Vaxtında həyata keçirilməyən auditin fəsadları
Auditor fəaliyyətinin başlıca məqsədi təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünü və normativ aktlara uyğunluğunu müəyyən etməkdir. Bəs audit hansı tarixlərdə keçirilməlidir? Mövzunu “vergiler.az” üçün “A Audit and Consulting” MMC-nin direktoru, auditor Rüfət Əliyev şərh edir.
Bundan öncəki yazımızın (https://vergiler.az/news/economy/22305.html) sosial şəbəkədə müzakirə olunmasından sonra aydın oldu ki, bir çox mühasib və maliyyəçilərdə maliyyə hesabatlarının hazırlanması üçün təyin olunan son tarixlə bağlı suallar yaranır. Əslində, bu, gözləniləndir. Çünki hazırda praktiki olaraq məcburi auditin təsərrüfat subyekti olan kommersiya və qeyri-kommersiya təşkilatları bitmiş maliyyə ili üçün nəzərdə tutulan maliyyə hesabatlarının kənar auditini cari ilin son tarixinə qədər icra edə bilirlər.
Misal: “AA” MMC 2021-ci il üçün maliyyə hesabatlarının kənar audit yoxlamasını ötən ilin noyabr ayında icra edib. Araşdırma zamanı məlum olub ki, ötən ilin oktyabr ayında şirkətin onlayn kargüzarlıq bölməsinə Auditorlar Palatası tərəfindən audit yoxlamasının icra edilməməsi ilə bağlı xəbərdalıq məktubu daxil olub. Təcrübə onu göstərir ki, xəbərdarlıq olunmasaydı, rəhbərlik audit xidmətinə əhəmiyyət verməyəcəkdi.
Qeyd edək ki, ölkəmizdə bir çox sahələr kimi audit də öz keçid dövrünü yaşayır. Elə bu səbəbdəndir ki, istər auditdən yayınmaya görə təkrar cərimələnməyə, istərsə də vaxtında keçirilməyən auditə görə cərimələnməyə mütəmadi rast gəlinmir. Amma, bu, hər şeyin qaydasında olduğu demək deyil. Təcrübədə auditin keçirilmədiyinə və vaxtında aparılmadığına görə cərimə kəsilən şirkətlər az deyil. Vaxtında keçirilməyən auditə görə də, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.
Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” təsdiq edilib. İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi qaydasının 3.1-ci bəndində göstərilir ki, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.
Qeyd edək ki, illik maliyyə hesabatlarının təqdim edilməsinin son vaxtı növbəti ilin aprel ayının 30-u, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının son vaxtı isə iyun ayının 30-udur.
Qərarın 5.1.1-ci bəndinə əsasən, qurumun internet səhifəsi olduqda həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunmasını təmin etməlidir.
Məlumat üçün bildirək ki, maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını Dövlət Vergi Xidməti ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
Bəs hesabat dövrü dedikdə nə başa düşülür və ya hesabat dövrü necə tənzimlənir?
“Mühasibat uçotu haqqında qanunun 11-ci maddəsində kommersiya təşkilatlarının maliyyə hesabatları üçün hesabat dövrü kimi aşağıdakı üç hal göstərilib:
- il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;
- oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla;
- digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla.
Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, əksər mühasiblərin və sahibkarların səhv saldığı tarix məhz kommersiya təşkilatlarının maliyyə hesabatları üçün təyin ounan hesabat dövrü ilə illik maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi tarixləridir.
Onu da qedy edək ki, ölkəmizdə fəaliyyət göstərən sərbəst auditorlar və auditor təşkilatları hesabat dövrü bitən şirkətlərin hamısını yuxarıda qeyd etdiyimiz tarixlərə qədər auditini praktiki icra etmək gücünə malik sayda deyillər. Çıxış yolu isə ilk fürsətdə audit yoxlamasından keçməkdir. Ən pis halda isə bağlanmış audit müqaviləsinin tarixi hesabatların təqdim edilməsi və dərc edilməsindən əvvəlki tarixdə olmalıdır.