Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin komitə iclasında təqdim edilib
Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda növbəti il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli komitənin iclasında çıxış edib. DVX rəisi vergi sisteminin qarşısında duran çağırışlar, vergi islahatların iqtisadi təsirləri və vergi tənzimlənməsi sahəsində aparılan işlər barədə danışıb. Qeyd edib ki, vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin olunması, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır.
Orxan Nəzərli son illərdə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcminin artdığını bildirib. Vergi daxilolmaları ilə yanaşı, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının, tibbi sığorta haqlarının da toplanması funksiyalarının vergi orqanlarına həvalə edildiyini xatırladıb. Xidmət rəisi Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı aparılan işlərin həm dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində, həm də iqtisadi dövriyyənin şəffaflaşmasında əhəmiyyətli dəyişikliklər yaratdığını vurğulayıb.
DVX rəisi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın orta müddətli dövr üçün vergi orqanları qarşısında 2 mühüm hədəf müəyyənləşdirdiyini qeyd edib. Bunlar iqtisadiyyatın şəffaflaşması, şaxələnməsi və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiqi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlıdır. Bu baxımdan müzakirəyə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklər layihəsi öz hədəf, nəticə və məqsədləri baxımından məhz həmin istiqamətləri əhatə edir.
Dəyişikliklər paketi barədə danışan Orxan Nəzərli vergi qanunvericiliyində investisiya cəlbediciliyinin artırılmasına istiqamətlənmiş yeni müddəaların olduğunu bildirib və ilk növbədə, dövlət - özəl sektor tərəfdaşlığı ilə həyata keçirilən layihələr üçün əhəmiyyətli və uzun müddətli vergi təşviqlərini qeyd edib. Bu təşviqlər investisiya qoyuluşlarını stimullaşdırmağa xidmət etməklə yanaşı, həm də uzunmüddətli perspektivə dövlətin üzərinə düşən maliyyə yükünün azaldılımasına, müəyyən sahələrdə istehlakçılar üçün tariflərin aşağı salınmasına, daxili istehsalın dəstəklənməsinə yönəlib. Həmçinin ölkədə avtomobil və avtobus istehsalının stimullaşdırılması, gəmi təmiri sənayesinə sərmayələrin cəlb olunması, “yaşıl iqtisadiyyat”ın təşviqi, maliyyə bazarlarının genişləndirilməsi, tibb, mədəniyyət, film sektoru kimi sosial sahələrin inkişafı üçün təşviqlərin verilməsi nəzərdə tutulur.
DVX rəisi “kölgə iqtisadiyyatı” ilə mübarizə sahəsində aparılacaq işlərə də toxunub. Qeyd edib ki, bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısının alınması üçün nəzarət mexanizmləri qurulacaq. Çünki bölüşdürücü vasitə rolunda çıxış edən bazarlar iqtisadi əməliyyatların rəsmiləşdirilməsi prosesinə ciddi təsir göstərir. Sahibkarların uçot sahəsində çətinliklərini aradan qaldırmaq, rəsmiləşdirmə proseslərini leqallaşdırmaq məqsədilə qanunvericilikdə müvafiq düzəlişlər təklif edilib. Bu mexanizmlər bazar mülkiyyətçiləri üzərindən vergi uçotuna nəzarətin qurulmasını nəzərdə tutur ki, bu da ölkə ərazisində obyektləşmə və kassalaşma ilə bağlı aparılan proseslərin əsası kimi uçot intizamının düzgün qurulmasına imkan verəcək.
Vergi Məcəlləsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması ilə bağlı dəyişikliklər də nəzərdə tutulur ki, bu da qanunverici sahədə gözləntilərlə bağlıdır. Bu, ilk növbədə transmilli şirkətlərlə dair transfer qiymətqoyma ilə bağlı hesabatlılıqda sanksiyaların adekvatlığı ilə əlaqədar məsələlərdir.
DVX rəisi bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulu ölkəyə investisiyaların cəlb edilməsi, əlavə iş yerlərinin yaradılması, real sahibkarlıq fəaliyyəti ilə məşğul olan mikro sahibkarların fəaliyyətinin dəstəklənməsi, azgəlirli mikro sahibkarların vergi yükünün optimallaşdırılması, yerli avtomobil sənayesinin canlanması və müxtəlif sahələrdə təşviqedici vergi siyasətinin həyata keçirilməsinə gətirəcək.
Təklif olunmuş paket ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına, o cümlədən dövlət - özəl sektor tərəfdaşlığı layihələrinin və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən realllaşdırılan elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə öz töhfəsini verəcək.
Sonra DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov komitə üzvləri üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin detallı təqdimatını keçirib.