KİV nümayəndələri üçün təlim və müsabiqə başa çatıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən, “Ulu Öndərin vergi sisteminin formalaşmasında rolu” mövzusunda media nümayəndələri üçün təlim və müsabiqə təşkil olunub.
İkigünlük təlim üç mövzunu - “Vergi sisteminin formalaşmasında Heydər Əliyevin rolu”, “Vergi qanunvericiliyinə media sahəsində edilmiş dəyişikliklər” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əldə olunan nəticələr” mövzularını əhatə edib.
İlk növbədə iştirakçılara vergi sistemi və bu sahədə Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən islahatlar barədə məlumat verilib. DVX-nin Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev Ulu Öndərin vergi sisteminin inkişafına daim önəm verdiyini vurğulayaraq, Ümummilli Liderin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. O, vergi sisteminin iqtisadiyyatın ayrılmaz tərkib hissəsi olduğunu qeyd edərək, Heydər Əliyevin bazar münasibətlərinin vergi yolu ilə tənzimlənməsinə xüsusi önəm verdiyini xatırladıb.
“O zaman Ulu Öndərin konkret təklifi ilə Vergilər Nazirliyi yaradılandan sonra artıq bu prosesə təkan verildi. Vergilər Nazirliyi bir institusional qurum olaraq fəaliyyətə başladı. Ulu Öndərin bu sahədə xidmətləri əvəzsizdir. İlk növbədə, imperativ xarakter daşıyan məsələlərdən başlanıldı. Əgər biz vergi sistemini formalaşdırmaq niyyətində idiksə, o zaman vergi qanunvericiliyi formalaşdırılmalı, onu həyata keçirən şəxslər, kadr potensialı yaradılmalı idi. O vaxtlar isə ölkədə heç bir universitet vergi sahəsində mütəxəssis hazırlamırdı”, - deyə İ.Qarayev bildirib.
Şöbə rəisinin sözlərinə görə, 1993-cü ildə Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra qarşıda duran əsas məsələlərdən biri də iqtisadiyyatın formalaşdırılması idi. “Ulu Öndərin rəhbərliyi ilə irimiqyaslı islahatların, o cümlədən vergi sahəsində də islahatların həyata keçirilməsinə başlanıldı. Artıq 2000-ci ildə Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyətə başladı, onun strukturu müəyyənləşdirildi. 2003-cü ildə isə ərazi vergi departamentləri fəaliyyətə başladılar. O dövrdə vergilərdən yayınma halları olduqca çox idi və bu, ictimai qınaq obyekti deyildi. Belə bir vəziyyətdə vergi qanunvericiliyinin hazırlanması, ona sahibkarlıq subyektləri tərəfindən əməl edilməsinə dair istər maarifləndirmə, istərsə də inzibati tədbirlər çox böyük miqyas daşıyırdı”, - deyə İ.Qarayev əlavə edib.
Media sahəsində təqdim edilən güzəştlərə dair təqdimatla çıxış edən DVX-nin Vergi siyasəti Baş idarəsinin şöbə rəisi Eldar Mədətov vergi qanunvericiliyinə media sahəsində edilmiş dəyişikliklər və bu dəyişikliklərin hansı vergi növlərini əhatə etdiyi barədə ətrafı məlumat verib. Onun sözlərinə görə, dəyişikliklər əsasən fiziki şəxslərin gəlir vergisini, hüquqi şəxslərin mənfəət vergisini, sadələşdirilmiş vergini və ƏDV-ni əhatə edib. Qeyd olunub ki, qanuna əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq. Burada media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən azad edilib.
Bununla yanaşı, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə ölkədə daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-dən azad edilib. Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.
Əmək münasibətləri sahəsində vergi nəzarətinə həsr olunan üçüncü mövzu üzrə DVX-nin idarə rəisi Nigar Vahabzadə təqdimat keçirib. O, əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində DVX tərəfindən görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, DVX tərəfindən bu sahədə konsepsiya təsdiq olunub və bu konsepsiyanın müəyyən istiqamətləri mövcuddur.
“Söhbət əsasən ölkədə minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edən vergi ödəyicilərindən gedir. Bildiyimiz kimi, bu gün də bəzi vergi ödəyiciləri işçilərin minimum əməkhaqqından aşağı əməkhaqqı göstərirlər. Belə fəaliyyət sahələri üzrə “boz zonalar” müəyyən olunur və baza məlumatlar əsasında risk platforması qurulur, “boz zonalar”a aid ödəyicilər müəyyənləşir. Bununla da bağlı operativ vergi nəzarəti tədbirləri, xəbərdarlıq və sair tədbirlər həyata keçirilir”, - deyə N.Vahabzadə bildirib.
Təlimdə hər üç mövzu ilə bağlı KİV nümayəndələrini maraqlandıran suallar interaktiv formada DVX nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.
Günün sonunda media nümayəndələri arasında "Ümummilli lider Heydər Əliyevin vergi sisteminin formalaşmasında rolu" mövzusunda müsabiqə keçirilib. Müsabiqədə mövzular çətinlik dərəcəsinə görə qruplaşdırılıb və Ulu Öndərin vergi sisteminin formalaşdırılması istiqamətində atdığı mühüm addımlar və digər əlaqəli mövzuları əhatə edib.
Növbəti gün müsabiqənin nəticələri elan edilib. Təlim iştirakçılarına sertifikatlar, müsabiqənin qaliblərinə isə diplomlar və hədiyyələr təqdim edilib.