13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kriptovalyutalara qlobal nəzarət təkmilləşdirilir MƏQALƏ

Dünya iqtisadiyyatında innovasiyaların tətbiqi və rəqəmsal mexanizmlərin formalaşması maliyyə bazarlarında da müəyyən dəyişikliklərə səbəb olub. Bu proses valyuta bazarında yeni alətlərin meydana çıxması ilə nəticələnib.

Mübadilə vasitəsi olaraq yaradılmış rəqəmsal aktiv olan kriptovalyutalar uzun müddətdir mövcud olsa da, son zamanlar daha geniş istifadə edilir. Hazırda dünya ölkələri bu virtual məhsulun iqtisadiyyatda rolunu, birja göstəricilərini və vergiyə cəlb edilməsini müzakirə edir.

2027-ci ildən Kriptoaktivlərin Hesabat Çərçivəsinin tətbiqi nəzərdə tutulur

Bir neçə gün əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qlobal vergi şəffaflığı çərçivəsi Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Almaniya, Yaponiya, Sinqapur və Cənubi Afrika da daxil olmaqla 48 ölkə tərəfindən qəbul edilib. Ölkələrin müvafiq dövlət qurumları tərəfindən qəbul edilən birgə bəyanatın OECD tərəfindən hazırlanmış yeni beynəlxalq standart olan Kriptoaktivlərin Hesabat Çərçivəsinin (CARF) sürətli inkişafı və böyüməsi ilə uyğunlaşmaq məqsədini daşıdığı bildirilib. Burada məqsəd kriptovalyuta bazarı ilə bağlı qlobal vergi şəffaflığını təmin etməkdir. CARF-nin geniş şəkildə, ardıcıl və vaxtında tətbiqinin vergi öhdəliklərinə əməl olunmasını və ölkələrin vergidən yayınmaların qarşısını almaq imkanlarını daha da yaxşılaşdıracağı, 2027-ci ilə qədər CARF-nin tətbiqi üçün zəruri hüquqi və əlaqələndirilmiş araşdırmaların aparılacağı qeyd olunub. OECD-nin baş katibi Matias Kormann qərarla bağlı verdiyi açıqlamada bildirib ki, bu addım vergidən yayınma ilə mübarizəyə geniş və koordinasiyalı yanaşma üçün daha bir mühüm mərhələdir. Sözügedən 48 ölkə və yurisdiksiyaya isə Avstraliya, Avstriya, Barbados, Belçika, Beliz, Braziliya, Bolqarıstan, Ermənistan, Kanada, Çili, Xorvatiya, Cənubi Kipr Rum Administrasiyası, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Cənubi Koreya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Meksika, Hollandiya, Norveç, Portuqaliya, Rumıniya, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları, Gernsi və Cersi Dominionları və Men Adası və Birləşmiş Krallıq Kayman adaları və Cəbəllütariqin Xarici Əraziləri daxildir. CARF kriptoaktivlər üzrə vergi ilə bağlı məlumatların avtomatik mübadiləsini təmin edir və kriptoaktivlər bazarının sürətli böyüməsini həll etmək və qlobal vergi şəffaflığını təmin etmək üçün hazırlanıb.

Virtual valyutalar üçün vergitutma mexanizmi

Virtual valyutalara yanaşma ölkələr üzrə fərqli olsa da, onun vergiyə cəlb edilməsi sahəsində hazırlanmış mexanizmlər mövcuddur. Məsələn, ABŞ-nin Daxili Gəlir Xidmətinin (IRS) məlumatına görə, kriptovalyutaların əksəriyyəti konvertasiya olunan virtual valyutalardır. Bu o deməkdir ki, onlar mübadilə vasitəsi, hesab vahidi kimi çıxış edir və real pulla əvəz edilə bilər. Yəni kriptovalyutadan yaranan hər hansı mənfəət və ya gəlir vergiyə cəlb edilir. Kriptovalyuta sahibinin və ya istifadəçisinin verginin nə vaxt tutulacağını bilməsi vacibdir ki, öhdəliklə bağlı xəbərdarlıq gələrkən anlaşılmaz vəziyyət yaranmasın. Sahibi mal və ya xidmətlər almaq üçün kriptovalyutadan istifadə edirsə, kriptovalyuta üçün ödədiyi qiymətlə onu xərclədiyi zaman artan dəyərə görə gəlir vergisi öhdəliyi daşıyır. Kriptovalyutalar öz-özlüyündə vergiyə cəlb edilmir – yəni bir nəfər onu saxlamaq üçün əldə edibsə, bunun üçün vergi ödəmək tələb edilmir. Vergi öhdəliyi yaradan hal onları müxtəlif maliyyə əməliyyatlarına cəlb etməkdir. IRS kriptovalyutaları vergi məqsədləri üçün mülkiyyət kimi qəbul edir. Bu o deməkdir ki, əgər kriptovalyuta bir əməliyyatda satıla və ya istifadə edilirsə, burada əldə edilən gəlirdən vergi ödənilməlidir. Biznes məqsədləri üçün ödəniş kimi kriptovalyuta alınırsa, o, biznes gəliri kimi vergiyə cəlb olunur. Kriptovalyutalar IRS tərəfindən aktiv kimi nəzərdən keçirildiyi üçün onlar ödəniş kimi istifadə edildikdə və ya nağdlaşdırıldıqda da vergi öhdəliyi yaradır. Məsələn, əgər kimsə 1 bitkoini 6 min dollara alır və 3 ay sonra 8 min dollara satırsa, 2 min dollar qazanc üçün vergi ödəməlidir. Bir ildən az müddətə saxlanılan aktivlərin satışından əldə edilən mənfəət adi vergi dərəcəsi ilə vergiyə cəlb edilir. 2023-cü il üçün bu, 0-37% arasında, gəlirlərdən asılı olaraq dəyişir. Kriptovalyutaya görə vergi borcu xərclərin miqdarından, gəlir səviyyəsindən və istifadə edilən kriptovalyutanın saxlanma müddətindən asılıdır. Bir ildən az müddətə ona sahib olan şəxs kriptovalyutanı xərcləsə və ya satsa, gəlir vergisi öhdəliyi daşıyır. Bir ildən çox müddətə sahiblik müəyyən olunduqda isə kapital artımı vergiləri üzrə də öhdəlik yaranır. Əgər kriptovalyuta göstərilən biznes xidmətlərinə görə ödəniş kimi alınıbsa, onu əldə edən zaman bazar dəyəri ilə gəlir kimi, qazanc gətirdiyi zaman isə yenidən vergiyə cəlb edilir. Kriptovalyuta vergiləri mürəkkəb hesab edilir, çünki onlar həm gəlir, həm də kapital artımı vergilərini əhatə edir. Əksər hallarda kriptovalyutadan bir neçə dəfə istifadə edib gəlir əldə etdikdə dəfələrlə vergi ödəmək tələb edilir. Bunu nəzərə alaraq, gəlirlərin düzgün təqdim edilməsi vacibdir. Məsələn, hər bir kriptovalyuta əməliyyatı zamanı xərclənilən məbləği və onun istifadə edildiyi vaxt bazar dəyərini qeyd etmək vacibdir. Kriptovalyuta sahibi bunu həm manual, həm də blokçeyn həll platforması vasitəsilə yerinə yetirə bilər. CoinTracker kimi platformalar rəqəmsal aktivləri idarə etmək və kriptovalyuta məlumatlarına daxil olmağı təmin edən portfel izləmə imkanı təqdim edir.

Yeni maliyyə alətlərinin dövriyyəyə daxil olması, virtual valyuta ilə müxtəlif əməliyyatlar və biznesin müasir inkişaf modelləri yeni çağırışlar yaradır. Virtual valyutaya yanaşmalar hər bir ölkənin milli qanunvericiliyinə və digər tənzimləyici qaydalara görə fərqlənir. Bu əməliyyatlara nəzarət bir tərəfdən qanunvericilikdə müəyyən dəyişiklikləri, digər tərəfdən isə müasir təcrübələrin mübadiləsini şərtləndirir. Bu baxımdan birgə təşəbbüslərin və əməkdaşlıq platformalarının qurulması faydalı nəticələrin əldə ediləcəyinə əsas verir.

Gülay NƏBİYEVA

Oxşar xəbərlər

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?