14 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi sistemində aparılan islahatlar yeni strateji inkişaf çərçivəsində ölkənin iqtisadi siyasətini dəstəkləyir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərlinin “Respublika” qəzetində Azərbaycan iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunda müşahidə olunan müsbət dinamika, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, Xidmət tərəfindən vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, həyata keçirilən vergi siyasətinin hədəfləri ilə bağlı geniş məqaləsi dərc olunub. Yazını oxucularımıza təqdim edirik.

2020-2021-ci illər dünya iqtisadiyyatı, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb çağırışlarla müşayiət olunan ciddi sınaq dövrü oldu. Dünyada baş vermiş pandemiya, iqtisadi əlaqələrin pozulması, iqtisadi aktivliyi məhdudlaşdırıcı məcburi qərarlar hər bir ölkənin milli iqtisadiyyatına ciddi təsir göstərdi.

Bununla belə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində pandemiyanın ölkə iqtisadiyyatına neqativ təsirləri minimallaşdırıldı. Pandemiyanın davam etməkdə olan yeni dalğalarına baxmayaraq, ilkin və effektli antiböhran tədbirləri, peyvəndlənmə prosesinin kütləviləşməsi və sosial təcrid məhdudiyyətlərinin mərhələli yumşaldılması, eləcə də iqtisadi fəallığın və istehlak tələbinin bərpa edilməsi üçün atılmış zəruri addımlar nəticəsində Azərbaycan iqtisadiyyatında yenidən yüksək iqtisadi artım sürətinə nail olundu.

2021-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə edilməsi, vergi ödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi ölkənin vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edib. Həyata keçirilən təşviq əsaslı vergi siyasəti və risk əsaslı nəzarət çərçivəsi biznesin vergi öhdəliklərinin sabit artımına şərait yaradıb.

Qeyri-neft sektoru iqtisadi artımın əsas drayveridir

İqtisadi artımın bərpa olması, qeyri-neft sektorunda müşahidə olunan müsbət dinamika, biznesin fəaliyyətində şəffaflaşma prosesinin davam etməsi şəraitində dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasında da artım davam edib, ilin yekunlarına görə proqnozlarda nəzərdə tutulandan daha artıq vəsaitlərin səfərbər olunmasına imkan verib.

2021-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları üzrə 8.529,2 mln. manat vəsait daxil olub. Daxilolmaların həcmi proqnoza nisbətən 17,6 faiz, əvvəlki illə müqayisədə 15,5 faiz çox olub. Cəmi vergi daxilolmalarının cəmi büdcə gəlirlərində payı 2021-ci ildə 32,3 faiz təşkil edib. Bu göstərici 2020-ci ilin müvafiq göstəricisindən (29,9 faiz) 2,4 faiz çoxdur.

Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, istehlak tələbinin bərpa olması, iqtisadiyyatın əksər sektorlarında müşahidə olunan artım prosesi, xüsusilə qeyri-neft sektorunda ÜDM-in 7 faizi aşan artım tempi bu sektorun fiskal göstəricilərində öz əksini tapıb.

2021-ci ildə qeyri-neft vergi daxilolmaları 6.362,7 mln.manat təşkil edib. Proqnozdan artıq yığılan vəsait 689 mln.manat, əvvəlki illə müqayisədə 754,1 mln. manat çox olub. 2021-ci ildə özəl sektordan daxilolmalar 24 faiz, özəl qeyri-neft sektordan daxilolmalar isə 20,3 faiz artıb.

Qeyri-neft ÜDM-in artım templəri ilə müqayisədə qeyri-neft sektorundan vergi daxilolmalarının daha yüksək artım dinamikası sektorda əhəmiyyətli şəffaflaşmanın göstəricisidir, eyni zamanda vergidənyayınma hallarının azaldılmasında vergi inzibatçılığının keyfiyyətinin artmasına dəlalət edir. Toplanmış vergilərin 74,6 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.

Qeyri-neft sektorundan daxilolmaların tədiyə növləri üzrə təhlili göstərir ki, 2021-ci ildə ƏDV üzrə daxilolmalar 17 faiz, aksizlər 25 faiz, mənfəət vergisi üzrə daxilolmalar 16,3 faiz, mədən vergisi üzrə 1,8 dəfə artıb.

Sektorun sahələri üzrə vergi daxilolmalarında ən yüksək artım templəri qeyri-neft sənayesində (29,1 faiz), ticarətdə (23,6 faiz), o cümlədən pərakəndə ticarətdə (53,7 faiz), xidmət sektorunda (19,7 faiz), ictimai iaşədə (84,1 faiz) müşahidə olunub.

2021-ci ildə regionlar üzrə daxilolmaların həcmi 956,7 mln. manat təşkil edərək əvvəlki illə müqayisədə 93,3 mln. manat və ya 10,8 faiz çox olub.
Son 4 ildə mühüm fiskal nəticələrdən biri də artıq ödəmələrin məbləğinin 754,8 milyon manat azaldılması olub. Başqa sözlə, təkcə ötən il vergi orqanları 80 milyon manat həcmində artıq ödəməni azaltmaqla yanaşı, həm də vergi üzrə proqnozları artıqlaması ilə (117,6 faiz) yerinə yetirib.

"Kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin "ağarması" prosesi sürətlənib

Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub. "Kölgə iqtisadiyyatı" iqtisadi təhlükəsizliyimizə ciddi risk yaradan əsas faktorlardan biridir və dövlətin büdcəsinə ciddi təhdidlər yaradır.

Bu baxımdan son üç ildə dövlət-biznes münasibətlərində başlanmış transformasiya prosesi uğurla davam edir. Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir, leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə çalışır.

Təhlillər göstərir ki, "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin "ağarması" prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir.

2021-ci ildə əvvəlki illə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyə 27,4 faiz artaraq 92,1 mlrd. manata çatıb. Bu zaman ən çox dövriyyə artımları xidmət (62,7 faiz), ticarət (28,9 faiz), sənaye (22,7 faiz) sahələri üzrə müşahidə olunub, o cümlədən pərakəndə ticarət üzrə artım 27,7 faiz olub.

Bu, həmçinin ƏDV-yə cəlb olunan dövriyyələrin şəffaflaşması ilə bağlıdır. Qeyri-neft sektorunda ƏDV üzrə dövriyyənin həcmi əvvəlki illə müqayisədə 27,8 faiz, elektron qaimə faktura üzrə dövriyyənin həcmi isə 23,9 faiz artıb. 2021-ci ildə aktiv vergi ödəyicilərinin sayı 8 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 19 faiz, aktiv obyektlərin sayı isə 10 faiz artıb.

Daha bir diqqətçəkən fakt bundan ibarətdir ki, özəl sektorun bank sistemində cari hesablarının cəmi qalığı 2021-ci ildə 34,3 faiz, o cümlədən manatla cari hesablarının qalığı 42,5 faiz artıb. Bu, həm iqtisadi artımla, həm də bank sektorundan keçən dövriyyələrin artımı, yəni şəffaflaşması ilə bağlıdır.

İqtisadiyyatda şəffaflaşma vəziyyətinin və "kölgə iqtisadiyyatı"nın miqyasının azalmasının mühüm göstəricilərindən biri də ölkədə nağdlaşma səviyyəsidir. Nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2021-ci ilin əvvəlindəki 53,1%-dən ilin sonuna 45,8%-ə enib. Qeyd edək ki, 2017-ci ilin sonuna bu göstərici 60,1% təşkil edirdi.

"Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına yönəldilmiş islahatlar sırasında əmək münasibətlərinin şəffaflaşdırılması prosesini xüsusi qeyd etmək lazımdır. 2019-cu ildə gəlir vergisi üzrə qeyri-neft özəl sektora verilmiş vergi güzəştləri ötən 3 ildə bu sahədə ciddi irəliləyiş əldə edilməsinə imkan verib. Qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin gəlir vergisindən 7 il müddətinə azad edilməsi əhəmiyyətli fiskal nəticələr verməkdədir. Güzəştin tətbiqi və beləliklə, şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində əmək müqavilələrinin sayı, eləcə də əməkhaqqı fondunun həcmi xeyli artıb. Bu gün iş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağarması" əsas şəffaflıq indikatorları olaraq fiskal daxilolmalarda mühüm rol oynayır. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 283 minə yaxın artıb. İslahatların aparıldığı qeyri-neft özəl sektorda bu göstərici 233 mindən çoxdur və ötən müddət ərzində 43,2 faiz artıb.

Hazırda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı cəmi əmək müqavilələrinin sayında 45,9 faiz təşkil edir. Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 7,4 faiz çoxdur.

Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsi qeyri-büdcə təşkilatlarında məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə daxilolmaların hər il davamlı şəkildə artmasında özünü göstərir. Məsələn, 2021-ci ildə bu göstəricilər üzrə artım 15,3 və 17,7 faiz təşkil edib.

Gəlir vergisi üzrə büdcə itkiləri bağlanmış əmək müqavilələri və sosial ödənişlərin artımı ilə kompensasiya olunur.Bu ödəmələr üzrə əlavə daxilolmalar sosial müdafiə sisteminin maliyyələşmə mənbələrinin genişlənməsinə və Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən edilən transfertlərin həcminin azalmasına zəmin yaradır.

Elektron vergi inzibatçılığından rəqəmsal vergi idarəetməsinə transformasiya

Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, o cümlədən vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasının daha da genişləndirilməsi daim prioritet olub.

İnformasiya texnologiyaları sahəsində həyata keçirilən əməliyyatların səmərəliliyinin artırılması, vahid prinsip və standartların işlənib hazırlanması, DVX-nin strukturları arasında rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsi, bu sahədə təhlükəsizliyin və fasiləsiz iş fəaliyyətinin ən yüksək səviyyədə təmin edilməsi işinin təşkili məqsədilə 2021-ci ildə Xidmətin Rəqəmsal Transformasiya Şurası yaradılıb.

Rəqəmsal Transformasiya Şurası Dövlət Vergi Xidmətinin yeni çağırışlara adekvat olaraq, vergi idarəetməsində rəqəmsal yanaşmanı daha da genişləndirmək istiqamətində fəaliyyət göstərir. Şuranın yaradılması zərurəti də məhz vergi idarəetməsində tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi, bu məqsədlə mövcud olan resurslardan maksimum dərəcədə səmərəli istifadə edilməsi ehtiyacından irəli gəlib.

Hazırda qarşımızda duran əsas hədəf mövcud olan və kifayət qədər uğurla fəaliyyət göstərən elektron vergi inzibatçılığını rəqəmsal vergi idarəetməsinə transformasiya etməkdir. Bu sahədə əsas məqsədlərdən biri vergi idarəetməsini sürətlə rəqəmsallaşdıraraq onun iştirakçıları, xüsusilə də vergi ödəyiciləri üçün vergi inzibatçılığı ilə qarşılıqlı münasibət zamanı rahatlıqlarının və yüksək effektivliyin təmin edilməsidir.

Dövlət Vergi Xidməti tərəfindən bu günə qədər bir sıra uğurlu rəqəmsal layihələr həyata keçirilib. Bunların sırasında yeni nəsil kassa aparatlarının və "ƏDV geri al" layihəsinin tətbiqini misal göstərmək olar. Məqsəd və hədəf baxımından bir-biri ilə sıx koordinasiya olunmuş bu iki müxtəlif layihənin tətbiqi pərakəndə ticarət və ictimai iaşə sektorunda iqtisadi münasibətlərin əhəmiyyətli şəkildə şəffaflaşmasına gətirib. Təkcə onu göstərmək kifayətdir ki, onlayn kassa aparatları üzrə dövriyyənin həcmi 2021-ci ildə əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq 15,6 mlrd. manata çatıb.

Hazırda ölkə üzrə 52 mindən yuxarı nəzarət kassa aparatı quraşdırılıb. Bu ilin sonuna kimi ölkədə nağd hesablaşmaların tətbiq olunduğu və NKA tətbiqini nəzərdə tutan sektorların tam şəkildə yeni nəsil kassa aparatları ilə təchiz edilməsi nəzərdə tutulub.

Perspektiv layihələrə gəlincə, bu il "e-taxes.gov.az" portalının yeni versiyasının işə salınması nəzərdə tutulub. Bu layihə demək olar ki yekunlaşıb və yaxın müddətdə istifadəyə veriləcək."e-taxes.gov.az" portalının yeni forması sahibkarlara daha sadə və asan əməliyyatlar aparmasına şərait yaradacaq, həmin portal üzərindən bu günə qədər təqdim edilən xidmətlərlə yanaşı, sahibkarlara əlavə xidmətlər də göstəriləcək.Həmçinin mövcud xidmətlərin daha sadə və asan interfeys üzərindən həyata keçirilməsi təmin olunacaq.

Daha bir maraqlı layihə AVİS markası ilə tanınan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin müasir və hətta gələcək tələblərə uyğun olaraq yenilənməsidir."AVİS-2" sistemi adı ilə hazırda daha mütərəqqi rəqəmsal həllərə əsaslanan bir elektron platforma hazırlanır.Bu platforma vasitəsilə daha çevik və daha çox məlumatların emalı, vergi ödəyicisinin vergi öhdəliklərinin çevik şəkildə müəyyən olunması mümkün olacaq.

Mikro və kiçik sahibkarlara müxtəlif mobil tətbiqlər vasitəsilə bütün vergi öhdəliklərini yerinə yetirmək, bəyannamələri, hesabatlarını vermək, vergiləri ödəmək imkanı yaradacaq daha bir layihə hazırlanma mərhələsindədir. Bu mikro və kiçik sahibkarlıq üçün çox maraqlı bir layihə olacaq və sahibkarların vergilərlə bağlı işlərini sadəşləşdirməklə yanaşı, həm də minimallaşdıracaqdır.

Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır. Burada söhbət yalnız vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsindən getmir, halbuki bu da önəmli məqsədlərdən biridir.Bu yanaşmanın həyata keçirilməsi, həm də vergi ödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqdır.

Azərbaycanın vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Dövlət Vergi Xidməti vergi ödəyicilərinə 60-dan çox elektron xidmət göstərir. Bu, vətəndaşlara göstərilən ən geniş elektron xidmətlər toplusundan biridi. Vətəndaşlara vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılıb. Vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir.

Bu baxımdan beynəlxalq təcrübədə geniş tətbiq olunan vergi bəyannamələrinin öncədən doldurulub vergi ödəyicilərinə təqdim edilməsi alətindən istifadə edilməsi, mobil telefonların həm POS-terminal, həm də nəzarət kassa aparatı funksiyasını daşıması üçün müvafiq yeniliklər nəzərdə tutulur.

Həmçinin 4-cü sənaye inqilabı qarşımızda bir sıra mühüm çağırışlar yaradır. Bu baxımdan süni intellektin tətbiqi, iri məlumatların təhlili və idarə edilməsi, əşyaların internetinə söykənən daha bir sıra maraqlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Ortamüddətli perspektivdə vergi siyasətinin əsas hədəfləri

Son illər vergi siyasəti təkcə fiskal deyil, eyni zamanda, mühüm iqtisadi tənzimləmə aləti rolunda çıxış edir. Vergi sistemində aparılan islahatlar yeni strateji inkişaf çərçivəsində ölkənin ümumi iqtisadi siyasətini dəstəkləyir.

Ortamüddətli dövrdə vergi islahatlarının mühüm istiqamətləri ilk növbədə, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə söykənəcəkdir. Milli Piorotetlərin 5 əsas istiqamətlərindən biri dayanıqlı, artan rəqabətli iqtisadiyyatın təmin edilməsidir. Həm bu prioritet, həm də sosial-iqtisadi inkişafın digər prioritetləri, o cümlədən rəqabətli insan kapitalı və müasir innovasiyalar, yaxud təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi kimi və s. məsələlər də bu və ya digər formada vergi tənzimlənməsini tələb edir.

Ölkədə rəqabətqabiliyyətli qeyri-neft sektorunun şaxələndirilməsi büdcənin vergitutma bazasının da genişləndirilməsini dəstəkləyə bilər.Bu baxımdan yeni iqtisadi yanaşmada fiskal siyasətdə optimal və rəqabətqabiliyyətli biznes və investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması aktualdır.

Beləliklə, ortamüddətli dövrdə baxış nədən ibarətdir?

İqtisadiyyatın strateji inkişaf sahələrinin stimullaşdırılmasına, idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi üçün sənayeləşmənin formalaşmasına vergi təşviq alətləri vasitəsilə effektiv dəstəyin təmin edilməsi ortamüddətli dövrdə vergi sisteminin əsas prioritet istiqamətləridir.
Həmçinin, kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin aparılması, vergi inzibatçılığının və uçot siyasətinin təkmilləşdirilməsi ilə nəzarət imkanlarının səmərəliliyinin artırılması, əməliyyatların rəqəmsal müstəvidə izlənilməsi prosesləri ortamüddətli dövrdə davam etdiriləcəkdir.

Milli vergi sisteminin institusional potensialın gücləndirilməsi də davam edəcəkdir. Bu, ilk növbədə, iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin tənzimlənməsində effektiv alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun artırılmasına, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılmasına, sahibkarlar üçün xidmətlərin təkmilləşdirilməsinə istiqamətlənəcək.

Beləliklə, iqtisadiyyatda gedən proseslər çevik və fəal vergi siyasətinin alternativsizliyini bir daha sübut etməklə yanaşı, vergi orqanlarının ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində mühüm həlqə və tənzimləyici struktur olduğuna dəlalət edir.

VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır? VergiƏDV-nin bir hissəsinin geri qaytarılması hansı mallara aiddir? VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? VergiVergi ödəyicisinin fəaliyyətinin aktivləşməsi hansı öhdəliklər yaradır?