11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi islahatları: şəffaflıq, dürüstlük, hesabatlılıq

İqtisadiyyat məhdud resurslar vasitəsilə qeyri-məhdud tələbatları qarşılamağı təmin edir. Ehtiyacları səmərəli qarşılamaq üçün bu proses şəffaf şəkildə qurulmalıdır.

AZƏRTAC xəbər verir ki, son illər ölkə iqtisadiyyatında müşahidə olunan artım, sosial rifahın yaxşılaşdırılması istiqamətində tədbirlər və həyata keçirilən irimiqyaslı layihələr məhz biznesin fəaliyyətinin leqallaşdırılmasının real təzahürüdür.

Şəffaflaşmaya xidmət edən islahatlar

“Kölgə iqtisadiyyatı” ilə mübarizə uzun müddətdir dövlətin diqqət ayırdığı ən vacib məsələlərdəndir. “Kölgə iqtisadiyyatı” ilk növbədə, vergilərdən yayınmaya xidmət edən qeyri-formal fəaliyyət olsa da, bu onun yaratdığı yeganə mənfi təzahür deyil. O, haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə, işçilərin sosial iqtisadi hüquqlarının məhdudlaşmasına səbəb olmaqla, ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. “Kölgə iqtisadiyyatı” geniş bir kateqoriyanı əhatə etsə də, Azərbaycanda bu, özünü daha çox qeyri-rəsmi məşğulluq, bəyan edilməmiş gəlirlər, ikili mühasibatlığın aparılması kimi göstərir. “Kölgə iqtisadiyyatı”nın məhdudlaşdırılması vergitutma baxımından mühüm potensial və dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətli imkanlar vəd edir.

Vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilən dəyişikliklər və həyata keçirilən maarifləndirmə tədbirləri biznes subyektlərinin fəaliyyətinin leqallaşmasına yönəlib. Vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi, xüsusən də vergiödəyiciləri ilə münasibətlərin elektron müstəvidə qurulması, rəqəmsal xidmətlərdən daha çox istifadə edilməsi istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmalıdır. “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznesin fəaliyyətinin və gəlirlərin leqallaşdırılması sahəsində atılan addımlar iqtisadi baxımdan hər hansı fəsadlar yaratmadan bütövlükdə iqtisadiyyat üçün öz müsbət nəticələrini verir.

2 milyard manatdan çox əlavə vergi, 10 milyard manatdan çox şəffaf dövriyyə, 200 mindən çox əmək müqaviləsi…

Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı vergi orqanlarının fəaliyyətinin nəticəsini xüsusi vurğulayıb. Ölkə rəhbəri, həmçinin biznes dairələrinə “kölgə iqtisadiyyatı”ndan əl çəkmələri üçün bir neçə il bundan əvvəl möhlət verdiyini, onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildiyini qeyd edib. Prezident İlham Əliyev çıxışında ancaq vergi orqanlarının 6 ayda 2 milyard manat əlavə vergi yığımını xüsusilə diqqətə çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 482 milyon 48,5 min manat vergi daxil olub, proqnoz 146,7 faiz yerinə yetirilib. Bu, əsasən qeyri-neft-qaz sektorunun hesabına baş verib. Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 398 milyon 63,4 min manat olub, proqnoza 128,6 faiz əməl edilib. Qeyri-neft-qaz sektorunda dövlət büdcəsinə proqnozdan əlavə vergi daxilolmalarının məbləği 978 milyon 146,8 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 38,1 faiz və ya 1 milyard 214 milyon 119,1 min manat artıb.

Yeri gəlmişkən, ümumi daxilolmaların 70 faizə yaxını qeyri-neft-qaz sektorunun payına düşür. Bu dinamika sahibkarlığın inkişafının sürətlənməsi məqsədilə yeni vergi stimullarının tətbiqi şəraitində müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə proqnozun yüksək icra səviyyəsi dövlət büdcəsinin fiskal dayanıqlığının gücləndirilməsinə imkan verir.

“Kölgə iqtisadiyyatı”nın azalmasına dəlalət edən şəffaflaşma göstəricilərini təhlil etdikdə, biznesin leqallaşma prosesinə istiqamətləndiyini aydın müşahidə edirik. Bu, xüsusilə özünü, ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövriyyələrində artım templərində, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artım dinamikasının sürətlənməsi və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsində göstərir ki, bu da iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.

Belə ki, 2022-ci il iyul ayının 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 688 min 11 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,8 faiz artıb və 37 min 29 vahid təşkil edib. Aktiv obyektlərin sayı isə ilin əvvəli ilə müqayisədə 2,4 faiz artaraq 187 min 680-ə çatıb. Bundan başqa, bu ilin 6 ayında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz çoxdur. Göstərilən müddət ərzində qeyri-neft sektoru üzrə dövriyyənin artımı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz, ƏDV üzrə qeyri-neft sektorunda dövriyyənin artımı 25,5 faiz, qeyri-neft sektorunda elektron qaimə -faktura üzrə dövriyyənin artımı isə 30,8 faiz təşkil edib.

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 294,7 min vahid artıb və bu il iyul ayının 1-nə 1 milyon 696,6 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 255,8 min vahid artaraq 795,7 min olub.

Biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir

Əldə edilmiş nəticələr bir daha göstərir ki, sağlam münasibətlərin qurulduğu şəraitdə biznes leqal fəaliyyət göstərməyə, rəqabət şəraitində işləməyə meyillidir. Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.

Bütün bunlar onu deməyə əsas verir ki, biznes leqal fəaliyyətə adaptasiya prosesini uğurla qəbul edir. Sahibkarların gəlirlərinin artması vergi daxilolmalarının da artmasına birbaşa təsir göstərir və bu da sosial məsələlərin uğurla həll edilməsinə imkan verir. Şəffaf iqtisadi münasibətlər sisteminin qurulmasında dövlət tərəfindən irəli sürülən təşəbbüslərlə yanaşı, cəmiyyətin də rolu var. Bunun üçün iqtisadi münasibətlərin bütün tərəfləri bu işə öz töhfəsini verməli və şəffaflığın təmin olunması başlıca amal olmalıdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?