Vergi yığımının artması şəhər və rayonlarda insanların rifahını yüksəldəcək
Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulandan artıq daxil olan vəsaitin müəyyən hissəsi həmin şəhər və rayonların sərəncamında saxlanılacaq.
Prezident İlham Əliyevin təsdiq etdiyi "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulmuş daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na əsasən, həmin vəsaitin 50 faizi (il üçün dövlət büdcəsinin yerli gəlirlərində vergi orqanlarının nəzarəti ilə təmin olunan vergilərin proqnozlaşdırılan məbləğinin 10 faizindən artıq olmamaqla) yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilir. Neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar) üzrə daxilolmalar, "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalar, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər üzrə daxilolmalar istisna təşkil edir.
Qaydalarda deyilir ki, büdcədənkənar gəlirlərin istifadəsi aşağıdakı məqsədlərə yönəldiləcək:
- vəsaitin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;
- 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə;
- 50 faizi mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə; şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına; yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.
Proqnozdan artıq yığılmış vergi şəhər və rayonların sərəncamında qalacaq ki, bu da yerli əhəmiyyətli proqram və layihələrin maliyyələşdirilməsinə, vətəndaşların sosial təminatının gücləndirilməsinə şərait yaradacaq
Şəhər və rayonların büdcədən asılılğı azalacaq
İqtisadçı ekspert Vüqar Bayramov mövzunu şərh edərkən artıq ödənilmiş vergilərin bir hissəsinin şəhər və rayonların sərəncamında saxlanılmasını yerlərdə sosial təminatın gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirib. O, büdcədənkənar vəsaitdən istifadə istiqamətlərindən danışarkən iki mühüm məqamı xüsusi qeyd edib. Birincisi, şəhər və rayonların maliyyə müstəqilliyinin stimullaşdırılması; ikincisi, rayonların öz xərclərini daxili mənbələr hesabına ödəməsi.
V.Bayramov bu qaydaların xüsusilə regionlarda real sektorun inkişafının təşviq edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını düşünür: "Proqnozdan artıq vergi yığımlarının bir hissəsinin rayonların sərəncamında qalmasının bir məqsədi də ölkənin ayrı-ayrı regionlarında real sektorun inkişafını təşviq etmək və xərclərinin yerli mənbələr hesabına ödənilməsinə nail olmaqdır. Yəni bu addım yerlərdə qanunla müəyyən edilmiş qaydalar çərçivəsində daha çox vergi yığımını stimullaşdıracaq və yerli icra hakimiyyəti orqanları proqnozdan artıq toplanmış vəsaitləri özü xərcləmək imkanı qazanacaq. Bu, bir tərəfdən rayonları daha çox vergi yığmağa təşviq edəcək, digər tərəfdən vergidən yayınma hallarının qarşısını alacaq. Çünki proqnozdan artıq yığılmış vergi şəhər və rayonların sərəncamında qalacaq ki, bu da yerli əhəmiyyətli proqram və layihələrin maliyyələşdirilməsinə, vətəndaşların sosial təminatının gücləndirilməsinə şərait yaradacaq. Bu baxımdan, yerli sahibkarlar da vergiləri tam şəkildə və vaxtında ödəməkdə maraqlı olacaqlar. Beləliklə, regionlarla paytaxt arasındakı iqtisadi asılılıq mərhələli şəkildə aradan qaldırılacaq".
Ekspert hesab edir ki, proqnozdan artıq ödənilmiş vergilərin bir hissəsinin şəhər və rayonların sərəncamında saxlanılması ayrı-ayrı regionlar arasında daha çox vergi yığımı üçün rəqabət mühiti formalaşdıracaq.
Elxan SALAHOV