20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rezident müəssisələrin ödədiyi dividendlərdən yaranan vergi öhdəliyi

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Bəs bu ödənişlər hansı formada vergiyə cəlb olunur? “vergiler.az”ın sualına Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev aydınlıq gətirir.

Dividend müəssisənin xalis mənfəətinin təsisçilər arasında bölüşdürülməsi, yəni bir növ təsisçilərin müəssisənin fəaliyyətindən əldə etdiyi mənfəətdən əldə etdikləri qazancdır. Ancaq dividend ödəmələri xalis mənfəətdən ödənildiyi üçün ilk növbədə xalis mənfəətin nə olduğunu aydınlaşdırmalıyıq.

Vergi Məcəlləsinin 13.2.19-cu maddəsində göstərilib ki, xalis mənfəət - mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir.

Rezident müəssisənin ödədiyi dividenddən yaranan vergi öhdəliyinə gəlincə, bu məsələ də qanunvericiliklə tənzimlənir.

Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisənin ödədiyi dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulmalıdır.

Ancaq bəzi dividendlər var ki, vergidən azad edilir. Məsələn, Vergi Məcəlləsinin 102.1.22-1 və 106.10-cu maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin və müəssisələrin dividend gəlirləri vergidən azad edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.11-1 və 106.1.14-cü maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin (müəssisələrin) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə vergidən azad edilir.

Misal: Fərz edək ki, "XX" müəssisəsinin təsisçilərindən biri fiziki şəxsdir. Müəssisə vergi ili ərzində xalis mənfəətindən təsisçisinə 9.500 manat dividend ödəyib. Bu halda müəssisənin ödəmə mənbəyində hesablamalı olduğu vergi məbləğini müəyyən edək:

9500 : 0,95 x 5% = 500 manat.

Deməli, elan olunmuş dividend məbləği 10.000 manat olub ki, bundan 5 faiz məbləğində vergi tutulduqdan sonra təsisçiyə ödənilən məbləğ 9.500 manat olub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?