18 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Migel Silva Pinto: "Yaxın gələcəkdə əməkdaşlığımızın səviyyəsi daha da yüksələcək"

Ötən ay Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda Bakıda keçirilmiş forumun iştirakçısı, IOTA-nın icraçı katibi Migel Silva Pinto suallarımızı cavablandırıb.

- Cənab Pinto, beynəlxalq təcrübələri yaxından öyrənmək üçün yaxşı bir platforma olan IOTA-nı formalaşdıran əsas tendensiyalar barədə nə deyə bilərsiniz?

- Təşkilat keçid dövrünü yaşayır. 2018-2022-ci illər üzrə IOTA-nın strategiyası təsdiq olunduqdan sonra mövcud modelin (çoxsaylı tədbirləri özündə ehtiva edən İş Planı) saxlanılması ilə yanaşı, həm də üzv ölkələr üçün texniki yardım alətinin hazırlanması və müqayisəli təhlil imkanlarının nəzərdən keçirilməsi qərara alınıb. Keçən il büdcə qaydaları da dəyişib: İş Planının təşkilatın maliyyə imkanları çərçivəsində icrası hazırkı büdcədə nəzərə alınıb. Bundan başqa, beynəlxalq əlaqələrimizi genişləndirmək və 2018-ci ildə əldə etdiyimiz ciddi nailiyyətlərə əsaslanmaqla təşkilatın daxili idarəetməsini təhlil etmək niyyətindəyik. Bu xüsusda, IOTA-nın beynəlxalq aləmdə təmsil olunmasında qurumun prezidenti və icraçı katibinin vəzifələrinin aydınlaşdırılmasını qeyd etmək olar.

- Ötən ilin oktyabr ayında CIAT (Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi) və IOTA-nın birgə təşkil etdiyi ilk tədbir nəticəsində dünyanın 80 ölkəsindən 300-dən çox iştirakçı bir araya gələrək, vergi administrasiyalarının rəqəmsal dövrdə qarşılaşdıqları çətinlikləri və imkanları müzakirə etdilər. Necə düşünürsünüz, beynəlxalq vergi siyasəti və vergi administrasiyaları rəqəmsal iqtisadiyyatdakı dəyişikliklərlə ayaqlaşa bilirmi?

- Bu, qlobal çağırışlara qlobal cavabların verilməsini və oxşar təşkilatlar arasında səylərin birləşməsi, bu səbəbdən üst-üstə düşməyən və vəzifələrin təkrarlanmasından çəkinməyi təlqin edən beynəlxalq vergitutmada inkişaf yolunu göstərən böyük bir hadisə idi. İndi əsas vəzifələrdən biri rəqəmsal transformasiyaya daha geniş perspektivlə yanaşmaqdır. Tədbir çərçivəsində vergi administrasiyalarının gələcəyi barədə əhəmiyyətli müzakirələr keçirildi. Həmin müzakirələrdə Azərbaycanın vergilər naziri Portuqaliya, Yunanıstan, Uruqvay, Dominikan Respublikası və Çilidən olan həmkarları ilə birgə fikir mübadiləsi apardı. Müzakirələrin nəticələrindən biri də budur ki, vergi administrasiyaları dəyişən mühitə çevik uyğunlaşmalı və vergi ödəyiciləri ilə əməkdaşlıq əlaqələri qurmalıdırlar.

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın azaldılması, eləcə də
vergidən yayınma ilə mübarizə məqsədilə ölkənin iqtisadi və
sosial inkişafını dəstəkləyən yeni bir vergi sistemi qurulur

- IOTA-ya üzv ölkələr bu sahədə əldə edilmiş təcrübədən necə yararlanır?

- Biz IOTA üzvlərinə texniki hadisələrin geniş kataloqunu vaxtında və praktik mövzularla təklif edirik. Məsələn, 2019-cu ildə vergilərin ən mühüm növlərini, ictimaiyyətə göstərilmiş vergi xidmətlərinin keyfiyyətini, informasiya texnologiyaları sahəsində innovativ layihələri və vergi orqanlarının qarşısında duran insan resursları problemlərini əhatə edən müxtəlif vergi qanunvericiliyinə uyğun təkliflərlə müraciət etdik. Üzvlərimizin vergi idarələrində sistemlərin və mexanizmlərin inkişafını əks etdirən və IOTA-nın əsas hadisələrinin nəticələrini ümumiləşdirən çoxlu nəşrləri var. Ən əsası da texniki sorğu xidmətimiz fəaliyyət göstərir ki, üzvlərimiz istənilən məsələ ilə bağlı onları maraqlandıran məsələlərlə bağlı cavab ala bilərlər.

- Azərbaycanda vergi sisteminin inkişafı və tətbiq olunan vergi islahatlarını necə qiymətləndirirsiniz?

- Vergilər Nazirliyi sürətlə irəliləyən və yeni texnologiyalardan ən çox istifadə edən vergi administrasiyasının gözəl nümunəsidir. Burada qanunvericilik islahatları və "kölgə iqtisadiyyatı"nın azaldılması, eləcə də vergidən yayınma ilə mübarizə məqsədilə ölkənin iqtisadi və sosial inkişafını dəstəkləyən yeni bir vergi sistemi qurulur. Mövcud vəziyyəti dəyişməyə istiqamətləndirilən islahatların həyata keçirilməsi həmişə çətindir. Bununla belə, islahatların tətbiqi güclü idarəetməni və əməkdaşların iştirakını labüdləşdirir. Bu ilin fevral ayında Bakıya səfərim zamanı müşahidə etdiklərimə əsasən, əminliklə deyə bilərəm ki, Azərbaycanın Vergilər Nazirliyi müasir çağırışların öhdəsindən layiqincə gələcəkdir.

- IOTA ilə Vergilər Nazirliyi arasında əməkdaşlığın perspektivləri barədə fikirlərinizi bilmək istərdik. Sizcə, vergi strukturlarının gücləndirilməsini, beynəlxalq ticarətin və xarici investisiyaların təşviq edilməsini və bu əməkdaşlıq çərçivəsində vergitutma sahəsində ən yaxşı təcrübələrin tətbiq edilməsinə dəstək olmaq üçün hansı addımlar atılmalıdır?

- Azərbaycan artıq 17 ildir ki, IOTA-nın üzvüdür və təşkilatın İcraiyyə Şurasında ardıcıl olaraq 3 il (2013-2016) təmsil olunub. Ölkənin IOTA-nın 2018-2022-ci illər üzrə strategiyasının hazırlanmasında, Baş əlaqələndirici şəxslərin 26-cı Forumunun təşkil edilməsində iştirak edib, hazırda isə İnnovativ Kommunikasiyalar Forumunun keçirilməsi ilə bağlı hazırlıq işlərində iştirak edir. Bundan başqa, nazirlik IOTA-nın bir sıra tədbirlərinə, o cümlədən bu yaxınlarda keçirilmiş və vergilər nazirinin yaddaqalan açılış nitqi ilə çıxış etdiyi "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda forumuna ev sahibliyi edib. Əminəm ki, bizim qarşılıqlı əməkdaşlığımız gələcəkdə daha da genişlənəcəkdir.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?