13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kriptovalyutalar və vergi tənzimləmələri MƏQALƏ

  • Bu alətlərin inkişaf dinamikası və maliyyə bazarlarındakı mövqeyi vergi orqanlarının diqqətindən yayınmır;

  • Kriptovalyutaların dəyərinin dəyişməsindən asılı olmayaraq, onları vergiyə cəlb etməyin aydın və konkret yolu olmalıdır;

  • Sahiblərinin kimliyi gizli olduğu üçün kriptovalyutaların kimə məxsus olduğunu müəyyənləşdirmək çətindir.

2009-cu ildən etibarən kriptoaktivlər ödəniş alətləri kimi maliyyə bazarlarına təqdim edildi. İlk dəfə təqdim edildikdən sonra bu aktivlərin 10.000-dən çox variantı da meydana çıxıb. Onlar arasında ən məşhur olanı bitcoindir.

Dünya ölkələrində bu alətlərin inkişaf dinamikası və maliyyə bazarlarındakı mövqeyi vergi nəzarətini həyata keçirən orqanların diqqətindən yayınmır. Lakin bu sahədə vergi tənzimləmələri üçün mexanizmlər mükəmməl səviyyədə deyil. Kriptovalyutaların istifadəsinin hələ də məhdud olduğu şəraitdə bu sahədə mümkün vergi öhdəliyi ilə bağlı yaranan məsələlərin həlli vergi mütəxəssisləri üçün müzakirə mövzusudur.

Kriptovalyutaların təsnifatı

Kirptovalyutaların vergiyə cəlb edilməsiylə bağlı müxtəlif mülahizələr var. Maliyyə əməliyyatlarının dövlət nəzarətindən azad edilməsi və maliyyə institutlarının prosesə cəlb edilməsi bu bazarın aktiv iştirakçılarının arzusudur. Müxtəlif ölkələrin təcrübəsinə gəlincə, məsələn, Salvador və Mərkəzi Afrika Respublikasında bitcoin qanuni ödəniş vasitəsi olmağa qədər yol qət edə bilib.

Bu aktivləri qəbul etməyənlər də az deyil. Tənqidçilər kriptovalyutaları dəyərsiz hesab etməklə yanaşı, onları cinayət, fırıldaqçılıq və maliyyə qaçaqçılığı üçün bir vasitə kimi görürlər. Onlar bu aktivlərin sürətli dəyişiminə də diqqət yetirməyi məsləhət görürlər. Məsələn, bitcoin 2021-ci ildən əvvəlki 10 ildə 200 dollardan 70 min dollara qədər bahalaşsa da, hazırda 29 min dollara kimi ucuzlaşıb. 12 noyabr 2022-ci ildə ABŞ-da yerləşən kriptovalyuta birjası FTX-nin likvidlik problemi ilə üzləşdiyinə görə iflas olduğunu elan etməsi bu aktivlər barədə tənqidi fikirləri daha da gücləndirdi. “CoinDesk” portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığı elan edildikdən sonra birjada problemlər başladı. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorlar kütləvi şəkildə pullarını birjadan çıxarmağa başladlar. Birja 8 milyard dollar borc alsa da, rəhbərlik likvidliyi qorumaq üçün vəsait tapa bilmədi. Təsadüfi deyil ki, bu hadisə 2022-ci ildə bu sahədə ən böyük iflas hesab olunur. Bu iflas kriptovalyuta bazarında nəzarətin təmin edilməsinə ehtiyac olması ilə bağlı fikirləri daha da gücləndirdi.

Maliyyə ekspertləri hesab edirlər ki, kriptovalyutaların dəyərinin dəyişməsindən asılı olmayaraq, onları vergiyə cəlb etməyin aydın və konkret yolu olmalıdır. Burada əsas sual yaradan məqam kriptovalyutanın təsnifatının müəyyən edilməsi – mülkiyyət və ya valyuta olaraq tənzimlənmə prosesinə cəlb edilməsidir. Bəzi ekspertlərə görə, kriptovalyuta mənfəət üçün təqdim edildikdə kapital gəlirləri digər aktivlərdə olduğu kimi vergiyə cəlb edilməli və kriptovalyuta ilə edilən alışlar nağd pul əməliyyatları üçün tətbiq olunacaq eyni vergilərə cəlb edilməlidir. Burada vacib məqamlardan biri kriptovalyutanın vergi məqsədləri üçün necə xarakterizə olunmasına aydınlıq gətirilməsidir. Kriptovalyuta üzrə əməliyyatların dəyişən xassəsinə görə bu asan olmasa da, nəticə etibarilə mümkündür.

Kriptovalyutadan potensial gəlirlər

Təxmini hesablamalar göstərir ki, 2021-ci ildə yüksələn qiymətlər fonunda kriptovalyutadan əldə edilən kapitala 20 faizlik vergidən dünya iqtisadiyyatı təxminən 100 milyard dollar gəlir əldə edə bilərdi. Bu, qlobal korporativ gəlir vergisinin təxminən 4 faizini və ya ümumi vergi yığımının 0,4 faizini təşkil edir. Lakin kriptovalyuta bazarının ümumi kapitallaşması 2021-ci ilin sonundakı zirvədən 63 faiz aşağı düşdüyü üçün, vergi gəlirləri azalacaqdı. Əgər bu itkilər digər vergilərlə tam kompensasiya olunsaydı, gəlirlərdə də müvafiq azalma olardı. Daha sabit dövrlərdə və mövcud bazar ölçüsü ilə kriptovalyutadan qlobal vergi gəlirləri, ehtimal ki, ildə orta hesabla 25 milyard dollardan az olacaq. Bu, daha geniş miqyasda, böyük məbləğ deyil. Bütün bu fikirlər və hesablamalar fonunda Avropa Birliyi 2024-cü ilə qədər əsas fəaliyyətinə rəqəmsal aktivlər və blokçeyn texnologiyasını daxil etməyi planlaşdırır. 2024-cü ilədək rəqəmsal maliyyələşdirmə üçün əhəmiyyətli potensiala sahib olan bütün sahələrdə lisenziyalar əldə etmək üçün “bir pəncərə” prinsipi tətbiq ediləcək. COVID-19 pandemiyası dünyada rəqəmsal ödənişlərin istifadəsini sürətləndirsə də, blokçeyn və kriptoaktivlər mərkəzi banklar və beynəlxalq maliyyə tənzimləyiciləri üçün hələ də mübahisəli mövzu olaraq qalır.

Kriptovalyutalar kimə məxsusdur?

Sahiblərinin kimliyi gizli olduğu üçün kriptovalyutaların kimə məxsus olduğunu müəyyənləşdirmək çətindir. İlkin müşahidələr deməyə əsas verir ki, bu aktivlərin sahibləri yüksək gəlirli insanlardır. Bununla yanaşı, aşağı gəlirli insanlar arasında da kriptovalyuta aktivlərinə sahib olanlar çoxdur. Sorğuların nəticələri göstərir ki, təxminən 10.000 nəfər bütün bitcoinin dörddə birinə sahibdir.

Kriptovalyuta əməliyyatları vergi orqanlarından gizlədilmə potensialına görə nağd pul əməliyyatları ilə oxşarlıqlara malikdir. Hazırda kriptovalyuta ilə alışların həcmi azdır. Lakin bu, onların artmayacağı demək deyil. Məsələn, vaxtilə vergi sistemləri nağd pul əməliyyatları üzrə nəzarət mexanizmi hazırlamasaydı, onların bazar payının artması vergidənyayınmaya, bu da dövlət gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilərdi. Bu təcrübə kriptovalyutanın tənzimlənməsi üçün mexanizmin olmasını şərtləndirir. Kriptovalyutanın kimə məxsus olmasını müəyyənləşdirməyin mürəkkəb olması onun vergiyə cəlb edilməsi üçün əsas çətinlikdir. Belə ki, kriptoəməliyyatlar zamanı ümumi elektron ünvanlar istifadə edilir. Bu isə vergidən yayınmanı asanlaşdırır. Bu sahədə mərkəzləşdirilmiş mübadilə sistemləri, standart “müştərinizi tanıyın” izləmə qaydalarının tətbiqi məqsədəuyğun görünür. Bir çox ölkələr bu cür qaydaları tətbiq etməyə çalışırlar. 2022-ci ilin avqustunda OECD kripto aktivlərlə bağlı əməliyyatlar üzrə vergi məlumatlarının standartlaşdırılmış şəkildə hesabat verilməsini nəzərdə tutan Kriptoaktiv Hesabatları Çərçivəsini (CARF) təsdiqləyib. Kriptovalyutalar və vergi tənzimləmələri hazırda qlobal çağırışların aktual mövzuları sırasında yer alır və ölkələr bu sahədə ən yaxşı mexanizmi hazırlamaq üçün müştərək cəhdlər irəli sürürlər.

Gülay NƏBİYEVA

Oxşar xəbərlər

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?