12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi islahatları biznes və investisiya mühitinin təkmilləşdirilməsinə təkan verir

Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.

Müəyyən edilmiş hədəfə nail olmaq üçün dövlət tərəfindən dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dəstək və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsi və digər sahələri əhatə edən kompleks tədbirlər həyata keçirilir.

Uğurlu biznesə dəstək verən vergi mühiti

Vergi orqanları tərəfindən həyata keçirilən tədbirlər ölkədə sahibkarlığın inkişafı, rəqabət qabiliyyətinin artırılması, qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması sahəsində aparılan islahatlara əhəmiyyətli töhfə verir. Azərbaycan biznesə başlama üzrə dünyada ən yaxşı təcrübələrdən birinə malikdir. Belə ki, ölkəmizdə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. 2019-cu ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması təqdim olunur. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Yeni qeydiyyat sisteminə əsasən, qeydiyyat sənədləri vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yoxdur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı yerləşdirilib.

“Bir prosedurla dövlət qeydiyyatı” beynəlxalq müstəvidə

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülüb. Dövlət Vergi Xidməti 2012-ci ildə CRF-in tamhüquqlu üzvüdür. CRF tərəfindən 2020-ci ilin may ayında iki nominasiya üzrə müsabiqə elan edildi. 2021-ci il dekabrın 31-dək davam edən müsabiqədə Dövlət Vergi Xidməti “Bir prosedurla dövlət qeydiyyatı” (State registration with single procedure) layihəsi ilə çıxış edib və müsabiqənin nəticələrinə əsasən, “Təqdir” kateqoriyasında qalib gəlib.

Göründüyü kimi, bu sahədə aparılan islahatlar beynəlxalq səviyyədə də təqdir edilir. Ümumiyyətlə, Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübəni artırmaq üçün beynəlxalq əməkdaşlıq diqqətdə saxlanılır. Qurum biznes reyestri siyasətinə, əməliyyatlarına və texnologiya təşəbbüslərinə dair məlumat verən biznes reyestri mütəxəssislərinin birliyi olan Avropa Biznes Qeydiyyatçıları Assosiasiyası ilə də sıx əməkdaşlıq edir. Təşkilatın əsas məqsədi əməkdaşlıq edən biznes qeydiyyatçılarının beynəlxalq icmasının yaradılmasıdır.

Elektron qeydiyyat iqtisadi aktivliyi artırır

Biznesin qeydiyyatı sadələşdikcə qeydiyyatdan keçən vergiödəyiciləri üzrə müsbət dinamika qeydə alınır. Belə ki, bu ilin yanvar-avqust ayları ərzində 10 min 234 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8 faiz çoxdur. Həmin kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Biznes mühitinin təkmilləşdirilməsi üzrə Yol Xəritəsi

Vergi orqanları tərəfindən biznes mühitinin təkmilləşdirilməsi daim nəzarətdə saxlanır, yeni mütərəqqi təcrübələrin tətbiqi imkanları araşdırılır. Qeydiyyat sisteminin funksional diaqnostikası həyata keçirilir, təhlillər aparılır, zərurət yarandıqda müvafiq proqram təminatında dəyişikliklər edilir. Bu sahədə islahatların davamı olaraq, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupu Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə diaqnostika matrisasının və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsi hazırlanır. Bütün bu təşəbbüslər ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmağa, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etməyə və rəqabət qabiliyyətini möhkəmləndirməyə, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?