15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-fakturada düzəliş edilməsi hansı qaydada mümkündür?

Müəssisəmiz 20.05.2023-cü il tarixdə mal satıb və 05.06.2023-ci il tarixində elektron qaimə-fakturada göstərilən məlumatların ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmaması müəyyən edilib. 05.06.2023-ci il tarixdə elektron qaimə-fakturaya düzəliş edilirsə, bu halda e-qaimə hansı tarixdə olacaq və ƏDV bəyannaməsində hansı hesabat dövründə əksini tapmalıdır? Nəzərə alaq ki, müəssisəmiz ƏDV ödəyicisidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib.

Qaydaların 2.5.1-ci bəndinin müddəalarına əsasən, düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi halda, elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi “Əlavə qeydlər” sətrində göstərilir.

Qaydaların 2.8-ci bəndinə əsasən, elektron qaimə-fakturanın seriyası, nömrəsi və verilmə tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanın gücləndirilmiş elektron imza vasitəsilə imzalanaraq göndərildiyi tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.

Qaydaların 3.6-cı bəndinə əsasən, vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

Eyni zamanda, düzəliş edilərək geri qaytarılan elektron qaimə-fakturada düzəliş edilən məlumatlar cari elektron qaimə-fakturanın təsdiq edildiyi hesabat dövrü üzrə təqdim edilən vergi bəyannamələrində əks olunaraq nəzərə alınmalıdır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?