21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə lizinqi hansı halda ƏDV-dən azad edilmir?

Qanunvericiliyə əsasən, maliyyə xidmətləti ƏDV-dən azaddır. Bəs bu vergi güzəşti maliyyə lizinqinə hansı halda şamil edilə bilməz? Suala mühasibat mütəxəssisi Orxan İsgəndərov aydınlıq gətirir.

Maliyyə xidmətləri Vergi Məcəllənin 13.2.14-cü maddəsi ilə tənzimlənir. Bu maddədə maliyyə lizinqinin də adı çəkilir. Hansı əməliyyatların maliyyə lizinqi sayıldığını müəyyənləşdirmək üçün Məcəllənin 140-cı maddəsini nəzərdən keçirmək lazımdır.

Vergi Məcəlləsinin 140.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

- lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;

- icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;

- icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;

- icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;

- icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

İndi isə Maliyyə lizinqinin ƏDV ilə bağlı xüsusi nüanslarına toxunaq. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsində göstərilib ki, maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. Lakin elə hallar ola bilər ki, bu, lizinq müqavilələrinə şamil edilməsin. ƏDV-dən azad olunma şərtini aydınlaşdırmaq üçün lizinq alan subyektin vergi ödəyicisi olub-olmadığını müəyyən etməliyik. Müqavilənin subyektlərini müəyyən edərkən lizinq alanla bağlı Mülki Məcəllədə və Vergi Məcəlləsində müddəaların olduğunu görə bilərik. Mülki Məcəllənin 747.1.3 cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

Göründüyü kimi, Mülki Məcəllədə lizinq müqaviləsi üçün vergi ödəyicisi olub-olmamaq kimi şərt yoxdur. Çünki hüquqi və fiziki şəxslər anlayışında fiziki şəxsləri vergi uçotunda olan və olmayan şəxslər kimi nəzərə alırıq. Vergi Məcəlləsinin 140.1-ci maddəsinin sonuncu abzasına əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bundan da belə nəticəyə gələ bilərik ki, əgər lizinq alan vətəndaşdırsa, bu zaman Vergi Məcəlləsinin 140-cı maddəsinə əsasən, əməliyyat maliyyə lizinqi sayılmır, Məcəllənin 13.2.14-cü maddəsinin maliyyə xidmətləri anlayışından çıxarılır və 164.1.2 ci maddədəki ƏDV-dən azadolma bu əməliyyata aid edilmir.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?