Pərakəndə ticarət sahəsində malların təqdim edilməsi necə sənədləşdirilməlidir?
Pərakəndə satış qaydasında fəaliyyət göstərən satış şəbəkələrində nisyə borc müqaviləsi ilə satışlar olur. Müştərilərin müqavilə şərtlərinə əməl etmədiyi halda məhsulu nisyə satan hüquqi şəxs qarşı tərəfi məhkəməyə verir. Məhkəmə qərarına görə təyin olunan aylıq ödənişlər üçün kassa çeki təqdim edilməlidirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.
Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki verilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 50.8.14-cü maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş) barədə məlumatlar olmalıdır.
Əsas: Vergi Məcəlləsinin 50-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.