6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnvestisiyaların təşviqi üçün əlverişli vergi şərtləri

Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində sistemli işlər aparılır. Ölkəmizin hazırkı sosial-iqtisadi səviyyəsi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün geniş imkanlar yaradır. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” məhz həmin imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hədəfləri müəyyən edən proqram xarakteri daşıyır. Konsepsiyada qeyd olunan hədəflərə çatmaq üçün ölkəmizin vergi sistemi qarşısında investisiyalar üçün əlverişli vergi şərtlərinin və stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi kimi vəzifələr qoyulub.

Prioritet sahələr, stimullaşdırıcı tədbirlər…

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq milli iqtisadiyyatda həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir. Bu sahədə görülmüş işlər Azərbaycanda sahibkarların fəaliyyətinin genişlənməsinə, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolunun daha da artmasına imkan verib. Ölkədə azad sahibkarlığın inkişafının ilkin mərhələsində və iqtisadiyyata investisiya qoyuluşlarının həcminin artmasına əlverişli şəraitin yaradılmasında vergi qanunvericliyinin təkmilləşdirilməsinin və Vergi Məcəlləsinin qəbul edilməsinin böyük rolu olub. Müqayisə üçün bildirək ki, 1995-2000-ci illərdə iqtisadiyyata investisiya qoyuluşlarının ümumi həcmi 11 milyard dollar olduğu halda, Vergi Məcəlləsi qəbul olunduqdan sonra, 2000-2014-cü illərdə bu göstərici 12 dəfə artaraq 132 milyard dollar təşkil edib. Biznes mühitinin daha da əlverişli olması üçün vergi qanunvericiliyinin müvafiq müddəalarının təkmilləşdirilməsi davamlı hal alıb. Müxtəlif vaxtlarda Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə vergi ödəyicilərinin risklərinin minimallaşdırılması, vergi münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması, innovativ sahibkarlığın stimullaşdırılması məqsədilə sənaye və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənfəət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sıra güzəşt və azadolmalar müəyyən edilib. Xüsusilə son illər sahibkarların fəaliyyətinin təşviqi istiqamətində vergi qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilib. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunublar.
Bu stimullaşdırıcı tədbirlər sənaye parklarının da fəaliyyətinə mühüm təkan verib. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarına tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər cari ilin avqust ayına qədər 428,6 milyon manatdan çox vəsaitə qənaət ediblər. Güzəştlər digər sahələri də əhatə edir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub. Bu siyahıda kiçik və orta biznesin klaster şirkətinə, onların iştirakçı şirkətinə, startaplara vergi güzəştlərinin, mikrosahibkarlığa 75%-lik güzəştin verilməsi və s. də var. Bir sıra dəyişikliklər isə sahibkarın daha az vergi nəzarəti və vergi yoxlaması ilə əhatə olunmasına xidmət edir. Nəticədə son illərin vergi islahatları innovasiyaların daha geniş tətbiqi, dövlətin sənayeləşmə və investisiyaların cəlb edilməsi siyasətini dəstəkləyən vergi təşviqlərinin verilməsinə hesablanıb.

Dayanıqlı iqtisadiyyata xidmət edən islahatlar

Mütəmadi aparılan təhlillər hansı məhsulların idxalından asılılığın mövcudluğunu və həmin məhsulların ölkədə istehsalının həcminin artırılması üçün nə kimi iqtisadi təşviq alətlərinə ehtiyac olduğunu müəyyən edir. Bu tənzimləmə alətlərindən biri də vergi təşviqləri olduğuna görə, qarşıdakı dövrdə yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri həyata keçiriləcək. Bu baxımdan, maliyyə və kapital bazarlarının inkişafının da vergi yolu ilə tənzimlənməsi və təşviqi nəzərdə tutulur. Maliyyə və kapital bazarları nə qədər inkişaf etsə, bir o qədər real sektorun inkişafına dəstək verə bilir.
Ölkəmizin uzunmüddətli dövrdə dayanıqlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. Bu məqsədlə biznes mühiti mütəmadi olaraq təkmilləşdirilir və investorlar üçün cəlbediciliyi artırılır. Vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı həyata keçirilən məqsədyönlü dəyişikliklərin nəticəsi olaraq, ölkədə investisiya şərtlərinin səmərəliliyinin artması yeni mərhələyə qədəm qoyacaq.

Gülay Nəbiyeva

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?