Təmirlə bağlı xərclərin gəlirdən çıxılması
Qanunvericiliyə əsasən, əsas vəsaitlərə çəkilən təmir xərcləri müəyyən şərtlərlə vergi ödəyicisinin gəlirlərindən çıxıla bilər. Maliyyə-mühasibat üzrə ekspert Xalid Cəfərov bunun hansı qaydalarla reallaşdırılması yollarını “vergiler.az”a açıqlayıb:
Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği məhdudlaşdırılır. Bu məbləği tapmaq üçün torpaq, tikili və avadanlıqların hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərini müvafiq faiz dərəcəsinə görə hesablamaq lazımdır.
Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, faiz dərəcələri aşağıdakı kimi müəyyən olunub:
- binalar, tikinti və qurğular - ilin sonuna qalıq dəyərinin 2 faizi;
- maşınlar, avadanlıq və hesablama texnikası - ilin sonuna qalıq dəyərinin 5 faizi;
- yüksək texnologiyalar məhsulu olan hesablama texnikası - ilin sonuna qalıq dəyərinin 3 faizi;
- nəqliyyat vasitələri - ilin sonuna qalıq dəyərinin 5 faizi;
- digər torpaq, tikili və avadanlıqlar - ilin sonuna qalıq dəyərinin 3 faizi;
- köhnəlmə (amortizasiya) hesablanmayan torpaq, tikili və avadanlıqlar üzrə - 0 faiz.
Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd hesablanmış məbləği arasındakı fərq qədər artırılır.
Müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna torpaq, tikili və avadanlıqların (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.
Vergi Məcəlləsinin 152-ci maddəsinə əsasən, bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir. Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.
İcarəyə götürülmüş torpaq, tikili və avadanlıqların təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği torpaq, tikili və avadanlıqların hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin yuxarıda qeyd olunan faiz həddi ilə məhdudlaşdırılır.
Misal: İlin əvvəlinə “XX” MMC-yə məxsus avtomobilin 2022-ci ilin əvvəlinə qalıq dəyəri 5.000 manat olub. Vergi Məcəlləsinin şərtlərinə əsasən, bu avtomobilə il ərzində 250 (5000 manat x 5%) manat təmir xərci gəlirdən çıxıla bilər, yəni gəlirdən çıxılan xərcə silinə bilər:
5000 x 5% = 250 manat.
Avtomobilin təmirinə il ərzində faktiki olaraq kassadan 500 manat, yəni normadan 250 manat artıq xərclənib. Bu zaman norma daxilindəki təmir xərci birbaşa xərclər maddəsinə, normadan artıq xərc isə avtomobilin qalıq dəyərinin üstünə silinməlidir.