13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hər bir sahibkara peşəkar mühasib lazımdır

"Qanunvericilikdə mühasibat uçotu ilə bağlı yeni tələblərin müəyyənləşdirilməsi müsbət hal kimi dəyərləndirilməlidir. Xüsusilə ixtisasca mühasib olmayan şəxslərin işəgötürən təşkilatlarda və sahibkarlıq subyektlərində baş mühasib vəzifəsinə təyin edilməsinə görə cərimələrin artırılması, hər şeydən əvvəl, hesabatlılığın və şəffaflığın təmin olunmasına xidmət edəcək. Bu, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinin formalaşması baxımından çox mühüm dəyişiklikdir".

İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) təklif edilən dəyişiklikləri şərh edərkən belə deyib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Ədalət Əsədov "vergiler.az"a açıqlamasında bildirib ki, peşə ixtisası mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinin qanunazidd hal kimi müəyyənləşdirilməsi, bununla bağlı sahibkarlıq subyektləri və işəgötürən təşkilatlar qarşısında yeni tələblərin qoyulması xüsusən iri vergi ödəyicilərinin maraqlarına cavab verir: "İstənilən sahibkarın vergi orqanları ilə münasibətlərini tənzimləyən, maliyyə hesabatlarının düzgünlüyünə və etibarlılığına məsul olan şəxs onun mühasibləridir. Hər bir sahibkar istəyər ki, mühasibi öz işinin peşəkarı olsun.

Təcrübə göstərir ki, qeyri-ixtisas təhsilli şəxsləri mühasib vəzifəsinə
işə qəbul edən sahibkarlıq subyektləri vergi qanunvericiliyinin
tələblərinin pozulması hallarına daha çox yol verirlər

Bu mütəxəssislər isə ixtisasca mühasib olan şəxslər ola bilər. Yəni bu dəyişikliklər, hər şeydən əvvəl, sahibkarın və vergi ödəyicilərinin öz xeyrinədir. Məqsəd həm də maliyyə hesabatlarının düzgün tərtib olunmasına, sahibkarlarla vergi orqanları arasındakı münasibətlərin keyfiyyətinin artırılmasına nail olmaqdır. Bu baxımdan, peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə görə cərimələrin artırılması müsbət hal kimi dəyərləndirilməlidir".

Ə.Əsədov hesab edir ki, ixtisaslı mühasiblərin işə götürülməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin əsas səbəbi başqa amillərdir. Onun fikrincə, bu dəyişikliyin kökündə vergi hesablaşmalarının keyfiyyətlə və şəffaf şəkildə yerinə yetirilməsini təmin etmək dayanır: "Təcrübə göstərir ki, qeyri-ixtisas təhsilli şəxsləri mühasib vəzifəsinə işə qəbul etmiş sahibkarlıq subyektləri vergi qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox yol verirlər. Belə olan halda, həmin sahibkarlıq subyektlərinin maliyyə hesabatlarında səhvlərin olması gözləniləndir. Deməli, sahibkara peşəkar mühasiblər lazımdır ki, onun maliyyə hesabatları vergi qanunvericiliyinin tələblərinə tam cavab versin. Əks halda, vergi orqanları yol verilmiş pozuntularla bağlı yoxlamalar aparacaq, aşkarlanan qüsurlara görə cərimə sanksiyaları tətbiq edəcək ki, bu da heç bir halda sahibkarın maraqlarına uyğun deyil".

Qeyd olunub ki, qanunvericiliklə müəyyən edilmiş tələblər sahibkarlıq subyektlərində ixtisaslı mühasiblərin işə cəlb olunmasına ciddi əsaslar yaradır: "Bu dəyişikliyin ikitərəfli faydası var. Bir tərəfdən ali təhsil ocaqlarında bu ixtisasa tələb artacaq, digər tərəfdən isə hazırda işsiz olan ixtisaslı mühasiblərə tələbat atdığından onlar daha rahat şəkildə işlə təmin oluna biləcəklər. Yəni sahibkarlar ixtisaslı mühasiblərlə işləməyə daha çox maraq göstərəcəklər".

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 462-ci maddəyə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcəklər.

Elxan SALAHOV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?