Vergi siyasətində rəqəmsallaşma faydalı nəticələr verir
Ölkəmizdə həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri vergi inzibatçılığında tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi və bu məqsədlə mövcud resurslardan maksimum səmərəli istifadə olunmasıdır. Vergi siyasəti rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə və inkişafda olan iqtisadi mühitə uyğunlaşdırılır.
Rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi davam edir
Dövlət Vergi Xidməti (DVX) tərəfindən elektron xidmətlərin sayının genişləndirilməsi və bu xidmətlərin daha da müasirləşdirilməsi istiqamətində zəruri işlər həyata keçirilir. Azərbaycanda uzun illərdir ki, vergi bəyannamələri elektron təqdim edilir, elektron vergi hesab-faktura sistemi tətbiq olunur, eyni zamanda vergi ödəyicilərinə 60-dan çox elektron xidmət göstərilir. Hazırda ölkə üzrə vergi ödəyicilərinin 90 faizindən çoxu hesabat və bəyannamələrini elektron şəkildə təqdim edir. Sahibkarların öz vergi öhdəliklərini yerinə yetirməsi üçün vergi orqanları mövcud sistemin daha da sadələşdirilməsini təmin edən yeniliklər üzərində işləyir. Xidmət sistemi vergi ödəyicilərinin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdirilir. Hazırda mikro və kiçik sahibkarların vergi öhdəliklərini mobil tətbiqlər, yəni sadə mobil əlavələr vasitəsilə icra etməsi üçün müəyyən hazırlıq işləri aparılır. Əsas məqsədlərdən biri sahibkarların vergi orqanları ilə canlı təmaslarının minimuma endirilməsi, hər bir vergi ödəyicisinin istənilən yerdən, istənilən vaxt, istənilən xidmətə çıxış əldə etməsini təmin etməkdir. Yeni texnologiyaların tətbiqi dövlət xidmətlərinin ünvanlılığının təmin olunmasına, vergi ödəyicisi ilə təmasların tam olaraq elektron formata keçirilməsinə, bu münasibətlərin tam şəffaflığına xidmət edir. Yeni texnologiyalar vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu, cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün iqtisadiyyatın şəffaflığını təmin etməyə xidmət edir.
Vergi öhdəliklərini yerinə yetirmək üçün rəqəmsal həllər daha effektivdir
Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır. Rəqəmsallaşmanın təkcə vergi ödəyicilərinə göstərilən xidmətlərə deyil, eyni zamanda təhlillərin və auditin aparılması, kameral yoxlamaların həyata keçirilməsi prosesində də tətbiqi, bu prosesin süni intellekt üzərində qurulan proqramlardan, müasir informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilməsi istiqamətində də işlər aparılır. DVX tərəfindən vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, o cümlədən xidmətlərin elektronlaşdırılmasının daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İnformasiya texnologiyaları sahəsində həyata keçirilən əməliyyatların səmərəliliyinin artırılması, vahid prinsip və standartların işlənib hazırlanması, DVX-nin strukturları arasında rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə olunması, bu sahədə təhlükəsizliyin və faziləsiz iş fəaliyyətinin ən yüksək səviyyədə təmin edilməsi işinin təşkili məqsədilə Rəqəmsal Transformasiya Şurası fəaliyyət göstərir.
“Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə və şəffaflıq səviyyəsinin artırılması...
Vergi orqanları tərəfindən tətbiq edilən rəqəmsal alətlər arasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ölkədə biznes mühitinin daha da sağlamlaşdırılması və sahibkarlıq fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması baxımından olduqca əlamətdar hadisədir. Bu yeniliyin gətirdiyi faydalardan ən başlıcası həm sahibkarların, həm də dövlətin marağında olan şəffaflıq amilinin artması ilə bağlıdır. Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır. Hazırda ölkəmizdə 71 mindən çox belə kassa quraşdırılıb. Yeni nəsil nəzarət-kassa aparatları vergi ödəyicisinin fəaliyyətinə məsafədən nəzarət olunmasına şərait yaratdığından, eləcə də çevik hesablaşma forması olduğundan kassa aparatları tətbiq edilməli fəaliyyət sahələrinin dairəsi genişləndirilir. Bu kassaların tətbiq dairəsinin genişləndirilməsi, öz növbəsində, innovativ layihə olan “ƏDV geri al”a da müsbət təsir göstərir. Bu il qanunvericiliyə edilmiş dəyişikliklərdə ƏDV-nin qaytarılması mexanizmi tibbi xidmətlərə də aid edilib. Tibb müəssisələri tərəfindən göstərilən xidmətlər sahəsində dövriyyələrin şəffaflaşdırılması və bu prosesdə vətəndaşların birbaşa iştirakı məqsədilə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, tibbi xidmətlərin göstərilməsi sahəsində də “ƏDV gerial” mexanizmi tətbiq olunub.
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi, o cümlədən rəqəmsal vergiyığma üzrə əhatəliliyin (təqdim edilmiş qaimə-faktura və onlayn kassa üzrə dövriyyələrin cəminin bəyan edilmiş dövriyyəyə nisbəti) xüsusi çəkisinin 75%-dən çox olması hədəflənib.
Gülay NƏBİYEVA