühitinin, işgüzar fəallıq subyektlərinin əldə etdikləri gəlirlərinin amortizasiyasına, investisiyalara, əsas və dövriyyə fondlarının yenilənməsinə istiqamətləndirilən bir vergi siyasəti olmalıdır. Yəni vergi siyasəti bunları stimullaşdırmalıdır ki, iqtisadi artım ölkəmizdə qabaqlayıcı şəkildə həyata keçirilsin. Eyni zamanda, iqtisadi islahatlar yalnız vergi islahatları ilə məhdudlaşdırıla bilməz, əks halda, bunun effektivliyi olmayacaq. Ümid edirəm ki, digər sahələrdə, ilk növbədə bank sektorunda pul-kredit siyasəti ilə bağlı məsələlərdə də kompleksli və sistemli islahatlar paketinin təsdiqinin şahidi olacağıq".

Professorun sözlərinə görə, 2019-cu ilin əvvəlindən həyata keçirilən islahatların konkret istiqamətlərinə nəzər salsaq, burada əsas istiqamətlərdən biri qeyri-neft və qeyri-dövlət sektorunda çalışanların əmək haqlarından, yəni gəlirlərindən tutulan vergilərlə bağlı ciddi dəyişikliklər olub: "Bunun da, sözsüz ki, əhalinin gəlirlərinə birbaşa təsiri olub. Digər tərəfdən, bu islahatlar nəticəsində həm gömrük, həm də vergi xətti üzrə fiskal yığımların artması sosial paketin ölkədə dövlət başçısı tərəfindən qəbul edilmiş sosial istiqamətdə sosial siyasətlə bağlı tədbirlərin daha da intensiv şəkildə həyata keçirilməsinə şərait yaradıb. Əmək haqları, təqaüd və müavinətlər artıb və bunların hamısı vergi, fiskal və büdcə siyasəti ilə bağlı olub ki, dövlətin iqtisadi imkanlarının artması bilavasitə sosial siyasətə daha çox vəsait yönəldilməsinə şərait yaradıb".

Səyyar yoxlamaların sayının azaldılması vergi ödəyicilərinə biznes
imkanlarının genişləndirməsi istiqamətində münbit şərait yaradır

E.Məmmədov hesab edir ki, bu istiqamətdə işlər davam etdirilməli və tədricən bütövlükdə büdcə-vergi siyasətində adekvatlığın, yəni gəlir və mənfəət haradan daha çox formalaşırsa, vergi yükünün də ora daha çox istiqamətlənməsi, proqressiv vergi dərəcələrinin tətbiqi kimi məsələlərə keçməliyik və bunlar ölkə iqtisadiyyatının dayanıqlığına xidmət etməlidir.

Vergi üzrə ekspert Anar Bayramov bildirib ki, Azərbaycan kimi zaman-zaman vergi sistemi dəyişən ölkə üçün 6 ay çox qısa bir müddətdir. Onun sözlərinə görə, əvvəlki vergi sistemi ilə vergi ödəyicisinə və vergi ödənişinə yanaşma ilə hazırkı vergi sistemi arasında kəskin fərq var: "Etiraf edək ki, hazırkı vergi sistemi daha loyaldır, amma sərtdir. Nəzərə alsaq ki, səyyar vergi yoxlamalarının sayı 4 dəfə azaldılıb, amma kameral vergi yoxlamaları daha ciddi və daha sərt olub, əvvəlki vergi sistemində ənənəvi vergi ödəyicilərinin ənənəvi vergi ödənişləri vardı. Zəng edib telefonla "bu qədər vergi ödəmək lazımdır" deyirdilər. Artıq Vergilər Nazirliyində bu cür yanaşma azaldılıb".

Onun sözlərinə görə, vergi əməkdaşları vergi ödəyiciləri və vergi mütəxəssisləri ilə daha yaxından əlaqəlidir: "Onlar arasında yüksək səviyyədə əməkdaşlıqlar mövcuddur. Vergi əməkdaşları vergi ödəyicilərindən məlumatlar alırlar, onlar çatışmayan məsələləri öyrənirlər. Mövcud boşluqlar və çatışmayan tərəflərlə bağlı məlumatları alıb, emal edib və həmin boşluğu aradan qaldırmağa çalışırlar. Bəzi hallarda yüksək iradə nümayiş etdirirlər, istəklərini ortaya qoyurlar".

Mütəxəssis bildirib ki, bu gün səyyar vergi yoxlamalarının 4 dəfə azaldılması səbəbindən, elə vergi ödəyicisi var ki, 3 ildir ona vergi yoxlaması gəlmir: "Əvvəlki vergi sistemində isə mümkün deyildi ki, bir il ərzində yoxlama gəlməsin. Hətta şirkətin fəaliyyətinin bir ili tamam olmadan, səkkizinci ayında belə növbədənkənar vergi yoxlaması aparırdılar. İndi isə belə hallar yoxdur və bu, biznes mühitinə müsbət təsir göstərir. Şirkətlər də yoxlama olmadığı üçün rahat nəfəs alır, manevr edir, kapitalını daha rahat dövr edir. Müsbət haldır ki, səyyar yoxlamalarının sayının azaldılması vergi ödəyicilərinə biznes imkanlarının genişləndirməsinə şərait yaradır".

"Doing Bussines" hesabatında ilk yerlərdə olduğumuzu deyən A. Bayramov bildirib ki, bu gün Azərbaycanda biznesə başlamaq üçün münbit mühit var: "Hazırda Azərbaycanda rahatlıqla bir gün ərzində şirkət qeydiyyata aldırmaq mümkündür. Bu gün tək şəxsiyyət vəsiqəsi ilə şirkət qeydiyyatdan keçirilir. Bu, çox yüksək bir nailiyyətdir. Avropanın aparıcı ölkələrində belə bir proses yoxdur. Amma yenə də bəzi məsələlər var ki, orada geri qalırıq".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?