11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

XVIII əsrin II yarısında Azərbaycan xanlıqlarında vergilər

Nadir şahın ölümündən sonra Azərbaycan vilayətləri bir-birinin ardınca müstəqilliklərini elan etdilər və xanlıqlar yarandı. Azərbaycan iqtisadçısı Məhəmmədhəsən bəy Vəlili-Baharlı yazırdı:

"Azərbaycan xanlıqlarının xərcləri xanların təminatına, xanlıq tərəfindən idarə edilməyə, ordunun saxlanmasına, yollar çəkilməsinə və sair işlərə xərclərdən ibarət idi. Bu xərclərin ödənilməsi üçün natural vergilər, şəxsi mükəlləfiyyətlər, iltizam maddələri və başqa pul vergiləri vardı".

Xanlıqlar dövründə əsas vergi ödəyiciləri kəndlilər idilər. Kəndlilərin əksər hissəsini rəiyyət təşkil edirdi. Onlar divan, mülk və vəqf torpaqlarında yaşayırdılar. Kənd icmasının ayırdığı torpaqları becərən bu kəndlilər məhsulun bir hissəsini feodala, yaxud dövlət xəzinəsinə ödəyirdilər.

Rəncbərin isə torpağı yox idi. O, xanın və ya hər hansı feodalın mülkündə işləyir, cüzi muzd alırdı, yaxud da kənd təsərrüfatı ilə məşğul olub məhsulun az hissəsi (adətən üçdə biri) ilə kifayətlənməli idi. Elatlar maldarlıqla məşğul olurdular. Onlar tayfa başçılarından asılı idilər.

Azərbaycan xanlıqlarında əsas vergi "malcəhət" (Naxçıvan və Şirvan xanlıqlarında "bəhrə") adlanırdı. Bu verginin həcmi məhsulun və ya gəlirin onda biri ilə üçdə biri arasında dəyişirdi.

Malcəhət (və ya bəhrə) vergisindən başqa, əhalidən çöpbaşı, bağbaşı, toypulu, otaqxərci, dişkirəsi, mirzəyanə, kələntərlik, darğalıq və s. vergilər də yığılırdı.

Feodallar otlaqlardan istifadə müqabilində "çöpbaşı" vergisi alırdılar. Bağlardan yığılan məhsulun onda biri natural şəkildə ödənilir və "bağbaşı" adlanırdı.

Kəndlilər hər bir toy üçün haqq ödəyirdilər. Toy kəndlinin öz ailəsində olurdusa, onda o, bəyə "toyxərci" verməliydi, bəyin ailəsində olan toy üçün isə kəndlidən "toypulu" tələb edilirdi. Bunlardan əlavə, "toypayı" da vardı, xanın ailə üzvlərindən biri kəndə gələndə onun xərcləri üçün istifadə olunurdu.

Hər bir kəndli həyətindən "otaqxərci" deyilən vergi də yığılırdı.

Qonşu xanlarla dava etmək üçün hər bir xanın çoxlu əsgəri olurdu, əsgərləri isə rəiyyət öz hesabına saxlamalıydı. Bu mükəlləfiyyətə "dişkirəsi" deyirdilər. Atlar da ac qala bilməzdi. Kəndlilər atlara da arpa verməliydilər. Bu vergi "atarpası" adlanırdı. Xanın dəftərxana işçiləri, inzibati idarəetmənin digər qurumlarının məmurları yeyib-içməli, məvacib almalıydılar. Bu xərcləri ödəmək üçün "mirzəyanə", "kələntərlik" kimi vergilər ödənirdi. Bu hələ hamısı deyil. Bəs vergiyığanlar özləri kimin hesabına yaşamalıydılar? Əlbəttə ki, kəndlilərin, yəni vergi ödəyicilərinin hesabına. Bunun üçün ayrıca yığılan "darğalıq" adlı vergi köməyə çatırdı.

Bəs "biyar"? Əvvəlki əsrlərdən üzü bəri yaddan çıxmayan mükəlləfiyyət? Əlbəttə, "biyar" da qalmışdı və üstəlik, İranda tətbiq edilən "əvrəz" də. Xanlıqlar dövründə "biyar" ildə 3 gündən 6 günədək, "əvrəz" isə 2 gün olurdu. Biyar zamanı rəiyyət təsərrüfatda cari işlərə (ot biçmək, heyvan otarmaq və s.) cəlb olunurdusa, əvrəz zamanı kəndin bütün əhalisi ya qala divarı hörür, ya körpü salır, ya da feodalın təsərrüfat işlərində birlikdə çalışmalı olurdu.

Qarabağ xanı İbrahimxəlil xanın (1726-1806) vəziri olmuş Mirzə Camalın "Qarabağ tarixi" əsərində vergilər barədə də yazılıb:

"İbrahim xanın gəliri mahalların və kəndlərin taxıl və ipəyindən alınan malcəhətdən və əkin yerlərində xana məxsus olan kotanlardan istifadə edilməsi üçün alınan vergidən ibarət idi. Bütün bu qədər taxıl və mal-qara qoşuna, saraya, hərəmxanaya, nökərlərə, əmələlərə və qonaqlara sərf olunurdu. Bunlardan əlavə, xanın icarə, peşkəş, Qarabağ ixracatı və sikkəxanadan gəliri olurdu və ona Azərbaycan vilayətlərindən çoxlu peşkəş gətirirdilər."

Yazıçı Yusif Vəzir Çəmənzəminlinin Qarabağ xanlığının həmin dövrünə həsr edilmiş "İki od arasında" adlı romanında da vergilər, onların yığılması, vergidən azadolmalar və s. barədə kifayət qədər informasiya var. Əsərdən bəzi parçaları nəzərdən keçirək:

"Kişilər il uzunu davada, kimi ölmüş, kimi şikəst olmuş, arvadlar ağır işlərdə, yüzbaşı da qapını kəsib deyirdi:Töycünü ver!"

"Ağanın gəlməsi yüzbaşı üçün bir bəhanə oldu: onun adamları hələ də ev-ev gəzib toypayı yığırdılar. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadların qarğışı və nifrini kəndlə bir olmuşdu".

"Xan uğunub getdi. Kələntərin gülməkdən gözləri yaşardı. Lətifələrin şirin yerində pişxidmət məcməyidə alma, armud, nar, heyva və əzgil gətirib, qonaqların qabağına qoydu. Bunların hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi".

Digər xanlıqlarda da vəziyyət təxminən buna oxşar idi.

Mənbə: Akif Musayev, Aslan Qəhrəmanov, “Vergi mədəniyyəti” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?