3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 5,7 faiz artıb

Azərbaycanda “kölgə iqtisadiyyatı”nın azaldılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklər edilməklə yanaşı, vergi inzibatçılığında da mütəmadi olaraq təkmilləşdirmələr aparılır. “vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Elşən Rəhimli deyib. Onun sözlərinə görə, həm vergi inzibatçılığı, həm də qanunvericilikdə həyata keçirilən tədbirlər vergi orqanlarının daha səmərəli fəaliyyət göstərməsinə, vergilərin daha operativ və vaxtında ödənilməsinə şərait yaradır.

E.Rəhimli qeyd edib ki, vergi orqanlarının fəaliyyətinin əsas göstəricisi vergi yığımlarının həcmi ilə bağlıdır. Bu ilin yanvar-sentyabr ayları ərzində 12,8 milyard manat vergi daxilolması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə yığımların həcmi yüksək olub. Məcburi dövlət sosial sığorta haqları üzrə cari ilin 9 ayı ərzində 3,8 milyard manat vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Qeyd edilən müddətdə işsizlikdən sığorta haqları üzrə 132,8 milyon manat vəsait toplanılıb ki, bu da keçən illə müqayisədə 15 faiz artıq vəsait deməkdir. İcbari tibbi sığorta haqları üzrə isə 683 milyon manat vəsait aidiyyəti fonda ödənilib ki, bu da ötən illə müqayisədə 15,3 faiz əlavə vəsaitdir. Ümumilikdə DVX tərəfindən qeyd edilən istiqamətlər üzrə yığımlar 17,4 milyard manat olub ki, bu da ölkə üzrə ümumi fiskal yığımların 80 faizini təşkil edib.

Cari ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə 7,425 milyon manat vergi daxilolması olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Bu, proqnozdan artıq 415,5 milyon manat əlavə vəsaitin yığılması deməkdir.

E.Rəhimli bildirib ki, cari ilin 9 ayında qeyri-neft sektorunda ÜDM-in nominal artım tempi 11,6 faiz olduğu halda, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının nominal artım tempi 19,3 faiz olub. Nominal artım tempi üzrə verginin ÜDM-i üstələməsi 7,7 faiz artıb ki, bu da iqtisadiyyatda şəffaflaşmanın və “boz zona”da olan gəlirlərin vergiləndirilməsinin bariz göstəricisidir.

DVX rəsmisi qeyri-neft sektoru üzrə dövriyyələrin həcminin 9,2 faiz artdığını söyləyib. Onun sözlərinə görə, qeyri-neft sektorunda ƏDV üzrə dövriyyənin həcmində 9 faiz artım baş verib. Elektron qaimə-faktura üzrə dövriyyələrin həcmi 22 faiz artıb.

Cari ildə aktiv vergi ödəyicilərinin sayı 5,7 faiz artaraq 750 min nəfəri keçib. Bu müddətdə aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz, aktiv obyektlərin sayı 6,8 faiz artıb.

E.Rəhimli əlavə edib ki, 2019-cu ildə qəbul olunmuş qanuna əsasən, özəl sektorda 800 manatadək əməkhaqqı gəlir vergisindən azad olunub. Bu azadolma əmək müqavilələrinin “ağarması”na çox böyük təsir göstərib. 2019-cu ildə aktiv əmək müqavilələrinin sayı 539 min təşkil edirdisə, bu ilin 1 oktyabr tarixinə bu say 880 minə yüksəlib. Qeyd edilən müddətdə əmək müqavilələrinin sayında 1,6 dəfə artım baş verib. Cəmi əmək müqavilələrində özəl sektorun payı 49,8 faiz olub. Nəzərdə tutulan obyektlərin əksəriyyətində nəzarət kassa aparatı quraşdırılıb. Artıq obyektlərdə quraşdırılan nəzarət kassa aparatlarının sayı 92 mini keçib. Həmin aparatlarla dövriyyənin həcmi 16 milyard manatı keçib ki, bu da keçən illə müqayisədə 15,6 faiz artım deməkdir. Bunun nəticəsində ticarət sahələrində vergi daxilolmalarının həcmi 30 faiz artıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ