11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəştləri təhsil, səhiyyə, idman, mədəniyyət və incəsənət kimi sahələrin inkişafını dəstəkləyir

Sosial güzəştlərin artırılması ölkəmizin iqtisadi inkişafı ilə tandem təşkil edən vergi qanunvericiliyində aparılan təkmilləşdirmələrin əsas istiqamətlərindən biridir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilərkən təhsil, səhiyyə, idman, mədəniyyət və incəsənət kimi sahələrin inkişafını stimullaşdırmağa təkan verən məqamlar diqqətdə saxlanılır. Xüsusilə idman sahəsində son dövrlərdə müşahidə edilən dinamik inkişaf bu sahədə vergi güzəştlərinin tətbiqi ilə bağlı təklifləri gündəmə gətirib. Belə güzəştlər vergi qanunvericiliyində yer alırdı və bu ildən etibarən onların səmərəliliyi daha da artırılıb.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, vergiödəyicisinin illik mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi bu ildən 10 faizdən 15 faizə qaldırılıb. Bu dəyişiklik, müəssisələrin sosial-korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramının daha effektiv həyata keçirilməsi məqsədinə xidmət edir.

Beləliklə, artıq müəssisələr mənfəətinin daha çox hissəsini vergi ödəmədən sosial istiqamətlərə maliyyə dəstəyi kimi yönəldə biləcəklər. Məsələn, müəssisənin illik mənfəəti 100 min manatdırsa, dəyişikliyə qədər bunun 10 min manatı vergidən azad olmaqla bir idman klubuna ianə edə bilinirdisə, dəyişiklikdən sonra bu limit 15 min manata qaldırılıb.

Eyni zamanda, nəzərə alınmalıdır ki, güzəşt yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. Vergiödəyicisi bu kimi xərcləri nağd qaydada çəkərsə, o zaman güzəşt hüququnu itirəcək. Həmçinin mövcud güzəşt dövlətin adından yaradılan publik hüquqi şəxslərə şamil edilmir.

Ümumilikdə, bu güzəşt 2019-cu ilin yanvar ayından etibarən tətbiq edilir, yəni artıq 5 ildir mövcuddur. İlkin mərhələdə güzəşt elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlara köçürülən ianələrə şamil edilirdisə, daha sonra güzəştin tətbiq dairəsi genişləndirilərək 2021-ci ildən etibarən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara edilən ianələrə də aid edilib. Hazırda, fərmanla təsdiq edilmiş siyahıda 3 fond nəzərdə tutulur: “Heydər Əliyev Fondu”, “Qarabağ Dirçəliş Fondu” və “YAŞAT” Fondu.

Ötən ilə qədər sözügedən güzəşt dövlət müəssisələri tərəfindən edilən yardımlara aid edilmirdisə, 2023-cü il yanvarın 1-dən paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də şamil edilir.

Bundan əlavə, qüvvədə olan qanunvericiliyə əsasən, təkcə idman klubları deyil, idmançılar da vergi güzəştlərindən yararlana bilirlər. Belə ki, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri gəlir vergisindən azad edilib. Ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50.000 manatadək olan hissəsi də gəlir vergisindən azaddır.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?