14 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənar audit və auditor rəyi ilə bağlı vacib məqamlar (I hissə)

Mövzunu “vergiler.az”a “Consulting Group” MMC-nin direktor-auditoru Elçin Əkbərov şərh edir:

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, audit əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli audit məcburi, digər hallarda isə könüllüdür.

Auditor xidməti nədir?
Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Hansı audit növləri var?

Ümumilikdə auditi 3 yerə bölmək olar: daxili audit, kənar audit, dövlət auditi.

Daxili audit: “Daxili audit haqqında” Qanuna əsasən, daxili audit təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.

Kənar audit: “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, audit əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Dövlət auditi: “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Misal üçün, Vergi Məcəlləsində “elektron audit” termini var – vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması.

Auditor rəyi nədir?

“Auditor xidməti haqqında” Qanuna əsasən, auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Auditor rəyini tələb etmək, eyni zamanda, vergi orqanlarının hüquqlarına aid edilib. Belə ki, Vergi Məcəlləsinin 23.1.4-cü maddəsində qeyd olunur ki, vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda, auditor rəyi vergi orqanları tərəfindən tələb edilə bilər.

Kənar audit və auditor rəyi kimlər üçün məcburidir?

1. Məhdud məsuliyyətli cəmiyyət: Mülki Məcəlləsinin 91.4-cü maddəsinin tələblərinə uyğun olaraq, (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

2. Səhmdar cəmiyyətləri illik hesabatlarını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Bu zaman o, illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditor cəlb etməyə borcludur.

Bundan başqa, nizamnamə kapitalında məcmu payı 10 faiz və daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı istənilən vaxt keçirilməlidir.3. Bank olmayan kredit təşkilatları;

4. Sığorta təşkilatları;

5. İnvestisiya fondları və onun depozitarı;

6. İnvestisiya şirkəti;

7. Fond birjası;

8. Klirinq təşkilatı.

Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, Mülki Məcəllənin 49-1.2. maddəsinin tələblərinə uyğun olaraq, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır.

Mülki Məcəllənin 49-1.1-ci maddəsinə əsasən, hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır:

- hüquqi şəxsin Direktorlar Şurasının (Müşahidə Şurasının) və icra orqanının rəhbəri və üzvləri;

- hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;

- yuxarıdakı bəndlərdə göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);

- hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;

- yuxarıdakı 4.1., 4.2. və 4.4. bəndlərində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər;

- hüquqi şəxsin nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs;

- yuxarıdakı 4.4. və 4.6. bəndlərində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;

- yuxarıdakı 4.4. və 4.6. bəndlərində göstərilən hüquqi şəxslərin Direktorlar Şurasının (Müşahidə Şurasının) və icra orqanlarının rəhbərləri;

- “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq, banklara, bank olmayan kredit təşkilatlarına və investisiya fondlarına aidiyyəti olan digər şəxslər.

Təsərrüfat cəmiyyəti iştirakçısının mayasının pulla qiymətləndirilməsi Mülki Məcəllənin 64.9. maddəsinin tələblərinə uyğun olaraq, cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında razılaşmaya əsasən yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən) keçirilməlidir.

Məcburi auditdən yayınmağa görə cərimələr

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300-600 manat arası, hüquqi şəxslər isə 1.500-2.500 manat arası məbləğdə cərimə edilir.

Başqa hansı hallarda auditor cəlb edilə bilər?

Ləğv ediləcək hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün Mülki Məcəllənin 59.2-1-ci maddəsinin tələblərinə uyğun olaraq, iştirakçıların ümumi yığıncağı müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanata (aktiv və passivlərinin vəziyyəti barədə) bərabər tutulur. Ümumi yığıncaq o halda müstəqil auditor cəlb edir ki, icra orqanı yuxarıda qeyd olunan bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirsin:

- nizamnamə kapitalının artırılması üçün;

- mühasibatlığın, vergi, hüquq və kadr qanunvericiliyinə riayət olunmasının auditinin aparılması üçün;

- səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan auditlər üçün.

Hansı hallarda maliyyə hesabatları dərc etdirilməlidir?

Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim olunması və dərc edilməsi qaydalarına əsasən, illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə aşağıda qeyd olunan qurumların internet səhifəsində və ya mətbu orqanda dərc edilməlidir:

- ictimai əhəmiyyətli qurumlar;

- birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatları (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla);

- dövlət zəmanəti ilə kredit alan kommersiya təşkilatları;

- dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən kommersiya təşkilatları;

- büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları.

İctimai əhəmiyyətli qurumlara hansılar daxildir?

Aşağıda sadalananlar ictimai əhəmiyyətli qurumlar hesab edilirlər:

- publik hüquqi şəxslər;

- ictimai birliklər və fondlar;

- dini qurumlar;

- kredit təşkilatları;

- sığortaçılar və təkrarsığortaçılar;

- investisiya fondları və bu fondların idarəçiləri;

- qeyri-dövlət (özəl) sosial fondlar;

- qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər;

- qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər;

- media ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər;

- telekommunikasiya xidməti göstərən müəssisələr;

- poçt müəssisələri;

- müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri;

- “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər, yəni aşağıdakı tələblərdən hər hansı birinə və ya bir neçəsinə cavab verən kommersiya təşkilatları:

İllik gəlir

(mln.manat)

Hesabat ili ərzində işçilərin orta hesabla sayı

(nəfər)

Balansın yekun məbləği

(mln.manat)

200,0

1500

500,0

Ardı var...

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?