13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sahibkarların ictimai birlikləri ilə əməkdaşlıq çərçivəsində biznes ictimaiyyəti ilə görüşləri davam etdirir. Bu sahədə mühüm istiqamətlərdən biri də növbəti ilin büdcə layihəsi çərçivəsində Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin müzakirəsi, vergi siyasətinin müəyyənləşdirilməsi prosesində fikir mübadiləsi və təkliflərin öyrənilməsidir.

Noyabrın 2-də Dövlət Vergi Xidmətinin və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib. 120-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə DVX-nin rəhbər vəzifəli şəxsləri növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə sahibkarlıq subyektlərini məlumatlandırıblar. “Caspian Energy Club”un İdarə Heyətinin sədri Telman Əliyev forumun biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib, klub üzvlərinin vergi qanunvericiliyi ilə bağlı müəyyən məsələlər üzrə DVX rəhbərliyindən şərhlər almaq istədiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən DVX-nin rəis müavini Samirə Musayeva ölkədə aparılan iqtisadi islahatlara adekvat olaraq vergi qanunvericiliyində son dövrlərdə edilmiş dəyişikliklər barədə məlumat verib, dəyişikliklərin mühüm hissəsinin məhz sahibkarların ictimai birlikləri ilə keçirilən görüşlərdə, eyni zamanda yazılı müraciətlərdə bildirilən təkliflər nəzərə alınmaqla həyata keçirildiyini diqqətə çatdırıb. Müxtəlif platformalarda müzakirə edilən məsələlərin vergi siyasətinin formalaşdırılmasında və vergi qanunvericiliyininin biznes mühitinin inkişafı istiqamətində təkmilləşdirilməsində mühüm rol oynadığını vurğulayan S.Musayeva qeyd edib ki, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəticəsində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir. Bildirilib ki, hazırda ölkədə iqtisadi dövriyyənin 62 faizindən çoxu elektron qaimə-fakturalarla əhatə olunub. S.Musayeva “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na da toxunub və qarşıdakı dövrdə bu çərçivədə həyata keçiriləcək vergi siyasətinin əsas istiqamətləri barədə məlumat verib.

DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı təqdimat edib. Qeyd olunub ki, dəyişikliklərin hazırlanması prosesində 2021-2022-ci illər ərzində sahibkarlıq subyektləri ilə 110-dan çox görüş keçirilib, bu görüşlərdə özəl sektordan 400-dən çox təklif alınıb. Vergi Məcəlləsində 5 istiqamət üzrə dəyişikliklər hazırlandığı, bu dəyişikliklərin biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vətəndaşların vergi yükünün aşağı salınması kimi məsələləri əhatə etdiyi diqqətə çatdırılıb.

Forumda tədbir iştirakçılarının yeni dəyişikliklər əlaqədar, eləcə də Vergi Məcəlləsində əvvəlki illərdə edilmiş dəyişikliklər və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə bağlı sualları DVX nümayəndələri tərəfindən cavablandırılıb. Tədbir zamanı səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onların dəyərləndiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilatdır. Qurum 2002-ci ilin iyununda Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?