12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron əmtəə-nəqliyyat qaiməsinin məqsədi və tətbiqi qaydası

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2022-ci ildən etibarən yeni termin - elektron əmtəə-nəqliyyat qaiməsi daxil edilib. Bununla bağlı yaradılan elektron sistem artıq martın 1-dən istifadəyə verilib. “Consulting Group” MMC-nin direktor-auditoru Elçin Əkbərov elektron əmtəə-nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı qanunvericiliyin tələbələrini “vergiler.az”a şərh edir:

Bu forma “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (355 eƏNQ) və “Yük avtonəqliyyatı üçün elektron yol vərəqəsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 355 saylı Qərarı ilə təsdiq edilib.

Elektron əmtəə-nəqliyyat qaiməsi “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yükdaşıma müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, yükgöndərən tərəfindən tərtib edilməklə rəsmiləşdirilən sənəddir (355 eƏNQ, maddə 1.2.).

Vergi Məcəlləsinin 71-3.1-ci maddəsinə əsasən, “Avtomobil nəqliyyatı haqqında” Qanuna uyğun olaraq, əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi tərtib edilir.

İstifadə məqsədləri və əlavə məlumat

Elektron əmtəə-nəqliyyat qaiməsi aşağıdakı məqsədlər üçün istifadə olunur:

- malların bir vergi ödəyicisindən digər vergi ödəyicisinə təqdim edilməsi ilə bağlı daşınması;

- malların bir vergi ödəyicisindən digər vergi ödəyicisinə qaytarılması ilə bağlı daşınması;

- əvvəlcədən sifariş edilməyən, satışa çıxarılan malların daşınması;

- pərakəndə qaydada son istehlakçıya təqdim edilmiş malların daşınması;

- pərakəndə qaydada təqdim edilmiş son istehlakçıdan qaytarılan malların daşınması;

- ümumi istifadədə olan avtomobil yollarına çıxmaqla malların təsərrüfatdaxili daşınması;

- emala veriləcək malların daşınması;

- emal prosesi keçmiş qaytarılan malların daşınması;

- idxal edilmiş və ya ixrac olunan malların ölkədaxili daşınması;

- alış aktı (elektron alış aktı) əsasında əldə edilmiş malların daşınması.

Elektron əmtəə-nəqliyyat qaiməsində yükgöndərən, daşıyıcı və yükalan barədə məlumatlar, avtomatik tərtib olunmuş və istifadəni asanlaşdıran QR kod (Quick Response Code – sənədin sürətli məlumat kodu), əmtəənin dəyəri və s. kimi geniş məlumatlar əks etdirilir. Yükalan və ya yükgöndərən gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində elektron əmtəə-nəqliyyat qaiməsini təsdiq etməlidir. Yükalan və ya yükgöndərən tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq edilmədikdə, lakin həmin qaimədə qeyd olunan mallar üzrə tərtib olunmuş elektron qaimə-fakturalar təsdiq edildikdə həmin elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq edilmiş sayılır. Bu son məqam vergi ödəyicisinin işini asanlaşdırır (355 eƏNQ, maddə 3.5.).

Tətbiq

Sözügedən forma Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi (AYNA) informasiya sistemində Azərbaycan dilində hazırlanır və 1 mart 2024-cü il tarixdən etibarən sistem işlək vəziyyətdədir, ondan https://e-xidmet.ayna.gov.az/ keçidi vasitəsilə istifadə etmək mümkündür.

Nəzarət və cərimə

Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu Qaydalara əlavə ilə müəyyən edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir (355 eƏNQ, maddə 1.3.).

Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir (355 eƏNQ, maddə 4.3.).

Malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdansatışla məşğul olan ticarət obyektlərinə, bazarlara elektron əmtəə-nəqliyyat qaiməsi olmadan gətirilməsinin qarşısının alınması səlahiyyətlərini İqtisadiyyat Nazirliyi həyata keçirir (355 eƏNQ, maddə 4.3.).

Vergi Məcəlləsinin 23.1.3-1-ci maddəsinə əsasən, vergi orqanları malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə elektron əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının ala bilər.

Yuxarıda qeyd olunan hər iki nazirlik AYNA informasiya sistemində yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində olan məlumatlara çıxış imkanına malikdirlər və öz səlahiyyətləri çərçivəsində həmin məlumatlardan istifadə edirlər.

İnzibati Xətalar Məcəlləsinin 323.2-ci maddəsinə əsasən, əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 40 manat məbləğində cərimə edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?