27 Noyabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Malların alış dəyərini hesablamaq üçün hansı məqamlar nəzərə alınmalıdır?

Vergi Məcəlləsində malların dəyərinin hesablanması ilə bağlı dəyişiklik edilmişdir. Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 58.16-cı maddəsinə əsasən, bu Məcəllənin 58.8.2-ci 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur.

Məcəllənin 58.16-cı maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir”.

Malların alış dəyərini hesablamaq üçün, maddədə bir neçə məqam maraq doğurur:

Birinci, düsturun tətbiqi üçün əsas həmin malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mədaxilinin rəsmi qaydada aparılmamasıdır. Yəni vergi nəzarəti tədbirləri zamanı həmin malların alışı zamanı sənədlərdə düzgün rəsmiləşdirmə aparıldığı, amma təqdimetmədə problemlər mövcud olduğu məlum olarsa, malların dəyərinin 1,2-yə bölünməsini nəzərdə tutan düsturdan istifadə edilmir.

İkinci, malların təqdim olunmasına dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə düsturdan istifadə edilmir. Misal üçün, malların təqdim edilməsi zamanı bənzər adlardan istifadə edildiyi halda malların dəyərinin 1,2-yə bölünməsi düsturu tətbiq olunmur.

Üçüncü, düsturdan istifadədə məqsəd malların alış qiymətini müəyyənləşdirməkdir. Yəni vergi orqanı təqdimetmə ilə bağlı məlumata malik olsa da, həmin malların alış dəyərini müəyyənləşdirməlidir ki, həmin qiymətə maliyyə sanksiyası tətbiq etsin.

Dördüncü, düstur vasitəsilə hesablama yalnız Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə - malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmaması halında deyil, həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ilə tənzimlənən Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadığı hallara tətbiq ediləcək.

Beşinci, düstur o zaman tətbiq olunur ki, təqdim edilən malların ümumi dəyərini ekspert və mütəxəssisin rəyi əsasında müəyyənləşdirmək mümkün olmasın. Yəni dəvət edilən ekspert və mütəxəsis malların adı konkret olmadığı üçün təqdim olunan mallar üzrə bazar araşdırması və s. fəaliyyət həyata keçirə bilməyəcək.

İndi isə maliyyə sanksiyanın tətbiqi ilə bağlı halları misallar üzərindən nəzərdən keçirək:

Misal 1: Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri aşkar edir ki, vergi ödəyicisi 40.000 manatlıq malın təqdim edilməsi zamanı ad hissəsində sadəcə “məişət texnikası” qeyd edib. Vergi orqanı alış sənədləri olmadığı üçün “məişət texnikası” adı altında hansı malların satılmasını müəyyən edə bilmir. O zaman malların alış dəyərini hesablamaq üçün təqdim edilən malların dəyərini 1,2-yə bölür və malların alış dəyəri 33.333,33 manat (40.000:1,2) götürülərək maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən, yoxlama dövrü ərzində “meyvə-tərəvəz” adı altında 24.000 manatlıq mal təqdim edilib. Vergi orqanı həmin malların alışı dəyərini müəyyən etmək üçün mütəxəssis dəvət edə bilmir, çünki vergi ödəyicisinin konkret hansı meyvələri (alma, armud və s.) təqdim etməsi haqqında informasiya yoxdur. Bu zaman vergi orqanı maliyyə sanksiyası tətbiq etmək üçün malların təqdim edilmiş məbləğini 1,2-yə bölür: 24.000 : 1,2 = 20.000 manat.

VergiƏDV-nin bir hissəsinin qaytarılması üzrə portal istifadəyə verilib Vergiİstehlakçıya kassa çekinin dublikatı verilməlidirmi? İqtisadiyyatHacıqabul Sənaye Məhəlləsində rezidentlərin sayı 13-ə çatıb VergiDVX-nin rəsmi saytında istifadəçilərin rahatlığı üçün yeni bölmələr yaradılır VergiBöyük Britaniya Vergi və Gömrük Administrasiyasının təlimlərinin növbəti mərhələsi başlayıb Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib VergiLizinq əməliyyatları üzrə borc ödənişləri hansı formada həyata keçirilir? VergiVergi ödəyiciləri üçün xidmətlərdə yeni rəqəmsal həllər hazırlanır VideoBiznes sahəsindəki menecerlər “Almaniya-Azərbaycan Birgə Proqramı”ndan necə yararlana bilərlər? VİDEO VideoVergi ödəyicisinin digər vergi ödəyicilərinə e-kargüzarlıq vasitəsilə sənəd göndərilməsi qaydalarını əks etdirən videotəlimat VİDEO