7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV bəyannaməsinin tərtib edilməsinin yeni xüsusiyyətləri

Əlavə dəyər vergisi (ƏDV) bəyannaməsini tərtibi edərkən əvvəlcədən alınmış ödənişlərə görə malların (işlərin, xidmətlərin) təqdim edilməsi (avansın bağlanması) və debitor borcların hərəkəti ilə bağlı bu ildən etibarən tətbiq olunan yeniliklərlə bağlı bəzi məqamlara xüsusi diqqət yetirilməlidir. Mövzunu “vergiler.az” üçün "Good Finance" MMC-nin vergi məsləhətçisi Teymur İslamlı şərh edir.

Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Ötən illərdən fərqli olaraq, yeni qaydalara əsasən, avansın bağlanmasını ƏDV bəyannaməsində göstərmək mümkündür. Belə ki, həmin məbləğ bəyannamənin 3 saylı əlavəsində mallar üzrə 301.1.1.8-ci, iş və xidmətlər üzrə isə 301.1.2.7-ci sətirlərdə “Təqdim olunmuş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda əks etdirilməlidir.

Həm avans, həm də debitor borcun hərəkəti ilə bağlı bəyannamə formasında edilmiş dəyişikliklər mütərəqqi səciyyə daşıyır. Bundan sonra ƏDV bəyannaməsinin tərtibi zamanı informasiyanın mühasibat hesabatlarından daha asan yığılaraq emal olunması ilə yanaşı, həmçinin bir sıra kameral uyğunsuzluqların aradan qaldırılmasına gətirib çıxaracaq.

Misal 1: “T” MMC-yə təqdim ediləcək mallara görə aprel ayında 500 manat (ƏDV-siz) vəsait daxil olub. Həmin mallar may ayında təqdim edilib. Bu əməliyyat aprel ayına aid bəyannamədə 301.1.1.8-ci (Təqdim ediləcək malların hesabına əvvəlcədən alınmış ödənişlər) sətrinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda, may ayı üzrə isə həmin sətrin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda göstərilməlidir.

Qeyd edək ki, əvvəlki illərin bəyannamə formalarında bu məsələ tənzimlənmədiyi üçün uyğunsuzluqlar yaranırdı və əlavə yazışmalara səbəb olurdu. 2020-2021-ci illərdə tətbiq olunan bəyannamə formalarında debitor borcun hərəkətinə yanaşma ilə cari ilin bəyannamə formasındakı yanaşma fərqlidir. Əvvəlki bəyannamə formasında hesabat dövrü üzrə yaranan debitor borc məbləği kimi hesabat ayı üzrə yaranmış və ayın sonuna ödənilməmiş debitor borc məbləği nəzərə alınırdı. Hazırkı bəyannamə formasında isə yaranan debitor borc məbləği kimi, ay arzində yaranan bütün debitor borcun məbləği nəzərə alınır.

Paralel olaraq, hesabat dövrü ərzində silinən debitor borc məbləğinin bəyannamədə göstərilməsi ilə bağlı yanaşmada da fərq var. Köhnə bəyannamə formasında silinən debitor borc məbləği kimi yalnız əvvəlki hesabat dövrlərində yaranmış debitor borc məbləğlərinin cari hesabat ayında silinən hissəsi əks etdirilirdi, builki formada isə silinən debitor borc məbləği ay ərzində silinən bütün məbləği əhatə edir.

Misal 2: “T” MMC-nin 30 aprel tarixinə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1.500 manat (ƏDV-siz) təşkil edib. May ayında satılmış malların dəyəri 1.000 manatdır, MMC-nin bank hesabına 1.200 manat daxil olub. Həmin məbləğin 800 manatı cari aydakı satışlar, 400 manatı isə əvvəlki aydan ödənilməyən debitor borclar üzrə olub.

Köhnə bəyannamə formasında yaranan debitor borc məbləği 200 manat, silinən debitor borc məbləği 400 manat, dövrün sonuna qalıq 1.300 təşkil edirdi. Builki bəyannamə formasında isə yaranan debitor borc məbləği 1.000 manat, silinən debitor borc məbləği 1.200 manat, dövrün sonuna qalıq 1.300 manat təşkil edir. Pərakəndə ticarət, səhiyyə, ictimai iaşə və s. bu kimi nağd əməliyyatları olan fəaliyyət sahələri üzrə təqdim edilən ƏDV bəyannamələrində ümumi satış məbləği debitor borc kimi “tanınmırdısa”, hazırkı qaydalara əsasən, həmin əməliyyatlar da debitor borcların hərəkətində həm yaranan, həm də silinən debitor borc kimi nəzərə alınır.

Qeyd edək ki, bu şərhdə göstərilənlər Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsinin tərtib edilməsi qaydası”na əsaslanır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?