14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Caspian Energy Club”un üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir. Növbəti belə görüş Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri ilə “Caspian Energy Club”un üzvləri arasında onlayn formatda keçirilib.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev onlayn B2G forumu giriş sözü ilə açaraq görüşün məqsədi barədə məlumat verib. Sonra Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva ötən ilin sahibkarlıq subyektləri üçün pandemiyanın mənfi təsirləri baxımından mürəkkəb dövr olduğunu, lakin aparılmış çoxşaxəli şəffaflaşma siyasəti və səmərəli vergi islahatları nəticəsində bir sıra göstəricilər üzrə müsbət dinamikanın müşahidə edildiyini bildirib. Belə ki, vergi sistemində aparılan islahatlar nəticəsində aktiv vergi ödəyicilərinin sayı 24,2%, aktiv ƏDV ödəyicilərinin sayı 17,4%, aktiv təsərrüfat obyektlərinin sayı 8,6%, topdan ticarət sahəsində elektron qaimə-fakturalar üzrə dövriyyə 3,3% artıb. Bundan başqa, əmək müqavilələrinin sayında 9,6%, o cümlədən qeyri-neft sektorunun qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 24%, cəmi əməkhaqqı fondunun həcmində 23,5%, məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmaların həcmində isə 21,6% artım qeydə alınıb.

S.Musayeva COVID-19 pandemiyası dövründə sahibkarlara göstərilən maliyyə dəstəyi barədə də məlumat verib. Bildirib ki, bu ilin dekabr ayının 1-nə olan məlumata görə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikrosahibkarlara maliyyə dəstəyi proqramı üzrə ayrılmış vəsaitdən 113 milyon 55,9 min manat 107.385 vergi ödəyicisinin bank hesabına köçürülüb. Muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı ayrılmış vəsaitdən isə 250 milyon 53,2 min manat 25.155 vergi ödəyicisinin bank hesabına köçürülüb. Həmin vəsait 243.517 muzdlu işçini əhatə edib.

DVX-nin rəis müavini görüş iştirakçılarını Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə də ətraflı məlumatlandırıb. Bildirib ki, “kölgə iqtisadiyyatı”nın və vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində işlərin davam etdirilməsi, vergi münasibətlərinin bütün iştirakçılarının fəaliyyətində şəffaflığın təmin edilməsi, “qanunsuz” və “yalançı” sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitinin ləğvi ilə bağlı bir sıra islahatlar həyata keçirilir. Bütün bunların davamı olaraq, vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasının təmin edilməsi məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırılmasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu nəzərə alınmaqla, qanunvericiliyə bir neçə əsas istiqaməti əhatə edən dəyişikliklər zərfi hazırlanıb. Məcəlləyə nəzərdə tutulan əlavə və dəyişikliklər ictimaiyyətin açıq müzakirəsinə təqdim edilib.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru T.Əliyev açıq və səmimi dialoqa görə Dövlət Vergi Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirib. Dövlət Vergi Xidməti və “Caspian Energy Club” arasında yaradılmış işçi qrupun aktiv fəaliyyətini xüsusi vurğulayan T.Əliyev bu platformanın mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verdiyini qeyd edib.

Görüşdə, həmçinin, Dövlət Vergi Xidməti ilə kommersiya subyektləri arasında məlumat mübadiləsi aparılıb, vergi sahəsində 2021-ci ildə həyata keçirilmiş yeniliklər və növbəti ildə nəzərdə tutulan islahatlar müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı müvafiq açıqlamalar verilib, dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi vurğulanıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?