İşçinin bir neçə güzəşt hüququ olduqda hesablamalar necə aparılır?
“vergiler.az”ın sualına əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Vergi Məcəlləsinin 102.7-ci maddəsində göstərilir ki, fiziki şəxsin bu Məcəllənin 102.2-ci (400 manat), 102.3-cü (200 manat) və 102.4-cü (100 manat) maddələri üzrə güzəşt hüququ olduqda ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
Yalnız himayədə olan şəxslərlə bağlı 50 manatlıq güzəşt hüququ digər güzəşt hüququ ilə birlikdə tətbiq edilə bilər.
Misal. Dövlət müəssisəsində çalışan müharibə veteranının aylıq əməkhaqqı 1.400 manatdır. O, həm də II dərəcə əlilliyi olan şəxsdir və himayəsində 18 yaşadək üç uşaq vardır. Onun əməkhaqqından vergi hesablanarkən nə qədər güzəşt edilməlidir?
Aylıq 1.400 manat əməkhaqqı alan işçinin vergiyə cəlb edilən gəlirindən aşağıdakı məbləğlər çıxılacaq:
200 manat – Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən tətbiq edilən azadolma
400 manat – qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxs olduğu üçün Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən verilmiş güzəşt
Burada nəzərə almaq lazımdır ki, işçiyə müharibə veteranı və II qrup əllilliyə görə güzəştlərdən yalnız biri – məbləği daha böyük olanı verilir.
50 manat – Himayəsində olan uşaqların sayına görə Vergi Məcəlləsinin 102.5 ci maddəsinə əsasən verilmiş güzəşt
Deməli, işçinin vergi tutulan gəliri 750 manat olacaq:
1.400-200-400-50 = 750 manat.
Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
İndi isə əməkhaqqından tutulmalara nəzər salaq:
Vergiyə cəlb olunan məbləğ:
1.400-200-400-50 = 750 manat.
Gəlir vergisi: 750x14% = 105 manat;
DSMF ayırmaları: 1.400 x 3% = 42 manat;
İşsizlikdən sığorta haqqı: 1.400 x 0,5% = 7 manat;
İcbari tibbi sığorta haqqı: 1.400 x 2% = 28 manat;
Net əməkhaqqı: 1.400-105-42-7-28 = 1.218 manat.