3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Gələcək dövrün gəliri” anlayışı ilə “gəlir” anlayışının fərqi nədir?

Mühasibat uçotunda “Gələcək dövrün gəliri” (GDG) və “Gəlir” hesabları bir-birindən fərqləndirilməsi çətin olan hesablardandır. Mühasibat mütəxəssisi Orxan İsgəndərov “vergiler.az”a bu hesabların fərqlərini izah edib. 

Gələcək dövrün gəliri bir neçə aylıq standart xidmətlərin qarşılığının əvvəlcədən alınmasıdır. Aylıq standart xidmət dedikdə xidmətin hər ay təkrarlanması və sabit xidmət haqqı (qiymət artımı və ya azalması istisna olmaqla) nəzərdə tutulur.

Gəlir isə malların, işlərin və ya xidmətlərin təqdim edilməsinə aiddir. Buna mülkiyyətin ötürülməsi kimi də baxıla bilər.

Maliyyə bərabərliyi düsturu belədir:

Aktivlər = öhdəliklər + kapital

İndi isə GDG və gəlir hesablarının hansı bölməyə aid olduğuna baxaq.

GDG öhdəlik hesabıdır. Hesabın adında “Gəlir” sözü olmasına baxmayaraq, bu hesab gəlirin əldə edilməsi demək deyil. Gəlirin əldə edilməsi üçün mülkiyyət hüququ, risk və mükafatlar qarşı tərəfə keçməlidir. Yəni mal təqdim edilməli, xidmət isə göstərilib başa çatdırılmalıdır. GDG yalnız xidmətlərə aid olduğu üçün məsələni xidmət üzərindən davam etdirməliyik.

Misal. İnternet xidməti fəaliyyəti ilə məşğul olan “A” MMC “B” MMC-yə aylıq 100 manat dəyərində xidmət göstərir. 1 yanvar 2023-cü ildə “B” şirkətindən 6 aylıq xidmət haqqı (600 manat) əvvəlcədən bank hesabına daxil olub. Daxil olan bu məbləği gəlir kimi tanımaq nə dərəcədə doğru olar?

İnternet xidməti aylıq xidmət olduğu üçün gəlir ayın sonunda tanınır. Xidmət birdəfəlik xidmət olsaydı, bu zaman 6-cı ayın sonunda bitmiş sayılar və gəlir də bu zaman tanınardı. İnternet xidməti isə aylıq standart xidmət olduğu üçün xidmətin bitməsi hər ayın sonuna təsadüf edir və gəlir kimi tanınır.

Misalda 6 aylıq xidmət haqqı əvvəlcədən alınıb. Yəni şirkətin 6 aylıq internet xidməti göstərmək borcu yaranıb. Əgər şirkətlər arasında müqavilə 6 ay bitmədən pozularsa, bitməyən ayların xidmət haqqı geri qaytarılmalıdır.

Tutaq ki, 1 fevral 2023 cü ildə həmin müqaviləyə xitam verilir. Bu zaman şirkət yerdə qalan 5 ayın pul vəsaitini geri qaytarmalı olacaq.

Buradan başa düşülür ki, GDG öhdəlik hesabıdır. Daxil olan 600 manat hər ay bitdikcə gəlir kimi (ayda 100 manat ) tanınır.

Əlavə olaraq onu da deyək ki, GDG yalnız MVH hesabatda, Gəlir isə MVZH hesabatda göstərilir.

Son olaraq yuxarıdakı misalın müxabirləşməsini nəzərdən keçirək.

Pulun bank hesabına daxil olması:

- debet pul vəsaitləri;

- kredit GDG.

Hər ayın sonu gəlirin tanınması:

- debet GDG;

- kredit gəlir.

Müqaviləyə borclu olduğu aylar bitmədən xitam verilməsi:

- debet GDG;

- kredit pul vəsaitləri.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ