12 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağqoyunlu hökmdarı Uzun Həsənin vergi islahatları

XV əsrin rəsmi sənədlərindən məlum olur ki, bu dövrdə Azərbaycanda 30-dan artıq vergi və mükəlləfiyyət mövcud olub. Əsas vergi növü malcəhət (və yaxud bəhrə) adlanırdı. Əldə edilmiş məhsulun beşdə biri vergi kimi yığılırdı. Bundan əlavə, kəndlilər həm də istifadə etdikləri suyun müqabilində bəhrə ödəyirdilər (bu əlavə bəhrəyə görə arx sahibi məhsulun on beşdə bir hissəsini alırdı). Digər vergilər, məsələn, tamğa, bac, ixracat da kifayət qədər ağır idi. Tamğa və bac Elxanilər dövründən qüvvədə idi. İxracat isə hərbçilərin, mülki və ruhani vəzifə sahiblərinin xeyrinə toplanırdı. Maldarlardan bu dövrdə qopçur əvəzinə çobanbəyi adlanan vergi yığılırdı. Yerli inzibatçı məmurlar üçün dəruğəki, vergiqoyan məmurlar üçün mumayizane, ruhani başçılar üçün rəsm-əl-vüzarə vergiləri ödənilirdi.

Biyar mükəlləfiyyəti ilə yanaşı, feodal ziyafətlərinin təşkili məqsədilə şilənbəha, süfrəbəha və s. mükəlləfiyyətlər də mövcud idi.

Azərbaycan feodalları yenə də müqatiə (iltizam), yəni vergi toplanmasını icarəyə vermək üsulündan istifadə edirdilər. Onlar özləri adətən şəhərlərdə yaşayır, vergiləri xüsusi məmurlar vasitəsilə toplayır, əldə etdikləri nemətləri israfçılıqla işlədirdilər.

XV əsrin ikinci yarısında Ağqoyunlu hökmdarı Uzun Həsən vergi sahəsində mühüm islahatlar apardı. Ölkənin hər yerinə "Qanunnamə" adlandırılan vergi qanunları göndərildi.

"Qanunnamə"lərin tam mətni indiyədək qorunub saxlanmasa da, qalan məlumatlardan Uzun Həsənin islahatlarının ümumi xarakteri bəlli olur. O dövrdə "Həsən padşahın qanunları" və ya "Dəsturi Həsən bəy" adlanan bu qanunlar barədə bir tarixi əsərdə belə qeyd edilir:

"Uzun Həsən ədalətli və xeyirxah idi. O, tamğanı ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tamğanı yarıbayarı azaldıb iyirmidə birə çatdırdı".

"Qanunnamə"lər vergi ödənilməsində qayda yaratmaqla özbaşına yığılan və həmin dövrdə "şiltaqat" adlanan hər cür vergini ləğv etdi. Vilayət ərazisindən keçirilib başqa yerdə satılmaq üçün aparılan mal üçün bac, həmin ərazidə satılan mal üçün tamğa ödənilməsi nəzərdə tutulurdu. Tamğa vergisinin dərəcəsi 5 faiz idi, bac isə bundan qat-qat aşağı dərəcə ilə alınırdı.

Uzun Həsənin hökmdarlığı dövründə köçəri maldarlar qopçur əvəzinə "rəsmi-yataq" adlanan vergi ödəyirdilər. Bu vergi qopçura və çobanbəyiyə nisbətən yüngül idi. Məsələn, əvvəllər hər yüz baş qoyundan bir qoyun ödənilirdisə, islahatlardan sonra hər 300 baş qoyundan biri ödənilirdi.

“Həsən padşahın qanunları" Səfəvilər dövründə də ləğv olunmayıb. Osmanlı imperiyasının bəzi vilayətlərində də bu qanunlardan uzun müddət istifadə edilib.

Mənbə: Akif Musayev, Aslan Qəhrəmanov, “Vergi mədəniyyəti” kitabı

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?