14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi müvəkkillərinə dair tələblər müəyyən edilib

Vergilər naziri Mikayıl Cabbarov "Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi"nin nümunəvi formasını təsdiq edib

Sənəddə vergi müvəkkilinə tələblər, onun göstərdiyi xidmətlər, tərəflərin hüquq və vəzifələri, vergi müvəkkilinin xidmət göstərəcəyi vergi ödəyicisi ilə bağlayacağı müqaviləyə dair tələblər, eləcə də sazişin müddəti və xitam verilməsi qaydaları əksini tapıb.

Əməkdaşlıq sazişi vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması səbəbindən baş verəcək maliyyə itkiləri üzrə risklərin, vergi nəzarəti tədbirləri üzrə izahatlar və əlavə yazışmalara sərf ediləcək inzibati xərclərin azaldılması, vergi müvəkkilinin vergi qanunvericiliyinin tətbiqi ilə bağlı müraciətlərinə daha operativ, konkret, dəqiq, əsaslandırılmış cavabların alınmasına xidmət edir. Sənəd, eyni zamanda, vergi müvəkkilinin xidmətlərindən istifadə edən vergi ödəyicilərinə münasibətdə həm vergi ödəyicilərinə xidmət, həm də vergi ödəyicilərinə nəzarət baxımından vergi orqanlarının resurslarına qənaət edilməsi məqsədilə vergi orqanı ilə vergi müvəkkilləri arasındakı münasibətləri tənzimləyir.

Sazişə əsasən, vergi müvəkkili vergi ödəyicisi ilə bağladığı müqaviləyə uyğun olaraq ona aşağıdakı istiqamətlər üzrə, lakin bunlarla məhdudlaşdırılmayan xidmətlər göstərə bilər:

  • vergi orqanlarında təmsilçilik xidməti;
  • vergi orqanları ilə münasibətdə sənədlərin hazırlanması xidməti;
  • gəlir və xərclərin uçotunun aparılması xidməti;
  • vergilərin hesablanması xidməti;
  • bəyannamələrin hazırlanması xidməti;
  • bəyannamələrin göndərilməsi xidməti;
  • qanunvericiliyin tələblərinin vergi ödəyicilərinə çatdırılması xidməti;
  • vergi ödəyicisinə onun fəaliyyətinin təşkili sahəsində göstərilən məsləhət xidməti.

Sənəddə vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinə aşağıdakı tələblər yer alıb:

  1. İqtisadiyyat və (və ya) hüquq sahəsində ali təhsil;
  2. Maliyyə, mühasibat, hüquq və ya vergi sahəsində ən azı 3 illik iş təcrübəsi;
  3. Vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməmək;
  4. Vergilər Nazirliyinin müəyyən etdiyi proqram əsasında hər il nazirliyin Tədris Mərkəzində təlim keçmək və təlimin nəticəsində təşkil olunmuş imtahanda müvəffəqiyyət qazanmaq.

Vergi müvəkkili olmaq istəyən hüquqi şəxslərə də bəzi tələblər müəyyən edilib. Onlar yuxarıda sadalanan tələblərə cavab verəcək ən azı 2 işçi ilə əmək müqaviləsi və mülki məsuliyyətin sığortası ilə bağlı müqavilə bağlamalıdırlar. Əvvəllər vergi müvəkkili olan və Vergilər Nazirliyi ilə bağlanmış sazişin tələblərinə əməl etməməsi səbəbindən həmin sazişə xitam verilən hüquqi şəxslərlə yenidən saziş bağlanmayacaq.

Əməkdaşlıq sazişində vergi müvəkkilinin Vergilər Nazirliyində yaradılan xüsusi işçi qrup ilə üzbəüz görüşməklə 10 iş günündən gec olmayaraq vergi qanunvericiliyinin tətbiqi ilə bağlı tam, konkret, əsaslandırılmış cavab almaq hüququ əksini tapıb. Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi 3 illik müddətə bağlanılır. Vergi müvəkkili vəzifələrini yerinə yetirmədikdə, fəaliyyətinə xitam verildikdə və ya işçilərinin sayı 2 nəfərdən az olduqda sazişə xitam verilə bilər.

Onu da deyək ki, Vergilər Nazirliyi tərəfindən "Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Qaydaları" təsdiq edilib. Sənədlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.taxes.gov.az/

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?