Maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qaydalarda dəyişiklik olunub
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin istiqamətlərindən biri də maliyyə sanksiyalarının vergi qanunvericiliyinə riayət edilməsi ruhunda islah tədbirləri olaraq təkmilləşdirilməsidir. Mövzunu vergi üzrə mütəxəssis İlqar Əsədov şərh edir.
Vergi Məcəlləsinə maliyyə sanksiyaları istiqamətində edilmiş dəyişikliklərin heç də hamısı yeni normalar deyil. Onların bir qismi əslində daha əvvəldən olan norma və prinsiplərin aydılaşdırılması məqsədilə əlavə edilmişdirr. Qanunvericilikdə buna aydınlaşdırıcı normalar deyilir. Belə normalardan biri də dəyişikliklərlə yeni əlavə edilmiş 58.17-ci maddədir. Maddədə qeyd edilir ki, Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir.
Bu dəyişikliyin mahiyyətini daha yaxşı başa düşmək üçün hər şeydən öncə orada sadalanmış maddələri nəzərə almaq lazımdır. Aydınlıq üçün bildirək ki, həmin maddələrdə malların elektron-qaimə faktura olmadan və ya elektron alış aktı olmadan alınmasına və (və ya) satılmasına, eləcə də bir sıra digər hallara görə maliyyə sanksiyalarının tətbiqindən bəhs edilir.
Bir çox mühasiblər, sahibkarlar yanlışlıqla elə hesab edirdilər ki, malların təqdim edilməsi barədə elektron qaimə-fakturanı malların təqdim edilməsindən sonrakı günlərdə təqdim etsələr (həmin an təqdim etməli olduqlarına baxmayaraq), bu maddənin tətbiq dairəsinə düşməyəcəklər. Yəni elə düşünürdülər ki, həmin maliyyə sanksiyaları gec təqdim edilmiş (əldə edilmiş) elektron qaimə-fakturalara, alış aktlarına görə deyil, məhz ümumiyyətlə təqdim edilməmiş əməliyyatlara xasdır. Lakin bu, yanlış qənaət idi. Məcəlləyə bu situasiyanı izah edən 58.17-ci maddənin əlavə edilməsi həmin hallara görə (yəni sənədin ümumiyyətlə deyil, vaxtından gec təqdim edilməsi) yeni münasibətin ortaya qoyulması və yalnız 1 yanvar 2022-ci ildən tətbiq edilməsi anlamına gəlmir.
Bu münasibət daha əvvəldən var idi və bu mənada 58.17-ci maddə yeni münasibət qoyan norma yox, aydınlaşdırıcı norma kimi çıxış edir.
Nümunə 1: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin sahibliyində 500 manat dəyərində mallar aşkarlanmışdır. Həmin mallar ilə bağlı kağız daşıyıcıda tərtib edilmiş alış aktları olsa da, elektron alış aktları tərtib edilməmişdir. Alış aktlarının tərtib olunmalı olduğu tarixdən 5 gün keçməmişdir.
Bu halda, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcəkdir: Vergi Məcəlləsinin 58.8-ci maddəsindən “alış aktları” ifadəsi çıxarılaraq yalnız “elektron alış aktları” ifadəsi saxlansa da, 58.17-ci maddə ilə alış aktlarından elektron alış aktlarına keçid müddəti kimi 5 günlük müddət nəzərə alınmışdır.
Nümunə 2: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin təhvil-təslim aktı üzrə 8.000 manatlıq əvvəlcədən sifariş edilmiş malları ayın 3-də təhvil verdiyi, bununla bağlı elektron qaiməni isə həmin ayın 12-də göndərdiyi aşkar edilmişdir. Bu halın 1 yanvar 2022-ci ildən əvvəl, yaxud sonra baş verməsindən asılı olamayaraq, vergi ödəyicinə, təqvim ili ərzində belə hala birinci dəfə yol vermişdirsə, həmin malların dəyərinin 10 faizi miqdarında (800 manat) maliyyə sanksiyası tətbiq edilir.
Nümunə 3: Operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin təssərrüfat subyektindən malların maşına yüklənərək alıcıya təqdim edilməsi aşkar edilir. Əməliyatla bağlı elektron qaimə-fakturanın göstərilməsi tələb edildikdə isə vergi orqanı əməkdaşlarına sənədin hələ tələb edilmədiyi, gün ərzində tərtib ediləcəyi bildirilir.
Vergi ödəyicisinə bu halda da maliyyə sanksiyası tətbiq ediləcəkdir. Çünki elektron qaimə-faktura mallar təqdim edildiyi vaxt tərtib edilməli idi. Vergi Məcəlləsinin 71-1-ci maddəsi ilə əvvəlcədən sifariş edilən mallar üzrə elektron qaimə-fakturanın malların təqdim edildiyi gün deyil, təqdim edildiyi vaxt tərtib edilməsi tələbi təsbit edilib. Vergi Məcəlləsinə yeni əlavə edilmiş 58.17-ci maddədə belə hallar daha aydın izah edilmişdir.