13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Təsisçidən alınmış borc məbləği nağd şəkildə geri qaytarıla bilərmi?

Təcrübədə təsisçilərin şirkətlərə müəyyən layihələr üçün borc verməsinə tez-tez rast gəlinir. Bəs təsisçidən alınmış həmin borc məbləği nağd şəkildə geri qaytarıla bilərmi? “vergiler.az”ın sualına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:

Nağd və nağdsız əməliyyatların limiti “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən tənzimlənir. Qanunun 3.3-cü maddəsinə əsasən, bu qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu müddəaya əsaslanaraq, vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərə ay ərzində borc məbləğinin 15.000 və ya 30.000 manat hədd daxilində nağd şəkildə qaytarıla bilər.

Lakin qeyd olunan Qanunun 3.4.6-cı maddəsinə əsasən, borc verən təsisçi vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadırsa, həmin borc məbləği təsisçiyə yalnız nağdsız qaydada qaytarılmalıdır. Əgər bu əməliyyat pozularsa, o zaman Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilə bilər. Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsində göstərilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: ƏDV ödəyicisi olmayan və 12 aylıq dövriyyəsi 200.000 manatdan az olan "A" MMC-nin təsisçisi VÖEN-i olmayan fiziki şəxsdir. Qeyd olunan təsisçi tərəfindən "A" MMC-yə 40.000 manat borc verilib. Belə olan halda, "A" MMC borc məbləğini borc verənə nağd şəkildə qaytara bilər. Lakin bu, hər ay üçün 15.000 manatdan çox olmamaqla mümkündür.

Misal 2: ƏDV ödəyicisi olan "A" MMC-nin təsisçisi VÖEN-i olmayan fiziki şəxsdir. Həmin təsisçi tərəfindən "A" MMC-yə 50.000 manat məbləğində borc verilib. Əgər "A" MMC tərəfindən borcun nağd şəkildə geri qaytarılması qərara alınsa, qaytarıla bilər. Lakin geri qaytarılan borcun məbləği aylıq 30.000 manatdan artıq olmamalıdır.

Misal 3: "A" MMC-nin təsisçisi VÖEN-i olan fiziki şəxsdir və bu təsisçi tərəfindən "A" MMC-yə 15.000 manat məbləğində borc verilib. Bu halda, "A" MMC tərəfindən alınan borc məbləği qeyd olunan təsisçiyə yalnız nağdsız qaydada qaytarıla bilər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?