Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması
Kommersiya hüquqi şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək olduğu yer (hüquqi ünvan) üzrə dövlət qeydiyyatına alınmaq üçün vergi orqanına müraciət etməlidir.
Qeydiyyatın formaları
Müraciət elektron və kağız daşıyıcıda həyata keçirilə bilər. Elektron formada www.e-taxes.gov.az və ya www.e-gov.az portalları vasitəsilə (yenidən təşkil nəticəsində yaranma halları və təhsil müəssisələri istisna olmaqla məhdud məsuliyyətli cəmiyyətləri üçün) “Asan imza” və ya mobil nömrə və FİN kodla həyata keçirilir.
Elektron formada ərizəni təqdim etmək üçün elektron imza (http://www.e-imza.az/index.php?lang=az) və ya “Asan İmza” (http://asanimza.az), adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə tələb olunur. Mobil nömrə və FİN kodla qeydiyyat zamanı ərizəni təqdim etmək üçün müraciət edən şəxsin özünə məxsus olan mobil nömrə və şəxsiyyət vəsiqəsində qeyd edilən FİN kod tələb olunur.
Kağız daşıyıcıda poçt və ya ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinə, ərazi vergi orqanlarının inzibati binalarında yerləşən (“ASAN Xidmət” mərkəzləri yerləşdiyi inzibati ərazi vahidləri istisna olmaqla) vergi ödəyicilərinə xidmət mərkəzlərinə (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla), “ASAN Xidmət” mərkəzlərinə (ərazi prinsipi nəzərə alınmamaqla) və KOB evlərinə müraciət edilməklə həyata keçirilə bilər.
Kağız daşıyıcıda müraciət etdikdə notariat qaydasında təsdiq olunmuş “kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”; “kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” ; təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti; “kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”; təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti (təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla); qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi; qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar; təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq) tələb olunur. Eləcə də, “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə)); “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə); nizamnəməyə Təhsil Nazirliyinin rəyi (özəl təhsil müəssisəsi yaradıldıqda); qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti; dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) (“ASAN Xidmət” mərkəzlərində quraşdırılmış Asan Pay ödəniş terminalları vasitəsilə ödənildikdə qəbzin təqdim edilməsi tələb olunmur); məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, auditor rəyi və s.); nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi; ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi; etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda); bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd; KOB klaster şirkəti qeydiyyata alındıqda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubu və idarəçiliyində olmayan, lakin dövlət payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy tələb olunur.
Qeydiyyata alınma müddətləri və qeydiyyat sənədlərinin verilməsi
Adi elektron dövlət qeydiyyatı 1 iş günündən gec olmayaraq, sürətli elektron dövlət qeydiyyatı isə dərhal həyata keçirilir və vergi ödəyicisinin elektron kabinetinə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə”, nizamnamə və Kommersiya qurumunun dövlət reyestrindən çıxarış göndərilir.
Mobil nömrə və FİN kodla qeydiyyat dərhal həyata keçirilir. Hüquqi şəxsin şəhadətnaməsi, Nizamnaməsi və Dövlət reyestrindən Çıxarış MMC-nin elektron kabinetinə göndərilir və kağız daşıyıcıda qeydiyyat orqanından götürülməsinə ehtiyac yaranmır. Belə ki, elektron kabinetə göndərilmiş e-qeydiyyat sənədləri rəsmi tanınır və banklar, notariuslar və digər dövlət orqanları bu sənədlərdən onlayn rejimdə istifadə edə bilərlər.
Kağız daşıyıcısında alınması üçün təsisçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə və etibarnamə ilə müvafiq vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Ərizə kağız daşıyıcıda təqdim edildikdə, qeydiyata alınma 2 iş günü ərzində həyata keçirilir və vergi ödəyicisinə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə”, nizamnamənin bir nüsxəsi və Kommersiya qurumunun dövlət reyestrindən çıxarış verilir.
Kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə eyni zamanda vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.
Qeydiyyat və uçot məlumatlarının dəyişdirilməsi
“Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”də olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verilməlidir. Qeydiyyat və (və ya) uçot məlumatlarını vaxtında dəyişdirməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları və (və ya) inzibati məsuliyyət tədbirləri tətbiq edilir.
Mənbə: taxes.gov.az