İstifadə olunmayan torpaqlara vergilərin hesablanması
2017-ci il yanvarın 1-dən kənd təsərrüfatı torpaqlarına əlavə vergi dərəcəsi tətbiq edilir. Prezident İlham Əliyevin 6 may 2016-cı il tarixli fərmanı ilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tələblərinə görə, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadratmetrinə görə 2 manat məbləğində vergi ödəməlidirlər. Müvafiq icra hakimiyyəti orqanının arayışına əsasən təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manatdır. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanının təsdiqlədiyi qayda və meyarlar əsasında müəyyən edilir. Digər torpaqların sahəsinə isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən dərəcələri tətbiq etməklə hesablanmış vergi məbləği cari ilin may ayının 15-dən gec olmayaraq, "Torpaq vergisi bəyannaməsi" ilə bəyan edilməklə, bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir.
Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləri hesab edilirlər. Onların torpaq vergisi bələdiyyələr tərəfindən illik hesablanır. Həmin vergilərin ödənilməsi barədə tədiyyə bildirişi isə avqustun 1-dən gec olmayaraq onlara çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda isə yerli (bələdiyyə) büdcəyə ödənilir.
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqlar təyinatına görə 7 kateqoriyaya bölünür:
- kənd təsərrüfatı təyinatlı torpaqlar;
- yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) torpaqları;
- sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
- xüsusi qorunan ərazilərin torpaqları;
- meşə fondu torpaqları;
- su fondu torpaqları;
- ehtiyat fondu torpaqları.
Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyaya aid torpaq öz təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda, bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layhələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.
Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən dərəcələri tətbiq etməklə hesablanmış vergi məbləği cari ilin may ayının 15-dən gec olmayaraq,
"Torpaq vergisi bəyannaməsi" ilə bəyan edilməklə, bərabər hissələrlə
15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsindən “vergilər.az”a verilən məlumata görə, 2015-ci ildən kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib və bunun nəticəsində indiyədək, təyinatı dəyişdirilən torpaqlar da daxil olmaqla, 277 min hektar torpaq sahəsi icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb. Bitkiçilik sahələrinin genişləndirilməsi istiqamətində isə 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib.
Komitədən bildirilib ki, 2018-ci il ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1.245 hal üzrə inzibati protokol tərtib edilib. Kənd təsərrüfatı məqsədilə (əkinçilik və heyvandarlıq) 69 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu dövrdə 2.117 müraciət üzrə 8.805 hektar bələdiyyə torpaqları müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib.
Torpaqların təyinatı üzrə istifadəsi sahəsindəki qanunsuzluqların regionlar üzrə bölgüsünə gəlincə, belə hallara Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında daha çox rast gəlinib. Həmçinin Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında da istifadəsiz torpaqlar aşkarlanıb. Həmin torpaqlar əkin dövriyyəsinə qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadəsi istiqamətində də işlər həyata keçirilib: burada iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. İstifadəsiz torpaqların dövriyyəyə qaytarılması, öz növbəsində, yenidən gəlir mənbəyinə çevrilmiş əkinə yararlı torpaq sahələrinin ümumi həcmini artırır ki, bu da aqrar sektorun inkişafına təkan verir.
Elxan SALAHOV