29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Malları elektron qaimə-faktura ilə rəsmiləşdirməyin üstünlükləri

"Sədərək" Ticarət Mərkəzindəki məşhur mağazalardan birindəyik. Topdan və pərakəndə geyim mağazası kimi fəaliyyət göstərən obyektdə 30-dək alıcı var. Geniş və işıqlı mağazadakı qaynarlıq, alış-verişin yaxşı getdiyi ilk baxışdan diqqəti çəkir. Bir neçə işçi zal boyunca gəzişərək alıcılara seçim üçün kömək göstərir, qiymətlə bağlı sualları cavablandırırdılar. Seçimini etmiş müştərilər isə aldıqları malların dəyərini ödəmək üçün mağzanın giriş qapısının ağzındakı masaya yaxınlaşıb növbə gözləyirlər...

Masanın arxasında müştərilərə iki nəfər kassir xidmət göstərir. Onlardan biri alıcıların səbətlərə yığdığı malları bir-bir nəzərdən keçirərək üzərindəki qiyməti elan edib paltarları paketə yığırdı. Digər kassir – masanın arxasında əyləşmiş orta yaşlı kişi isə köməkçisinin elan etdiyi qiymətləri xüsusi hazırlanmış kiçik vərəqədə qeyd edir və sonda həmin rəqəmləri kalkulyator vasitəsilə hesablayaraq ümumi məbləği alıcılara söyləyirdi. Aldığı malın dəyərini ödəyən hər bir alıcıya ödəniş qəbzi əvəzinə əl ilə yazılmış kiçik kağız parçası təqdim edilirdi. Mağzanın adı, ünvanı və əlaqə telefonlarının qeyd olunduğu bu kağız parçasında müştərilərə satılan malların adı, sayı və qiymətləri əks etdirilir...

Malların sənədsiz satışı qadağandır

"Sədərək"də çox məşhur olan, müştəri bolluğu ilə seçilən bu mağazada istisnasız olaraq bütün alıcılara eyni növ "qəbz" təqdim olunur. Həm də malların topdansatışını həyata keçirən mağazada olduğumuz 15-20 dəqiqə ərzində bir neçə müştərinin eyni növdən olan 10-12 dəst geyim aldığının şahidi olduq. Adi alıcılardan fərqli olaraq, belə müşətilərə hər geyim dəstinə görə müəyyən endirim edilsə də, digər alıcılar kimi, buradan topdansatış qiymətlərlə aldıqları paltarları pərakəndə qiymətlərlə son istehlakçıya satacaq müştərilərə də ciddi hesabat blankı, yəni qaimə-faktura təqdim edilmirdi. Ən maraqlı isə odur ki, heç onlar da etdikləri alış-verişə görə "kassir"dən qaimə-faktura tələb etmirdilər. Halbuki vergi qanunvericiliyinə əsasən, ölkə ərazisində malların sənədsiz satılması qadağandır və belə hallara görə məhsulu satan tərəfə inzibati qaydada cərimə tətbiq olunmalıdır. Çünki qanunvericiliyə əsasən, hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların təqdim edilməsi (satılması) ilə bağlı elektron qaimə-faktura verməyə borcludur.

Malların satışı zamanı mütləq sənədləşmə aparılmalıdır və

mal satan sahibkar qarşı tərəfə elektron qaimə-faktura təqdim etməyə borcludur

Əslində, sənədləşdirilmədən satışa çıxarılan, elektron qaimə-faktura olmadan təqdim edilən mallar həmin malların mənbəyi barədə ciddi şübhələrə yol açır. Çünki ölkə ərazisində satışa çıxarılan hər bir mal ya yerli istehsal müəssisələrində istehsal olunaraq, ya da xaricdən idxal edilərək bazara çıxarılır. Hər iki halda satışa çıxarılan mallar satışa təqdim olunarkən mənbəyi göstərilməli və qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satışa çıxarılan hər hansı mal topdan və ya pərakəndə satışla məşğul olan şəxslərə təqdim edilərkən müvafiq qaydada rəsmiləşdirilmirsə, deməli, həmin mallar ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Sənədi olmayan malların satışa çıxarılması isə ciddi qanun pozuntusu sayıldığından, belə fəaliyyətlərin müvafiq dövlət nəzarəti orqanları tərəfindən aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunması qaçılmazdır.

Hər kəs qanunvericiliyin tələblərinə riayət etməlidir!

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov topdansatış ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsini ciddi qanun pozuntusu kimi dəyərləndirib. Bildirib ki, heç bir halda qanunvericiliyin bu tələbi yerinə yetirilməyə bilməz: "Malların satışı zamanı sənədləşmə mütləq aparılmalıdır və mal satan sahibkar qarşı tərəfə elektron qaimə-faktura təqdim etməyə borcludur".

Nazirlik rəsmisi malları elektron qaimə-faktura ilə rəsmiləşdirməyin sahibkarlar üçün bir çox üstünlüklər yaratdığını söyləyir. Onun sözlərinə görə, elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına səbəb olur. Həmçinin sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır ki, bu da sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə şərait yaradır.

E.Hüseynov bir daha qeyd edib ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur. Bildirib ki, elektron qaimə-faktura hər şeydən əvvəl sahibkarın öz biznesinin qanunun tələbləri çərçivəsində qurmağa və inkişaf etdirməyə, şəffaf fəaliyyət göstərməsinə xidmət edir: "Bu halda ticarət obyektlərinin sahibləri həm də dövlət nəzarəti orqanları ilə münasibətləri asanlaşdırmış və gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını bəri başdan almış olur".

Xatırladaq ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir. 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb.

Dəyişikliyə əsasən, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə sanksiya tətbiq edilir. Yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, birinci dəfə maliyyə sanksiyalarının məbləği təqdim edilən malların satış qiymətinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verildikdə isə 40 faizi həcmində olacaq.

Elxan SALAHOV

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb