"Kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Prezidenti İlham Əliyev vergi orqanları qarşısında "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergidən yayınmanın qarşısının alınması, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və dövlətə çatası vergilərin tam həcmdə büdcəyə səfərbər olunması kimi mühüm tapşırıqlar qoyub.
Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə başlayıb. Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir.
Hər bir ölkənin, o cümlədən Azərbaycanın büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Ən yüksək neft gəlirləri şəraitində belə, Azərbaycan sahibkarı öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması sahibkarın ödədiyi vergilərdən asılıdır. Yayındırılan hər manat iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə vurulan ağır zərbədir. Lakin təəssüf ki, bu gün vergi ödəyicilərinin fəaliyyətinin və dövriyyələrinin təhlili ortaya tamamilə başqa mənzərə çıxarır. Hansı sahəyə baxsan ikili mühasibat, dövriyyələrin gizlədilməsi, gəlirlərin uçotdan yayındırılması halları baş alıb gedir. Bu gün leqal fəaliyyətlə yanaşı, həcmi kifayət qədər böyük olan uçotdan yayındırılan, paralel iqtisadi dövriyyə vardır. Bunun adı "kölgə iqtisadiyyatı", yaxud "gizli iqtisadiyyat"dır.
Əsas məqsəd budur ki, vergi ödəyicisi yalnız şəffaf fəaliyyətin
ona sabit gəlir və inkişaf vəd etdiyinə əmin olsun
"Kölgə iqtisadiyyatı" cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud olub. Bu, bütün dünyada müşahidə olunan problemdir və hər bir dövlət bununla bağlı öz siyasətini yeritməyə çalışır. Söhbət qeyri-rəsmi məşğulluqdan, "kassanın yanından" keçməklə aparılan ticarətdən və dövlət tənzimlənməsi olmadan xidmətlərin göstərilməsindən gedir. Sahibkarın öz gəlirlərini leqallaşdırmasına, şəffaf işləməsinə bir çox amillər təsir edir. Bir qayda olaraq, gizli sektor vergi yükünün yüksək, dövlətin biznesə təzyiqinin böyük olduğu, işgüzar sövdələşmələr və əməliyyatların rəsmi qeydiyyatsız və büdcəyə vergi ödənilmədən həyata keçirildiyi sferalarda artır.
Cəmiyyət inkişaf etdikcə, elektron idarəetmənin iqtisadiyyatın bütün sahələrinə nüfuzu artdıqca, insan amili ortadan qalxdıqca ayrı-ayrı fərdlərin, biznes subyektlərinin davranış və təfəkkür tərzindən asılı olaraq bu və ya digər ölkələrdə (bunlar, bir qayda olaraq, inkişaf etmiş ölkələrdir) "kölgə iqtisadiyyatı"nın həcmi müxtəlif dövrlərdə dəyişir. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, zərflərdə verilən əməkhaqqı, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar geniş yayılıb. Bir çox hallarda onun həcmi barədə müxtəlif rəqəmlər səsləndirilir. Bu, böyük potensialdır və dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətli mənbələr mövcuddur. Dövriyyələrin gizlədilməsi və ya xeyli şəkildə aşağı salınması, müəssisələrin vergi öhdəliklərini minimallaşdırmaq üçün onların bölünməsi, işçilərlə əmək müqavilələrinin bağlanmaması, qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi sadəcə adi bir "biznes təcrübəsinə" çevrilib. Bu hallara təkcə xidmət və ticarət sektoru kimi ənənəvi sahələrdə deyil, istehsal və ixrac yönümlü müəssisələrdə də rast gəlinir. Bu, iqtisadi cinayətdir və qətiyyən yolveriməzdir.
Araşdırmalar göstərir ki, sahibkarların qeydiyyatdan keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorundadır. Adətən, böyük istehsalat və xidmət sektorunda daha çox ikili mühasibat problemi olur. Ona görə də "kölgə iqtisadiyyatı" ilə bağlı problemləri qruplaşdırsaq, bunların kiçik və böyük iqtisadiyyat üzrə ayrılmasına ehtiyac var. Kiçik iqtisadiyyatda daha çox qeydiyyatdan keçmədən fəaliyyət göstərilirsə, böyük iqtisadiyyatda ən böyük problem ikili mühasibatın apaılmasıdır. Bu problemlər nəticə etibarilə "kölgə iqtisadiyyatı"nın həcminə təsir göstərir.
Vergilər Nazirliyi "kölgə iqtisadiyyatı"nın və vergidən yayınmanın
miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirməkdədir
Vergilər Nazirliyi 2018-ci ildən başlayaraq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə tədricən keçidi təmin etmək üçün vergi ödəyicilərinə yol göstərməyə, dəstək olmağa hazır olduğunu elan edib. Qarşıda duran prioritet vəzifə "kölgə iqtisadiyyatı"nın və ikili mühasibatın qarşısını almaqdır. Burada söhbət vergi orqanı tərəfindən hər hansı repressiv xarakterli tədbirlərin görülməsindən getmir - məqsəd bu keçidin mexanizmlərini sahibkarlarla birlikdə müzakirə edib qanunvericiliyin tələbləri əsasında onun "dinc yolla" həyata keçirilməsinə nail olmaqdır.
Bəzən vergilərin qanuni yolla minimallaşdırılması praktikası vergidən yayınma ilə qarışıq salınır. Vergilər Nazirliyi bu yanaşmaları bir-birindən fərqləndirir: vergidən yayınmanı qanun pozuntusu sayır, nazirliyin ona qarşı münasibəti sərt və birmənalıdır və belə hallarla sistemli mübarizə aparacağını bəyan edir.
Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində digər tədbirlərlə yanaşı, qanunvericilik və inzibatçılıq rıçaqlarını da işə salıb. Nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağı stimullaşdırılır. Əsas məqsəd budur ki, vergi ödəyicisi yalnız şəffaf fəaliyyətin ona sabit gəlir və inkişaf vəd etdiyinə əmin olsun.
Əsas yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla
münasibətlərini yeni, təmiz səhifədən başlamalıdırlar
Şəffaflığın inkişafının təmin edilməsi istiqamətində 2018-ci il "keçid ili" elan olunub və bununla bağlı bir sıra addımlar atılıb. Bu ilin əvvəlində Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının da bəyan etdiyi kimi: "kölgə iqtisadiyyatı" böyük bəladır və ölkəmiz bu bəla ilə çox ciddi mübarizə aparır. Biz "kölgə iqtisadiyyatı"na qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır".
Vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda çıxışı zamanı bildirib ki, 2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz qalır. Bu, ilk növbədə, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində görüləcək işlərdir. Vergilər Nazirliyi "kölgə iqtisadiyyatı"nın və vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir. Bura ilk növbədə vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və vergi-gömrük əlaqələndirilməsi yolu ilə uçotun izlənilməsi imkanlarının bərqərar olması - vahid risk platformasının yaradılması daxildir. Vergi Məcəlləsinin 300-dən çox maddəsinə dəyişiklik edilib ki, bunların böyük əksəriyyəti "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasına yönəldilib. Bura, ilk növbədə, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb olunmasına görə işəgötürənə tətbiq edilən maliyyə sanksiyalarının artırılması, malların sənədsiz dövriyyəsinə, o cümlədən malların sənəd təqdim edilmədən satılmasına və alınmasına, habelə xərclərin sənədlərlə rəsmiləşdirilməməsinə və vergidən azad olunan gəlirlərin sənədləşdirilməməsinə və bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsi daxildir.
"Kölgə iqtisadiyyatı"nın vergi gəlirlərini azaltması və sosial müdafiə
sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi
təsirlərlə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan
qaldıran mikroiqtisadi təsirlər də mövcuddur
Bundan başqa, səyyar vergi yoxlamalarının sayının kəskin azaldılması, biznes əməliyyatlarının elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi, aksizli məhsullar üzərində nəzarət tədbirlərinin gücləndirilməsi, iri biznes subyektləri ilə müntəzəm görüşlərin keçirilməsi mühüm addımlar hesab edilə bilər. Ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirilən çoxsaylı görüşlər vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni mədəniyyətin sürətlə formalaşdırılmasına zəmin yaradıb. Əsas yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini yeni, təmiz səhifədən başlamalıdırlar. Bu səbəbdən, 2018-ci ildə "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması vergi xidmətinin başlıca istiqaməti olub. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmətlər sektoru, şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirləri gücləndirilib. Vergi orqanlarının keçən il iri topdansatış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu rəqəmlər yalnız vergi orqanlarının nəzarət tədbirlərinə cəlb olunmuş bəzi sektorlardakı vergi ödəyicilərini əhatə edir. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir.
"Kölgə iqtisadiyyatı"nın vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirlərlə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirlər də mövcuddur. Sahibkarların böyük əksəriyyəti ədalətli, rəqabətli bir mühitdə çalışmaq niyyətindədir. Məhz bu səbəbdən, vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə aparılan islahatlara etimadı artırmaq üçün bu dəyişikliklər uzunmüddətli güzəştlər sistemi ilə möhkəmləndirilib.
Vergilər Nazirliyi biznes münasibətlərinin digər tərəfi olan vətəndaşları da bu prosesə cəlb etmək niyyətindədir. Dünya təcrübəsi göstərir ki, yalnız inzibati mexanizmlə yüksək nəticəyə nail olmaq mümkün deyil, mütləq təşviq mexanizmi də formalaşdırılmalıdır. Başqa sözlə desək, nağdsız və nağd alış-verişdə ƏDV-nin geri qaytarılması yolu ilə vətəndaşı bu prosesə qoşaraq ümumi biznesin leqallaşdırılmasına nail olmaq mümkündür. Elektron ödəmələrin geniş tətbiqi "kölgə iqtisadiyyatı"nın miqyasını azaltmağa kömək edir. Elektron ödəmələr sisteminin geniş tətbiqi əməliyyatlara şəffaflıq gətirən və "kölgə iqtisadiyyatı"nın qarşısını alan ən mühüm amildir. Elektron ödəmələrin çoxluğu ilə "kölgə iqtisadiyyatı" arasında hər zaman mənfi korrelyasiya mövcuddur. Elektron ödəmələrin çoxluq təşkil etdiyi Böyük Britaniya və Qərbi Avropa ölkələrində "kölgə iqtisadiyyatı" çox cüzidir. Məsələn, araşdırmalara görə, ardıcıl 4 il müddətində elektron ödəmələrin həcminin illik 10 faiz artırılması "kölgə iqtisadiyyatı"nın həcmini 5 faiz aşağı salır. İşveç kimi bir ölkədə restoranlar artıq nağd ödəniş qəbul etmir.
Azərbaycanda "kölgə iqtisadiyyatı"nın səviyyəsi haqqında beynəlxalq təşkilatlar və yerli müstəqil ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir və onun həcminin azaldılması tövsiyə olunur. Ölkəmizdə son illərdə aparılan köklü islahatlar nəticəsində "gizli iqtisadiyyat"ın həcmi getdikcə azalsa da, onun mövcud miqyası hələ də arzuolunan səviyyədə deyil. Vergilər Nazirliyi iqtisadiyyatın "kölgədən" çıxarılması istiqamətində tədbirləri bundan sonra daha da əzmlə davam etdirəcəyini bəyan edir, bu yolda cəmiyyətin hər bir üzvünün və sahibkarlar ordusunun ona yardımçı olacağına inanır.