9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməkhaqqı hesablanarkən gəlir vergisinə tətbiq edilən güzəştlər

Fiziki şəxslərin muzdlu işdən əldə etdikləri gəlirlərinə Vergi Məcəlləsinin 102-ci maddəsində göstərilən qaydada azadolma və güzəştlər tətbiq edilir. Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əmək qənunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov əmək müqaviləsi ilə çalışan fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərini açıqlayıb:

Əvvəli burada: https://vergiler.az/news/taxes/19846.html

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

8. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar.

Güzəştin edilməsi üçün hüquq verən sənəd:

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı,

- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

9. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar.

Güzəştin edilməsi üçün hüquq verən sənəd:

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı,

- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üz rə Dövlət Xidmətinin, hərbi hissənin arayışları,

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşüiyyat Xidmətinin arayışları.

10. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;

Güzəştin edilməsi üçün hüquq verən sənəd:

- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı,

- hərbi hissənin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisənin arayışları,

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları,

11. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər.

Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Güzəştin edilməsi üçün hüquq verən sənəd:

- Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi.

Misal 1: Sevinc büdcədən maliyyələşən müəssisədə qeydiyyatçı vəzifəsində çalışır. Onun aylıq qazancı 700 manatdır. O, eyni zamanda məcburi köçkündür. Sevincin əmək haqqından tutulmalar aparılarkən ona nə qədər güzəşt ediləcəkdir?

Hesablanan aylıq gəlir: 700 manat

Vergiyə cəlb olunan məbləğ: 400 manat (100 güzəşt məcburi köçkün olduğu üçün, 200 əmək haqqı 2500 manatdan aşağı olduğu üçün güzəşt və azadolma tətbiq edilir).

Gəlir vergisi: 56 manat
(700 - 200 – 100) x 14% = 56 manat.
DSMF ayırmaları: 21 manat,
İşsizlikdən sığorta haqqı: 3,50 manat
İcbari tibbi sığorta haqqı: 14 manat.
Net əməkhaqqı: 605,50 manat
700 - 56 - 21 - 3.5 - 14 = 605,5 manat.

Misal 2: “A” müəssisəsində çalışan işçi məcburi köçkün statusuna malik olmaqla yanaşı, müharibə ilə bağlı əlilliyi olan şəxsdir. Fiziki şəxsin gəlirinin 800 manat olduğunu nəzərə alsaq, onun vergiyə cəlb edilən gəliri nə qədər olacaq?

Nümunədə fiziki şəxsin bir neçə güzəşt hüququ var. Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, belə hallarda güzəştlərdən biri, məbləğcə böyük olanı tətbiq edilir.

Məcburi köçkün statusunda olan şəxsin güzəşti - 100 manat

Müharibə əlilliyi olan şəxsin güzəşti - 400 manat

Vergiyə cəlb edilən gəlir:
800 - 200 – 400 = 200 manat.

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır:

1. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin;

Güzəştin edilməsi üçün hüquq verən sənəd:

- ər və arvaddan birinin guzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgöturənın arayışı,

- Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları. Bu qayda uşaqların 18 yaşa, tələbələnin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.

Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir,

Aşağıdakılar himayədə olanlara aid edilmirlər:

- təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa),

- dövlət təminatında olan şəxslər (uşaq və körpə evlərində tərbiyə alanlar),

- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.

Misal 3: Himayəsində 18 yaşadək 3 uşağı olan ərin aylıq gəliri 700 manat, həyat yoldaşının aylıq gəliri isə 500 manatdır. Ər və arvadın hər ikisinin dövlət müəssisəsində çalışdığını nəzərə alaraq onların aylıq gəlirindən verginin hesablanmasına nəzər salaq.

Qeyd edildiyi kimi, bu güzəşt ər və arvaddan yalnız birinin əməkhaqqına şamil ediləcək. Güzəştin ərin əməkhaqqına şamil edildiyini nəzərə alsaq, əməkhaqlarından tutulmaları hesablayaq:

Ərin əməkhaqqından tutulma:

Hesablanan aylıq gəlir: 700 manat

Vergiyə cəlb olunan məbləğ: 450 manat (50 güzəşt tətbiq edilib, 200 əməkhaqqı 2500 manatdan aşağı olduğu üçün)

Gəlir vergisi: 63 manat
DSMF ayırmaları: 21 manat
İşsizlikdən sığorta haqqı: 3,50 manat
İcbari tibbi sığorta haqqı: 14 manat
Nett əməkhaqqı: 598,50 manat.
700 - 21 - 3.5 – 14 = 598,50 manat.

Arvadın əməkhaqqından tutulma:

Hesablanan aylıq gəlir: 500 manat

Vergiyə cəlb olunan məbləğ: 300 (200 əmək haqqı 2500 manatdan aşağı olduğu üçün)

Gəlir vergisi: 42 manat
DSMF ayırmaları: 15 manat
İşsizlikdən sığorta haqqı: 2,50 manat
İcbari tibbi sığorta haqqı: 10 manat
Nett əməkhaqqı: 430,50 manat
500 - 15 - 2.5 – 10 = 430,50 manat.

Misal 4: Şəxsin himayəsində 3 övladı var. Onlardan ikisi 14 və 16 yaşlarında olmaqla orta məktəbdə, biri isə 19 yaşında olmaqla universitetdə təhsil alır. Tələbə dövlət təqaüdü alır. Şəxsin dövlət müəssisəsində çalışdığı iş yerində gəliri 500 manatdır. Onun əməkhaqqından tutulma olarkən güzəşt nəzərə alınacaqmı? Yuxarıda qeyd edilib ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər himayədə olan şəxslər hesab edilmirlər. Ona görə də şəxsin aylıq gəlirindən vergi hesablanarkən 50 manalıq güzəşt hüququ ona şamil edilməyəcək.

Onu da qeyd edək ki, fiziki şəxsin Vergi Məcəllənin 102.2-ci (400 manat), 102.3-cü (200 manat) və —102.4-cü (100 manat) maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

Göründüyü kimi, əgər şəxsin bir neçə güzəşt hüququ olarsa, ona bunlardan yalnız biri tətbiq ediləcək. Maddəyə diqqət yetirsək görərik ki, yuxarıda sadalananlar arasında Vergi Məcəlləsinin 102.5-ci (50 manatlıq) maddəsində qeyd edilmiş güzəşt hüququ daxil edilməyib. Belə qənaətə gəlirik ki, şəxsin bir neçə güzəşt hüququ olduqda, bu hüquqlardan biri 50 manatlıq güzəşt olarsa, digər güzəştlə birlikdə tətbiq ediləcək. Nümunə ilə aydınlıq gətirək:

Misal 5: Büdcədən maliyyələşən müəssisədə çalışan Rüstəm müharibə əlilidir, eyni zamanda onun himayəsində 3 az yaşlı övladı var. Rüstəm məcburi köçkündür. Rüstəmin aylıq gəliri 900 manat olarsa, əməkhaqqından icbarı ödənişlər tutularkən nəzərə alınacaq güzəşt nə qədər olacaq?

Fiziki şəxsin vergiyə cəlb edilən gəliri belə hesablanır:

900 – 400 – 200 - 50 = 250 manat.

Misalda şəxsin bir neçə güzəşt hüququ olsa da, 400 manat (müharibə əlili) və 100 manat (məcburi köçkün) güzəşt hüququndan ən böyük olanı şamil ediləcək. Himayədə olan şəxslərə görə verilən 50 manatlıq güzəşt digər güzəştlərdən asılı olmayaraq tətbiq ediləcək və digər 200 manat azadolma isə Vergi Məcəlləsinə görə əməkhaqqı 2500 manatdan aşağı olduğu halda digər güzəştlərlə birgə tətbiq ediləcək. Beləliklə, Rüstəmin aylıq net gəliri aşağıdakı şəkildə hesablanır:

Hesablanan aylıq gəlir: 900 manat

Vergiyə cəlb olunan məbləğ: 250 manat (200 əmək haqqı 2500 manatdan aşağı olduğu üçün, 400 müharibə əlili olduğu üçün, 50 himayəsində 3 nəfər olduğu üçün)

Gəlir vergisi: 7 manat
DSMF ayırmaları: 7,50 manat
İşsizlikdən sığorta haqqı: 1,25 manat
İcbari tibbi sığorta haqqı: 5 manat
Nett əməkhaqqı: 879,25 manat
900 - 7 - 7.5 - 1,25 – 5 = 879,25 manat.

Misal 6: Büdcədən maliyyələşən müəssisədə çalışan Orxanın himayəsində 3 az yaşlı övladı var. Orxan məcburi köçkündür və o, ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxsdir. Orxanın aylıq gəliri 700 manat olarsa, əməkhaqqından icbarı ödənişlər tutularkən nəzərə alınacaq güzəşt nə qədər olacaq?

İlk baxışdan Orxanın iki güzəşt hüququ olduğu düşünülsə də, mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxs üçün ona məcbur köçkünlük statusuna görə 100 manatlıq güzəşt tətbiq edilmir. Beləliklə, onun əməkhaqqından tutulmalar aşağıdakı şəkildə hesablanır:

Hesablanan aylıq gəlir: 700 manat

Vergiyə cəlb olunan məbləğ: 450 manat (200 manat əməkhaqqı 2500 manatdan aşağı olduğu üçün, 50 himayəsində 3 nəfər olduğu üçün)

Gəlir vergisi: 63 manat
DSMF ayırmaları: 21 manat
İşsizlikdən sığorta haqqı: 3,25 manat
İcbari tibbi sığorta haqqı: 14 manat
Nett əməkhaqqı: 598.50 manat
700 - 63 - 21- 3.25 – 14 = 598.50 manat.

Vergi Məcəlləsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki səxsin bu maddədə sadalanan vergi güzəstlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəst hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəsti həmin fiziki səxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Onu da qeyd edək ki, vergilərin hesablanması zamanı güzəşt hüququndan faydalanmaq üçün, güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər. Güzəşt hüququ verən sənəd təqdim edildikdən sonra müəssisə həmin güzəşti tətbiq etməlidir. Güzəşt hüququna dair sənəd təqdim edilmədən müəssisə tərəfindən güzəşt edilməsi, əsas olmadan vergilərin azaldılması kimi qəbul edilə və azadılmış gəlirə maliyyə sanksiyası tətbiq edilə bilər.

Misal 7: İkinci qrup əlillik dərəcəsinə sahib işçi dövlət müəssisəsində 800 manat əməkhaqqı qarşılığında çalışır. İşçi eyni zamanda əlavə iş yeri kimi dövlət universitetində müəllim kimi çalışmaqla 400 manat gəlir əldə edir. İşçinin əsas və əlavə iş yerində net gəlirinin hesablanması necə aparılır?

Şəxsin əsas İş yerində hesablanan aylıq gəlir: 800 manat

Vergiyə cəlb olunan məbləğ: 400 manat (200 əməkhaqqı 2500 manatdan aşağı olduğu üçün, 200 manat ikinci qrup əlil olduğu üçün)

Gəlir vergisi: 56 manat
DSMF ayırmaları: 24 manat
İşsizlikdən sığorta haqqı: 4 manat.
İcbari tibbi sığorta haqqı: 16 manat
Net əməkhaqqı: 700 manat
800 - 56 - 24 - 4 – 16 = 700 manat
Şəxsin əlavə iş yerində hesablanan aylıq gəlir: 400 manat

Vergiyə cəlb olunan məbləğ: 400 manat (Əlavə iş yeri olduğu üçün güzəşt təbiq edilmir)

Gəlir vergisi: 56 manat
DSMF ayırmaları: 12 manat
İşsizlikdən sığorta haqqı: 2 manat
İcbari tibbi sığorta haqqı: 8 manat
Net əməkhaqqı: 322 manat
(400 -56 -122-8) = 322 manat.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?