5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi sistemi yeni çağırışlara hazırdır

11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolunu nəzərə alaraq, bu peşə bayramı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2005-ci ildə təsis olunub.

Dövlət Vergi Xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısı olan, fiskal yığımların əhəmiyyətli hissəsini təmin edən qurum olmaqla yanaşı, həm də iqtisadiyyatı və sahibkarlıq mühitinin inkişafını tənzimləyən bir qurum kimi fəaliyyət göstərməkdədir.

Son illərdə dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi, habelə biznes və investisiya mühitinin cəlbediciliyinin artırılması vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edib. İqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə edilib.

Hazırda dövlət büdcəsinin gəlirlərinin 16 mlrd. manatdan çoxu vergi orqanları tərəfindən təmin edilir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub. Son illərdə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının dinamik artımında və vergitutma bazasının genişlənməsində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və şəffaflaşma ən mühüm amil olub. Rəqabətin təmin edilməsi, sahibkarlığın təşviqi və leqal fəaliyyət vergi stimullarının tətbiqi şəraitində genişlənir. Bunun nəticəsində "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin "ağarması" prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir.

Dövriyyələrin şəffaflaşmasında yeni nəsil nəzarət-kassaaparatlarının geniş tətbiqi mühüm amillərdən biridir. İndiyədək ölkə ərazisində 98 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb. Yeni nəsil kassalardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Azərbaycanda uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. 2023-cü il ərzində fiziki şəxs olan istehlakçılara ödədikləri ƏDV üzrə 154 milyon 178,8 min manat geri qaytarılıb. Qeyd edək ki, ötən ildən etibarən nağdsız ödəniş edən istehlakçılara qaytarılan ƏDV məbləği artırılıb. Bu da faktiki olaraq nağdsız ödənişlə alış-verşin genişlənməsinə səbəb olub. Bu, həm də vergi islahatlarının nağdsız dövriyyənin artımına verdiyi töhfədir.

İqtisadi aktivlik, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahələrdə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib. ƏDV ödəyicilərinin sayında müşahidə olunan artım isə fiskal nöqteyi-nəzərindən xüsusilə aktualdır. 2023-cü ildə aktiv vergi ödəyicilərinin sayı 7 faiz, aktiv ƏDV ödəyicilərinin 14,4 faiz, aktiv obyektlərin sayı isə 8,1 faiz artıb. 2024-cü ilin əvvəlində aktiv vergi ödəyicilərinin sayı 761,7 minə yaxın olub.

Ötən il istər vergi qanunvericiliyi, istərsə də Vergi Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Sahibkarlıq assosiasiyaları, sahibkarların ictimai birlikləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində intensiv iş aparılıb. Həm qanunvericilikdə olan son dəyişikliklər, həm də perspektiv dəyişikliklər sahibkarların ictimai birlikləri, sahibkarları təmsil edən assosiasiyalarla mütəmadi müzakirə olunur.

Vergi ödəyicilərinə xidmətlərin genişləndirilməsi və bir sıra interaktiv elektron xidmətlərin yaradılması istiqamətində iş gedir ki, bu da vergi ödəyiciləri üçün böyük fayda gətirəcək, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda, vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır. Bu səbəbdən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılıb. Belə ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir. Bu bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilib. Yeni formaya aid proqram təminatı 2023-cü ilin IV rübündən etibarən istifadəyə verilib və sadələşdirilmiş interfeys formasında sistemə keçid təmin edilib. Beləliklə, rəqəmsal həllərə söykənən bu dəyişikliklər və imkanların yaradılması vergi ödəyicilərinin vaxt itkisinin və lüzumsuz prosedurların aradan qaldırılmasına gətirib çıxaracaq.

Dövlət Vergi Xidməti qarşıda duran əsas hədəflərə və iqtisadi sistemin yeni çağırışlarına uyğun olaraq təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsiplərinə söykənən rəqəmsal platformanı təkmilləşdirməkdə davam edir. Vergi sistemində rəqəmsallaşma səviyyəsi və rəqəmsal inzibatçılıq daha da təkmilləşir. Sayı 760 mini keçmiş aktiv vergi ödəyicilərinə münasibətdə effektiv nəzarətin qurulması yalnız bu yolla mümkündür. Bu baxımdan, vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılmaqdadır. Beynəlxalq təcrübəyə uyğun olaraq, vergi qanunvericiliyinə bir sıra yeniliklər daxil edilib. O cümlədən, müxtəlif vergidən yayınma sxemlərinin tətbiqinin qarşısının alınması, ölkədəki qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması, həmçinin, avtomatik məlumat mübadiləsinin genişlənməsi və emalın daha effektiv aparılması, beynəlxalq müqavilələr şəbəkəsinin artırılması, inzibati yardım üzrə digər formatların tətbiq edilməsi, müqavilələrin tətbiqi ilə bağlı proseslərin rəqəmsallaşdırılması ilə bağlı beynəlxalq standartlar qanunvericiliyə daxil edilib. Xüsusilə də, İqtisadi Əməkdaşılıq və İnkişaf Təşkilatının təşəbbüsü ilə dünyanın 60-dan çox ölkəsinin, o cümlədən Azərbaycanın da qoşulduğu “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsi ilə bağlı qanunvericilikdə yeniliklər mövcuddur. Beynəlxalq standartların tətbiqi daxili bazarda rəqabətliliyin qorunmasına, yeni biznes-modellərin yaradılmasına, vergi bazasının düzgün formalaşmasına, fəaliyyətin iqtisadi dəyərin yarandığı yerdə vergiyə cəlb edilməsinə, vergilərin tam şəkildə və düzgün hesablanmasına, ölkələrarası vergilərin ədalətli bölgüsünə xidmət edir.

Bütövlükdə, milli vergi sistemi sürətli inkişaf mərhələsindədir. Ölkə iqtisadiyyatında əldə olunmuş uğurların davam etdirilməsi, o cümlədən iqtisadi artım templərinin və şaxələndirilmə proseslərinin sürətləndirilməsi vergi sistemimiz üçün də yeni çağırışlar yaradır. Bu vəzifələr “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təfsilatı ilə əks olunub. Bu istiqamətlərdə aparılan islahatlar vergi sisteminin iqtisadi inkişafa töhfəsini daha da artıracaq, müasir biznes əlaqələrinin qurulması və iqtisadi artımın təmin edilməsində əlavə imkanlar yaradacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?