Müharibədə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına hansı vergi güzəşti olunur?
Atam 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə iştirakçılarının övladlarına vergi güzəşti olunduğunu biləndən sonra müvafiq sənədləri hazırlayıb iş yerimə təqdim etmişəm. Əvvəlki üç ildə əməkhaqqımdan tutulmuş verginin qaytarılması mümkündürmü?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Göründüyü kimi, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi üzrə vergi güzəştləri 1 yanvar 2019-cu il tarixdən tətbiq edildiyindən və həmin güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yarandığından sorğuda göstərilən dövrlər üzrə güzəşt məbləğinin tətbiqi və vergitutulan məbləğin bərpası qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.