26 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər biznes mühitinin dəstəklənməsinə xidmət edir

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və invesitisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Bu hədəflər Azərbaycanın dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün güclü potensial ehtiva edir.

Sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində dövlət - özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Təşviqlər bərpa olunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən layihələrə investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tariflərin aşağı salınmasını və daxili istehsalın dəstəklənməsi məqsədilə vergi azadolmalarını əhatə edir. Bu istiqamətdə digər təklif edilən dəyişiklik isə teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsidir. Dövriyyələrin şəffaflaşdırılması və gəlirliliyin artırılması kimi məqsədlərə xidmət edən təkliflərdə bir sıra güzəşt və azadolmaların tətbiqi nəzərdə tutulur.

Vergi Məcəlləsində öz əksini tapan və 1 yanvar 2025-ci il tarixində müddəti bitən bir sıra güzəştlərin müddətinin uzadılması da nəzərdə tutulub. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və həmin məhsulların qiymətlərinin artımının qarşısını almaq məqsədilə onların satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin tətbiqi müddətinin uzadılması təklif edilir. Sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətədavamlı neft məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədilə iri neft emalı zavodlarının modernləşdirilməsi işlərinin davam etdirildiyi nəzərə alınaraq onlar tərəfindən avadanlıqların və materialların idxalının ƏDV-dən azadolmasının da qüvvədə qalması təklif edilir. Ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad olunması, tibb turizminin inkişafı üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə “tax-free” rejimində ƏDV-nin geri qaytarılması, sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələrinə və əmlaklara görə idarəedici təşkilatın və operatorun torpaq və əmlak vergisindən azad edilməsi layihədə öz əksini tapıb. Bu istiqamətdə torpaq sahələri üzrə icarə haqlarının ƏDV-dən azad olunması və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan və tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilən malların dairəsinin genişləndirilməsi kimi yeniliklər də təkliflərə daxil edilib.

Bundan başqa, investisiya mühitinin təkmilləşdirilməsi məqsədilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin azaldılması, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2025-ci ilin yanvar ayının 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad edilməsi, qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi təklifləri layihədə yer alır. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlərin mənfəət vergisindən azad edilməsi də təklif olunur.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin ikinci istiqaməti vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərə bazarlara nəzarət üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi, qiymətli daşların, qiymətli metalların və onlardan hazırlanmış məmulatların, mədəniyyət məhsullarının, rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi, idxal malları barədə məlumat forması təqdim etməli olan idxalçıların dairəsinin məhdudlaşdırılması və bu sahədə inzibatçılığın dəqiqləşdirilməsi, həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta üzrə güzəştlərin əhatə dairəsinin dəyişdirilməsi daxildir.

Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi, fond birjasında səhmlərin təqdim edilməsi zamanı vergitutma obyektinin dəqiqləşdirilməsi, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizminin müəyyənləşdirilməsi məsələləri yer alır.

Bunlarla yanaşı, xidmət mərkəzlərində göstərilən xidmətlərə sərf ediləcək inzibati xərclərin azaldılması, vergi ödəyicilərinin xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla sabit qəbzin xidmət mərkəzinə müraciət edilmədən elektron qaydada təqdim edilməsi, ölkə ərazisində yük daşımalarını həyata keçirən şəxslərin könüllü qaydada keçmiş tarixdən ƏDV qeydiyyatına alınması qaydasının tənzimlənməsi, vergi sahəsində güzəşt və azadolma üzrə meyarların müəyyənləşdirilməsi, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verənin verginin ödənilməsi və bəyannamənin verilməsi ilə bağlı vəzifəsinin onun tərəfindən təyin edilən vergi agentinə həvalə olunması və bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanının yaradılması da vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər sırasındadır.

Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində təkliflər transmilli şirkətlər qrupuna daxil olan müəssisə tərəfindən bildirişin vergi orqanına təqdim olunması tələbinin müəyyənləşdirilməsi və bu tələbin pozulmasına görə maliyyə sanksiyasının tətbiqi, nəzarət olunan xarici əməliyyatlar və müəssisələr üzrə sanksiyanın artırılması, transfer qiyməti ilə bağlı sənədləri və məlumatları vergi orqanının tələbi ilə vaxtında təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi kimi istiqamətləri əhatə edir.

Sahibkarlıq və invesitisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması kimi istiqamətləri əhatə edən dəyişikliklər həm yerli, həm də beynəlxalq təcrübə əsasında hazırlanıb. Burada müxtəlif sahibkar qrupları ilə görüşlər, aidiyyəti dövlət qurumları (orqanları) tərəfindən qaldırılan məsələlər, vergi ödəyicilərindən və ictimaiyyətdən daxil olan təkliflər, beynəlxalq qurumların və xarici ölkələrin təcrübələrinin təhlili nəzərə alınıb. Məqsəd ölkəmizin sosial – iqtisadi inkişaf prioritetlərindən irəli gələn prinsipləri rəhbər tutmaqla mütərəqqi vergi inzibatçılığını formalaşdırmaq, biznes mühitinin təkmilləşdirilməsini dəstəkləmək və sosial rifaha töhfə verməkdir.

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?